Paste Special (Xüsusi əlavə et)

Paste Special menyusu vasitəsilə xüsusi köçürmə əməliyyatlarını icra etmək olar. Bu menyunun aktivləşməsi üçün mütləq Mübadilə qrupunda məlumatlar olmalıdır. Qısa yol olaraq “Ctrl + Alt + V” əmri icra edilir.

Paste Special (Xüsusi əlavə et) menyusunun əmrlərini öyrənmədən əvvəl nəzərə almaq lazımdır ki, bu menyu vasitəsilə bir xananın xüsusiyyətlərini köçürəcəyimiz xanalara tətbiq edə bilərik. Bunun üçün ilkin olaraq hər bir xanaya və ya cədvələ aid hansı xüsusiyyətlərin mövcud olduğunu nəzərdən keçirək. Həmin xüsusiyyətlər aşağıdakılardır:

1) Xanada olan funksiya. Yuxarıdakı şəkildə D2 xanasını nümunə kimi götürsək, “=B2*C2” funksiyası xananın saxladığı funksiyadır.

2) Xanada olan dəyər. D2 xanasında görünən 105 ədədi bu xananın saxladığı dəyərdir.

3) Xananın formatı. Format dedikdə, xananın arxa fonunun, şriftinin rəngi, şriftin yazılma üslubu (bold, italic, underline), kənar sərhədləri, xanada mətnin yerləşmə yeri (solda, sağda, ortada və s.) və s. başa düşülür.

4) Xanaya yazılmış rəylər (Comment). A2 xanasına yazdığımız “Bu məhsulu yenidən sifariş etmək lazımdır” ifadəsi həmin xanaya rəy kimi əlavə edilmişdir.

5) Xanaya tətbiq edilmiş məhdudiyyətlər. Xanaya yazılan məhdudiyyətlər barəsində Data (Verilənlər) panelində Data Validation (Verilənlərin məhdudlaşdırılması) alt menyusundan ətraflı məlumat əldə edə bilərsiniz. İlkin olaraq, qeyd edək ki, məhdudiyyət kimi xanaya yazılan məlumatın müəyyən aralıqda olmasını, müəyyən siyahıdan seçilməsini və s. tətbiq etmək olar. Mələsən, A2 xanasına yalnız 0-10 arasında ədədlərin yazılmasını istəyəriksə, bu işi Data Validation (Verilənlərin Məhdud–laşdırılması) alt menyusu vasitəsi ilə icra etmək olar.

6) İşçi səhifəsinə (worksheet) tətbiq edilən mövzuların (theme) xüsusiyyətlərinə uyğun olaraq xanada olan dəyişikliklər.

7) Xanaya yazılan məlumatların formatları (valyuta, tarix, tam ədəd, mətn tipli və s.).

Xanaların 7 əsas xüsusiyyətini yuxarıda bir-bir sadaladıq. İndi isə baxaq Paste Special (Xüsusi əlavə et) menyusunun hansı əmrləri var.

Paste Special (Xüsusi əlavə et) menyusunun aşağıdakı 12 seçimi mövcuddur:

All (Hamısı)

Bu seçimi etməklə seçilən xanaların hər bir xüsusiyyəti köçürülən xanalara tətbiq edilir. Yəni bu halda bir xanada olan funksiya, dəyər, format, rəy və məhdudlaşdırmalar digər xanalara eyni anda köçürülmüş olur.

Formulas (Funksiya)

Bu seçimi etməklə yalnız xanada olan funksiyaları digər xanalara köçürmək, şamil etmək olar.

Values  (Dəyərlər)

Bu seçimi etməklə bir xanada mövcud olan funksiyadan azad olmaq və ya xanadakı məlumatı göründüyü kimi (funksiyasız) digər bir xanaya köçürmək olar. Əgər yuxarıdakı cədvəldə D2 xanasındakı dəyəri (105-i) E2 xanasına köçürmək istəsək, bu əmrdən istifadə etməliyik. Əks halda E2 xanasına C2*D2 funksiyasının nəticəsi 735 yazılmış olacaq.

Formats (Formatlar)

Bu seçimi etməklə seçilmiş xanaların formatını eynilə digər xanalara da tətbiq etmək olar. Bu hissə Format Painter (Nümunəyə görə formatla) hissəsi ilə eyni işi yerinə yetirir. Yəni bir xanadakı formatı (arxa fonun rəngi, şriftin üslubu, xananın kənar çərçivələri və s.) başqa xanaya tətbiq etmək istəsəniz, həm bu, həm də Format Painter (Nümunəyə görə formatla) əmri ilə qeyd edilən işi yerinə yetirə bilərsiniz.

