Əlaqəli yazılar

Exceldə Find and Replace menyusunun bilinməyən faydaları

Exceldə Find and Replace menyusu bir sıra əməliyyatları qısa müddətdə yerinə yetirmək üçün əlverişli vasitədir.

Bir neçə belə nümunə ilə tanış olaq:

Xana istinadlarının dəyişdirilməsi

Bəzən funksiyalarla işləyərkən hamısında xana istinadlarını dəyişmək ehtiyacı yaranır. Məsələn, aşağıdakı cədvəldəki kimi bütün funksiyalarda istinad olunan $A$1 xanasını $B$1 ilə əvəz etməli olsaq, ardıcıllıqla bu əməliyyatlar icra olunur:

  • Menyudan Go to Home –> Find and Select –> Replace seçimi edir və ya Ctrl+H düymələrini sıxırıq.
  • Açılan pəncərədə Find what yazısının qarşısındakı qutuya $A$1, Replace with yazısının qarşısındakı qutuya isə $B$1 yazırıq.
  • Replace all əmrini icra edirik. Beləliklə, $A$1 xanasına bütün istinadlar $B$1 xanasına istinad ilə əvəz olunur.

Növbəti sətirə keçidin ləğv edilməsi

Excel xanasında növbəti sətirə keçid etmək üçün Alt + Enter kombinasiyasından istifadə edilir. Bu əməliyyatı geri qaytarmaq, yəni növbəti sətirə keçidi ləğv etmək üçün əksər istifadəçilər bir-bir xanalara daxil olub əllə silirlər. Belə xanaların sayı çox olarsa, bu, uzun müddət tələb edir. Bunun daha sadə yolu isə Find and Replace menyusu vasitəsilə mümkündür. Bunun üçün ardıcıllıqla bu əməliyyatlar icra olunur:

  • Menyudan Go to Home –> Find and Select –> Replace seçimi edir və ya Ctrl+H düymələrini sıxırıq.
  • Açılan pəncərədə Find what yazısının qarşısındakı qutuya Ctrl+J kombinasiyasını daxil edirik (yanıb-sönən işarə görünür).
  • Replace with yazısının qarşısındakı qutuya isə boşluq işarəsi (Space bar) yazırıq.
  • Replace all əmrini icra edirik. Beləliklə, bütün xanalardakı növbəti sətirə keçidlər ləğv edilir.

Mötərizədəki məlumatların silinməsi

Böyük məlumat bazası ilə işləyərkən mötərizə içərisində yazılmış məlumatları silmək üçün ardıcıllıqla bu əməliyyatlar icra olunur:

  • Menyudan Go to Home –> Find and Select –> Replace seçimi edir və ya Ctrl+H düymələrinə sıxırıq.
  • Açılan pəncərədə Find what yazısının qarşısındakı qutuya (*) kombinasiyasını daxil edirik. Bu işarə mötərizə içərisində yazılmış istənilən məlumatı əks etdirir.
  • Replace with yazısının qarşısındakı qutuya heç nə yazmırıq, onu boş buraxırıq.
  • Replace all əmrini icra edirik. Beləliklə, mötərizə içərisində yazılmış bütün məlumatlar silinir.

Formatın dəyişdirilməsi

Mövcud xana formatlarının dəyişdirilməsi üçün də Find and Replace menyusundan istifadə olunur. Məsələn, arxa fonu yaşıl rəngdə olan bütün xanaların arxa fon rəngini çəhrayı ilə əvəz etmək üçün ardıcıllıqla bu əməliyyatlar icra olunur:

  • Menyudan Go to Home –> Find and Select –> Replace seçimi edir və ya Ctrl+H düymələrini sıxırıq.
  • Açılan pəncərədə Options düyməsinə klikləyirik və dialoq pəncərəsi genişlənir.
  • Find what yazısının qarşısındakı Format düyməsinə klikləyirik. Burada iki seçim var: Format və Choose Format from Cell. Format seçimi edərək özümüz formatı müəyyənləşdirə bilərik. Mövcud xanalardan birinin formatını seçmək üçün isə Choose Format from Cell seçimini edib müvafiq xanaya klikləyirik. Edilən seçim Format düyməsinin önündə görünür.
  • Əvvəlki formatın əvəz olunacağı formatı seçmək üçün Replace with yazısının qarşısındakı Format düyməsi vasitəsilə istənilən formatı seçirik. Edilən seçim Format düyməsinin önündə görünür.
  • Replace all əmrini icra edirik. Beləliklə, qeyd olunan formatdakı bütün xanalar yeni formata keçir.

Qeyd. Əgər bu əməliyyatların bütün xanalara deyil, yalnız müəyyən xanalara tətbiq edilməsini istəyirsinizsə, əməliyyatların icrasından əvvəl həmin xanalar toplusunu seçmək lazımdır.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar