İnsan resursları peşəkarları pandemiya və sonrakı inflyasiya, iqtisadi geriləmə dövrlərində təşkilatların idarə edilməsində mühüm rol oynadılar. Başqa sözlə, insan resursları peşəkarları təşkilatlara böyük təsir göstərə bilər. 2023-cü ildə iş yerlərində formalaşacağı gözlənilən 11 HR tendensiyasının bəziləri artıq bir müddətdir davam edir, lakin son proseslər onları sürətləndirir. Bir hissəsi isə təşkilatların etməli olduğu və bəzi hallarda hələ də üzləşdiyi kəskin dəyişikliklərin nəticəsidir.
İşçilərin rifahına diqqət
2023-cü il üçün ilk HR tendensiyası ondan ibarətdir ki, təşkilatlar işçilər arasında yaxınlaşan tükənmişlik böhranı üçün daha çox məsuliyyət daşıyacaqlar. Çünki bu, təşkilatın davamlılığına təhlükə yaradır.
İlk addım HR-ın öz tükənmişlik böhranını aradan qaldırması olacaq. Bu, başqalarına kömək etməyə diqqət yetirməli olan HR təbiətinə zidd olsa da, HR mütəxəssisləri əvvəlcə öz oksigen maskalarını taxmalıdırlar. Əks halda, təşkilatın qalan hissəsinə kömək edə bilməyəcəklər.
Daha sonra isə, HR-dan daha proaktiv yanaşma gözlənilir. Bu, zehni, fiziki və maddi rifaha diqqət yetirən vahid rifah yanaşmasının formalaşdırılmasını nəzərdə tutur.
İşçi qüvvəsi ekosistemlərinin idarə edilməsi
HR ənənəvi olaraq daimi işçilərə diqqət yetirsə də, podratçılar, müddətli işçilər və təchizat zənciri tərəfdaşları üçün işləyən işçilər kimi digər işçi növləri şirkətin xidmət göstərməsində getdikcə daha mühüm rol oynayır. 2023-cü il HR-ın daimi işçilərdən kənarda mürəkkəb işçi qüvvəsi ekosistemini idarə etməyə başlayacağı ildir.
Uber sürücüsüz ən böyük taksi şirkətidir, Airbnb mülkləri olmayan ən böyük otellər şəbəkəsidir, YouTube, Netflix və TikTok kimi platformalar isə məzmunun yaradılmasının çox hissəsini autsorsing edir. Bu şirkətlər biznesə töhfə verən müxtəlif şəxslərdən asılıdır. HR bu şəxsləri öz işçi təcrübələrinin bir hissəsinə çevirməkdə mühüm rol oynayır.
Uzaqdan və hibrid iş strategiyalarının yenidən müəyyənləşdirilməsi
Pandemiyanın gedişində iş şəraiti dəyişdi. “McKinsey”ə görə, pandemiya təşkilatlarda rəqəmsal transformasiyanı üç-dörd il sürətləndirdi. Və işçilər buna uyğunlaşdılar. Hibrid iş müasir iş mədəniyyətinin bir hissəsinə çevrildi.
İşçilər aydın ünsiyyət və modern siyasətə ehtiyac duyurlar. 2023-cü ildə HR mütəxəssislərin işin necə, harada və nə vaxt görüləcəyi ilə bağlı aydın prinsiplər müəyyənləşdirəcəyi gözlənilir. Onlar bu mövzuda müzakirələri təşviq edəcək və təşkilatları müvəqqəti olsa belə (müxtəlif iş yeri strategiyalarını araşdırdıqları üçün), qərarlar qəbul etməyə sövq edəcəklər.
CHRO-nun (chief human resources officer – insan resursları rəhbəri) inkişaf edən rolu
COVID-19 pandemiyası, Ukraynadakı müharibənin ilk günləri və artan inflyasiya kimi böhran dövrlərində idarə heyəti rəhbərlik etmək və sualları cavablandırmaq üçün CHRO-ya müraciət etdi. Nəticədə, HR 2020-ci ilin əvvəlindən diqqət mərkəzindədir. Əksər təşkilatlarda CHRO siyasətlər, biznesin davamlılığı, işçilərin təhlükəsizliyi və məhsuldarlığı ilə bağlı idarə heyətinin iclaslarında müzakirələrə rəhbərlik etmişdir. Bundan əlavə, CHRO ətraf mühit, sosial və korporativ idarəetmə məqsədlərinə rəhbərlik etmək üçün məsuliyyət daşıyır. 2023-cü il CHRO-nun idarə heyətinin əvəzolunmaz hissəsi və CEO-nun əsas məsləhətçisi kimi mövqeyini möhkəmləndirəcəyi il olacaq.