Comments (Rəylər)

Bu əmri yerinə yetirməklə bir xanada olan rəyi digər bir xanaya da şamil etmək olar.

Validation (Məhdudiyyət)

Bir xanadakı məhdudiyyəti başqa xanaya tətbiq etmək üçün istifadə edilir. Biz A3 xanasına məhdudiyyət tətbiq etmişdik. Əgər siz xanaya məhdudiyyət qoymamısınızsa, bu barədə Data (Verilənlər) panelinə aid olan bölmələrdən ətraflı oxuya bilərsiniz. A3 xanasında olan məhdudiyyəti A4 xanasına tətbiq edək. Bunun üçün, A3 xanasının üzərinə gəlib, “Ctrl + C” qısa yolundan istifadə edərək məlumatları Mübadilə qrupuna əlavə edək. Sonra A3 xanasının üzərinə gəlib “Ctrl + Alt + V” qısa yolundan istifadə edək. Açılan Paste Special (Xüsusi əlavə et) pəncərəsində Validation (Məhdudiyyət) hissəsinin qarşısına işarə qoyub OK düyməsinə klikləyək. Beləliklə, A3 xanasında olan məhdudiyyəti A4 xanasına tətbiq etmiş olduq.

All using Source theme (Mənbədəki mövzuda olanın hamısı)

Bu əmr bir neçə işçi kitabı ilə işlədiyimiz zaman aktual olur. Fərz edək ki, siz daha əvvəl bir işçi kitabında işləmisiniz və həmin kitabda özünüzə məxsus bir mövzu (theme) seçmisiniz. Əgər həmin mövzunun xüsusiyyətlərini öz cədvəlinizdə tətbiq etmisinizsə, bu xüsusiyyətləri həmin işçi kitabından hazırda işlədiyiniz işçi kitabına əlavə edə bilərsiniz. Bu mövzunu daha yaxşı öyrənmək üçün Page Layout (Səhifə tərtibatı) panelində Mövzular (Themes) bölməsini oxumağınız tövsiyə edilir.

All except borders (Kənar çərçivələrdən başqa hamısı)

Bu əmr bir xananı və ya cədvəli başqa yerə köçürərkən kənar sərhədlərindən başqa bütün xüsusiyyətlərini köçürmüş olur.

Column width (Sütunun eni)

Bu əmrin köməkliyi ilə bir sütunun eni başqa sütuna tətbiq edilir. Məsələn, deyək ki, siz 1-ci işçi səhifəsində hazır bir cədvəl formatı hazırlamısınız. Eyni cədvəli 2-ci işçi səhifəsinə köçürəndə cədvəlin sütunlarının eni 1-ci səhifədə olduğu kimi köçürülmür. Bu problemi həll etmək üçün birinci cədvəlin sürətini aldıqdan (copy) sonra 2-ci işçi səhifəsində olan cədvəlin üzərinə gəlib Paste Special (Xüsusi əlavə et) bölməsindən Column width (Sütunun eni) əmrini icra etmək lazımdır.

Formulas and number formats (Funksiyalar və xana tipləri)

Bu əmr bir xanada olan həm funksiyanı, həm də həmin xananın tipini başqa xanaya köçürür. Bu hissəni daha yaxşı öyrənmək üçün Xana tipləri barədə olan mövzunu oxumağınızı tövsiyə edirik.

Values and number formats (Dəyərlər və xana tipləri)

Bu əmr vasitəsilə həm dəyərlər, həm də xanaların tipləri başqa xanalara köçürülür.

All merging conditional formatting (Birləşdirilmiş şərtli formatların hamısı)

Bu əmr vasitəsi ilə köçürülən xanada və köçürəcəyiniz xanada olan şərtli formatlamalar birləşdirilir. Məsələn, fərz edək ki, A1:A10 xanasında cüt ədədlərin şərtli formatlanması həyata keçirilmişdir. B1:B10 xanalarında isə 10-dan böyük ədədlərin şərtli formatlanması reallaşdırılıb. Əgər A1:A10 xanalarındakı şərtli formatlama bu metodla B1:B10 xanalarına köçürülərsə B1:B10 xanalarında iki şərtli formatlama – 10-dan böyük cüt ədədlərin şərtli formatlanması gerçəkləşdirilər.

