Əlaqəli yazılar

360 dərəcə performans dəyərləndirməsi

Performans dəyərləndirməsi performans idarəetmə sisteminin tərkib hissəsidir. Təşkilat daxilində işçilərin fəaliyyəti mütəmadi olaraq qiymətləndirilir.

İşin keyfiyyətini yüksəltmək məqsədilə işçilərin performansının dəyərləndirilməsi zamanı istifadə olunan üsullardan biri də 360 dərəcə performans dəyərləndirməsidir. Dəyərləndirmənin bu növündə işçinin fəaliyyəti zamanı ünsiyyətdə olduğu hər kəs – komanda yoldaşları, rəhbərləri, tabeliyində olan şəxslər, hətta bəzən müştərilər, tərəfdaşlar, təchizatçılar – onun haqqında rəy bildirir və dəyərləndirmə prosesində həmin rəylərdən istifadə olunur. Bu üsulla işçinin çatışmazlıqlarını müəyyənləşdirib onu müvafiq sahədə inkişaf proqramlarına yönləndirmək mümkündür.

Nümunə. Satış departamenti departament rəhbəri, regional bölmə rəhbərləri, satış menecerləri və satış nümayəndələrindən ibarətdir. 360 dərəcə performans dəyərləndirməsində satış menecerləri haqqında təkcə regional bölmə rəhbərləri yox, həm də onlara tabe olan satış nümayəndələri rəy bildirəcəklər. Regional bölmə rəhbərlərinin qiymətləndirilməsində isə departament rəhbəri ilə yanaşı satış menecerləri də iştirak edəcəklər.

360 dərəcə performans dəyərləndirməsinin üstünlükləri:

• İşçinin yerinə yetirdiyi işin ümumi mənzərəsini formalaşdırır;

• İşçinin bacarıqları müxtəlif baxış bucaqlarından qiymətləndirilir;

• Rəylərin əsasında işçinin inkişafı üçün yeni təlim proqramları hazırlana bilər;

• İşçi rəylərə əsaslanaraq öz çatışmazlıqları üzərində işləyə bilər.

360 dərəcə performans dəyərləndirməsinin çatışmazlıqları:

• Qərəzli rəylər qiymətləndirməyə təsir göstərə bilər;

• Bu cür qiymətləndirmə daha çox keyfiyyət xarakterli olur və kəmiyyət performansı arxa plana keçir.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar