9 qutu matrisi işçinin təşkilata cari və potensial töhfəsini müəyyənləşdirən fərdi dəyərləndirmə alətidir. Matrisin şaquli oxu (sütunlar) işçinin potensialını, üfuqi oxu (sətirlər) isə işçinin cari performansını göstərir (işçinin performansı gözləntiləri aşır, gözləntiləri qarşılayır və ya gözləntilərdən aşağıdır). Sütunlar və sətirlərin kəsişməsi işçinin hazırkı yerini və inkişaf ehtiyacını müəyyənləşdirir.
Bu matrisdən təşkilatdakı potensial liderləri müəyyənləşdirmək məqsədilə əsasən istedadların idarə edilməsində və davamçıların yetişdirilməsində istifadə olunur.
Matrisdəki qutular aşağıdakıları ifadə edir:
Potensialı yüksək, performansı gözləntiləri üstələyən işçilər. Bu işçilər təşkilatın ən dəyərli işçiləri və gələcək liderləridirlər. Onları 6-12 ay ərzində liderliyə hazırlamaq lazımdır.
Potensialı yüksək, performansı gözləntiləri qarşılayan işçilər. Bu işçiləri daha yüksək vəzifələrə hazırlamaq üçün onlara gərilmə tapşırıqları vermək lazımdır (Gərilmə tapşırığı haqqında əvvəlki məqalələrdə məlumat vermişik).
Potensialı orta, performansı gözləntiləri üstələyən işçilər. Bu işçilər təşkilata kifayət qədər mühüm töhfə verirlər. Onların təşkilata bağlılığını qoruyub saxlamaq lazımdır.
Potensialı zəif, performansı gözləntiləri üstələyən işçilər. Bu işçilər karyera potensialının son həddinə çatsalar da, təcrübəli və dəyərli işçilərdir. Onlara diqqətlə yanaşmaq və fəaliyyət nəticələrinə görə mükafatlandırmaq lazımdır.
Potensialı yüksək, performansı gözləntilərdən aşağı olan işçilər. Bu işçilərin performansının 6-12 ay ərzində orta və yüksək səviyyəyə qaldırılması üçün kouç və ya mentor təyin olunmalıdır.
Potensialı orta, performansı gözləntiləri qarşılayan işçilər. Bu işçilərin performansını yüksəltmək üçün vəzifə səlahiyyətlərini genişləndirmək, onlara kouç təyin etmək olar.
Potensialı zəif, performansı gözləntiləri qarşılayan işçilər. Bu işçilər karyera potensialının son həddinə çatıblar. Potensialları zəif olduğu üçün onlara investisiya qoymaq müsbət nəticə verməyəcək. Onlara fərdi inkişaf planı hazırlayıb performanslarında inkişaf etdirə biləcəkləri məqamları göstərmək lazımdır. Əgər performans yüksəlməsə, onlar haqqında daha ciddi tədbirlər görülə bilər.
Potensialı orta, performansı gözləntilərdən aşağı olan işçilər. Bu işçilərin müəyyən qədər potensialları olsa da, performansları zəifdir. İlk növbədə bunun səbəbini aydınlaşdırmaq lazımdır. Bəlkə, onlar yeni işçilərdir və oriyentasiya prosesi düzgün təşkil olunmayıb. Bəlkə də, onlar gözləntilərin nədən ibarət olduğunu bilmirlər. Onlar üçün kouçinq tətbiq olunmalıdır. Əgər performansları yüksəlməsə, daha mürəkkəb qərarlar qəbul edilməlidir.
Potensialı zəif, performansı gözləntilərdən aşağı olan işçilər. Bu işçilər yanlış qərarın nəticəsində işə qəbul olunublar. Onlara investisiya qoymaq zaman, maliyyə və digər resursların itkisinə səbəb olur. Onları potensiallarına uyğun daha aşağı vəzifəyə keçirmək və ya təşkilatdan uzaqlaşdırmaq lazımdır.
Hazırladı: Madam Helpful