Biz yuxarıda xüsusi əlavə etmə (Paste Special) qrupundakı köçürmə növlərinə görə bir-birindən fərqlənən 12 əmri öyrənmiş olduq.

İndi isə xüsusi əlavə etmə menyusunun Operation (Əməliyyat) blokuna baxaq.

Bu bölməni daha yaxşı mənimsəməyimiz üçün cədvəlimizi bir qədər də sadələşdirək. Fərz edək ki, biz anbardakı məhsulların sayını özündə formalaşdıran bir hesabat hazırlamışıq.

Real nümunələr üzərində Operation (Əməliyyat) blokuna daxil olan 4 əmri izah edək:

 

Add (Toplama)

Bu əmrlə köçürülən xanadakı ədədlər seçilən xanadakı ədədlərin üzərinə gələrək cəmlənir. Məsələn, yuxarıdakı cədvəldə məhsulların anbardakı sayı yazılıb. Biz sayma işini yerinə yetirərkən, anbara yenidən 5 kitab, 2 karandaş gəlir və bu məlumatları C sütununda müvafiq adların qarşısına qeyd edirik.

Bizə lazımdır ki, C sütununda olan məlumatlarla B sütununda olan ədədlərin üzərinə gələrək elə B sütununda yazaq. Bunun üçün C sütunundakı müvafiq xanaları (C2:C4) seçərək sürətini alaq (Copy) və B2:B4 xanalarının üzərinə gələrək “Ctrl + Alt + V” qısayolundan istifadə edək. Açılan pəncərədə Add (toplama) seçimini edək.

Gördüyünüz kimi, C sütundakı məlumatları B sütununa əlavə etmiş olduq. İndi rahatlıqla C sütunundakı məlumatları silə bilərik.

Əgər diqqət etdinizsə, B sütununun xanalarının kənar çərçivələri pozulmuş oldu. Səbəb isə C sütunundakı məlumatları B sütununa əlavə edəndə yuxarı hissədə All (Hamısı) əmri seçilmiş vəziyyətdə idi. Biz həmin hissədə Value (Dəyər) seçimini etsəydik, xanaların kənar çərçivələri olduğu kimi qalacaqdı.

Substract (Çıxma)

Bu əmrdən surəti alınmış xanadakı ədədləri köçürülən xanadan çıxmaq üçün istifadə edilir. Fərz edək ki, biz anbardakı məhsulları saymışıq və aşağıdakı kimi məlumatlar olan bir cədvəl hazırlamışıq:

Bu məlumatlar hazırlandıqdan sonra anbardan satış olduğunu nəzərə alaraq həmin məlumatları müvəqqəti olaraq C sütununda qeyd edək.

C sütunundakı məlumatların dəqiqliyinə əmin olduqdan sonra satılan məhsulları cədvəlimizdən çıxaq. Bunun üçün C2:C4 xanalarının nüsxəsini alıb B2:B4 xanalarını seçərək Paste Special (Xüsusi əlavə et) menyusunda yuxarı hissədə Values (Dəyərlər), aşağı hissədə isə  Substract (Çıxma) seçimlərinin qarşısına işarə qoyaq. OK düyməsinə kliklədiyimizdə aşağıdakı kimi nəticə əldə etmiş olarıq:

C sütunundakı məlumatları silsək, nəticə istədiyimiz kimi olacaq.

Multiply (Vurma) və Divide (Bölmə)

Biz bu iki əmri öyrənməklə, Operation (Əməliyyat) blokunun necə işlədiyini bilmiş olduq. Belə ki, Multiply (Vurma) dedikdə xanalardakı məlumatların hasilini, Divide (Bölmə) dedikdə isə köçürülən xanadakı ədədlərlə seçilən xanadakı məlumatların qismətini tapa bilərik.  Bu hissəni asanlıqla özünüz sərbəst şəkildə tətbiq edə bilərsiniz.

Qeyd: Bu bölmələrdə izah etdiyimiz Anbar nümunəsi həddindən artıq sadə bir hesabat formasıdır. Real nümunələrdə bu daha professional şəkildə hazırlanır. Bizim bunu sadə şəkildə izah etməkdə məqsədimiz isə hər kəs üçün başa düşülən etməkdir.

Transpose (Sətir və sütunların yerinin dəyişdirilməsi)

Bəzən hesabat hazırlayarkən, sətir və sütunların yerinin dəyişdirilməsi kimi bir qərar alına bilinər. Bunu əl ilə etmək həm qeyri-professionallıq, həm də əlavə vaxt itkisidir. Bundan əlavə insan faktorunun olması da çoxlu səhvlər deməkdir. Bu işi iki yolla – həm statik (birdəfəlik), həm də dinamik (yenilənə bilən) şəkildə yerinə yetirmək mümkündür. Aşağıdakı nümunədə bu yollar izah edilmişdir:

a)Sətir və sütunların yerini statik (birdəfəlik) dəyişmək üçün Paste Special (Xüsusi əlavə et) menyusunda olan Transpose (Sətir və sütunların yerini dəyiş) əmrindən istifadə edilir. Bunun üçün sətir və sütunlarının yerini dəyişdirmək istədiyimiz cədvəli seçərək surətini (Ctrl + C) alaq. Sonra o cədvəli yerləşdirmək istədiyimiz yerdə bir xananı seçək. Paste Special (Xüsusi əlavə et) menyusundan Transpose (Sətir və sütunların yerini dəyiş) əmrini seçək. Statik şəkildə sətir və sütunların yerini dəyişəndə 1-ci cədvəldə edilən hansısa dəyişiklik 2-ci cədvəldə öz əksini tapmır.

b)Dinamik (yenilənə bilən) şəkildə sətir və sütunların yerini dəyişdirmək üçün ilk növbədə hansı cədvəldə bu işi yerinə yetirəcəyiksə, həmin cədvəlin sətir və sütunların sayı tapılır (Bizim nümunədə 4 sətir və 2 sütun var). Sonra isə yerini dəyişdiyimiz cədvəlin sətirlərinin sayı qədər sütun, sütunların sayı qədər isə sətir seçilir.

Sonra siçanı D1 xanasına vurmadan =TRANSPOSE(A1:B4) funksiyası yazılaraq “Ctrl + Shift + Enter” düymələri eyni anda sıxılır. Əldə edilən nəticə isə aşağıdakı kimi olacaq:

Əgər kitabın sayını birinci cədvəldə dəyişib 55 etsək, onun ikinci cədvəldə də dəyişdiyini görəcəyik.

Beləliklə, həm statik, həm də dinamik şəkildə cədvəldəki sətir və sütunların yerini dəyişmiş olduq.

Skip Blanks (Boşluqları nəzərə alma)

Bu əmr vasitəsilə boşluqları nəzərə almadan köçürmə əməliyyatlarını icra edə bilərik. Bunu da praktiki nümunə üzərində izah edək. Fərz edin ki, sizə anbardakı məlumatları özündə saxlayan aşağıdakı kimi bir cədvəl təqdim edilmişdir və siz bu cədvəldəki məlumatların həqiqəti əks etdirmədiyini bilmiş və anbarın yenidən sayılmasını işçilərinizə tapşırmısınız.

Onlar da öz növbələrində anbardakı faktiki sayları C sütununda qeyd ediblər.

Siz məlumatları yoxladıqdan sonra C sütununda olan ədədləri B sütununda qeyd etmək istəsəniz, köçürüləcək xanaları (C2:C4) seçib B2:B4 xanalarının üzərinə gələrək Paste Special (Xüsusi əlavə et) pəncərəsində yuxarı hissədə Values (Dəyərlər), aşağı hissədə isə Skip Blanks (Boşluqları nəzərə alma) seçimini edin.

Ok düyməsinə kliklədikdən sonra aşağıdakı kimi nəticə əldə edəcəksiniz:

Şəklə diqqət etdinizsə, məlumat olan xanalar köçürülüb (Kitab və Telefonun sayı dəyişib), Karandaşın sayı isə olduğu kimi qalıb. Əgər biz Skip Blanks (Boşluqları nəzərə alma) əmrindən istifadə etməsəydik, Karandaşın sayı hissəsinin boş olduğunu görəcəkdik.

Paste Link (Linkvari Köçür).

Bu əmr vasitəsi ilə  köçürülən cədvəl köçürülmüş cədvəldən birbaşa olaraq asılı olur. Yəni 1-ci cədvəldə etdiyimiz dəyişiklik 2-ci cədvəldə öz əksini tapır.

Paste As Picture (Şəkil kimi köçür)

Exceldə xanaları şəkil kimi köçürmək üçün statik (birdəfəlik) və dinamik (yenilənə bilən) üsullar mövcuddur.

  • Statik yolla şəkil kimi köçürməyi öyrənək. Bunun üçün cədvəli seçək. Sonra şəkli hansı hissəyə əlavə etmək istəyiriksə, həmin hissəyə gəlib Paste menyusunun aşağısında olan ox işarəsini klikləyək. Açılan pəncərədə Paste Picture seçimini edək.

Bu düyməyə kliklədikdən sonra görəcəyik ki, aşağıda sol hissədə olan cədvəl şəkil kimi sağ hissəyə köçürülmüşdür. Əgər soldakı cədvəl dəyişdirilərsə, sağda bu öz əksini tapmır.

  • Dinamik şəkildə xananı şəkil kimi köçürmək istəsək, bu zaman Paste Linked Picture (Linkvari şəkil kimi köçür) seçimini etmək lazımdır. Bu da şəkli eyni qaydada köçürür, lakin dediyimiz kimi 1-ci cədvəldə etdiyimiz hər hansı məlumat dəyişikliyi 2-ci cədvəldə öz əksini tapır.

Əgər fikir verdinizsə, Paste Special (Xüsusi əlavə et) menyusuna həm Paste (Köçür) menyusunun altındakı ox işarəsində, həm də Paste Special (Xüsusi əlavə et) bölməsinin içərisində rast gəldik. Ayrı-ayrı yerlərdə olması onların fərqli işlər görməyi anlamına gəlmir. Belə ki, Microsoftun məhsullarında bir əmrə bir neçə yerdə rast gəlmək mümkündür. Bu da istifadəçi rahatlığını təmin etmək üçün düşünülmüşdür.

Mübadilə qrupundakı məlumatları görmək istəsək, bunun üçün qrupun aşağı sağ hissəsində olan ox işarəsinə klikləmək lazımdır.

Bu pəncərə açıldıqdan sonra hansı məlumatı köçürmək istəyiriksə, onun üzərinə gələrək siçanın sol düyməsini klikləmək kifayət edir.

Bu əmrləri istifadə edərkən istifadəçilər tərəfindən ən çox edilən səhvlər aşağıdakılardır:

  1. Xanaların üzərinə gəlmədən köçürmə əməliyyatlarını icra etmək istəyirlər. Bu zaman Paste (Köçür) əmri aktiv olmur. Buna səbəb isə Mübadilə qrupunda heç bir məlumatın olmamasıdır.
  2. Xanalar heç bir məlumat olmadan Paste Special (Xüsusi əlavə et) menyusunu aktivləşdirə bilmirlər. Bu da 1-ci maddədə qeyd edilən problemlə əlaqədardır.
  3. Sətir və sütunların yerini funksiya ilə dəyişmək istədikdə xanalar seçildikdən sonra heç bir xananın üzərinə gəlmədən “=transpose()” funksiyası yazılmalıdır. İstifadəçilər isə əksər vaxt xanaları seçdikdən sonra yenidən bir xananı seçərək eyni funksiyanı yazırlar. Bu da yalnız həmin xana üçün yerdəyişmə işini yerinə yetirir.
  4. Sətir və sütunların yerini dəyişərkən “Ctrl + Shift + Enter” əmrini icra etmək əvəzinə, ancaq Enter əmrini yerinə yetirirlər. Bu da əmrin ancaq bir xana üçün yerinə yetirilməsinə səbəb olur.
  5. Məlumatları kəsdikdən (Cut) sonra Paste Special (Xüsusi əlavə et) menyusunu aktivləşdirmək istəyirlər. Bu zaman Mübadilə qrupunda məlumat olmadığından əməliyyat düzgün yerinə yetirilmir.

Əgər onlayn dərslərə davam etməkdə nizam-intizamlı deyilsinizsə, “INNAB”-ın ofisində peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə keçirilən təlimlərə də qatılmaq imkanınız var. innab.org saytına daxil olaraq təlimlərimizə qeydiyyatdan keçə, peşəkar komandamızın üzvləri tərəfindən keçirilən, iştirakçılar tərəfindən yüksək məmnuniyyət qiyməti alan kurslarda iştirak edə bilərsiniz. Öyrənmək üçün bəhanə saxlamadıq! Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var.

Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə,

– youtube kanalımıza http://bit.ly/2uHsiIL),

– bloqumuza (http://innab.org/),

– facebook (https://www.facebook.com/innab.org/),

– linkedin (https://www.linkedin.com/school/10683873),

– instagram (https://www.instagram.com/innab__org) səhifəmizə abunə olmaqla

həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz. Peşəkar inkişafınızı təxirə salmayın, öyrənməyə elə indi başlayın! Əlavə məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya və ya “INNAB”-ın facebook səhifəsinə (https://www.facebook.com/innab.org/) yaza bilərsiniz.