Müasir dövrdə təşkilatlarda təlimlərdən karyera inkişafı və istedadların idarə edilməsində geniş istifadə olunur. Təlimlərin planlaşdırılması və təşkili prosesini ifadə edən ADDIE modeli 5 mərhələni əhatə edir və bu mərhələlərin ingilis dilindəki adlarının ilk hərflərindən ibarət abreviaturadır: analysis (təhlil), design (dizayn), development (inkişaf), implementation (tətbiq), evaluation (qiymətləndirmə). Hər bir mərhələnin uğuru əvvəlki mərhələyə sərf olunan zaman, səy və resurslardan asılıdır.
Təhlil mərhələsində təşkilatın cari və arzuolunan performansı arasında fərqi müəyyənləşdirmək üçün məlumat toplanılır, təlim ehtiyaclarının təhlili aparılır və həmin ehtiyacları qarşılamaq üçün hədəflər müəyyən edilir. Təlim ehtiyaclarının təhlili 3 səviyyədə aparılır: təşkilat, vəzifə və fərd. Təşkilat səviyyəsində təhlil zamanı təşkilatda təlimə ehtiyac duyulan sahələr müəyyənləşdirilir. Məsələn, kadr axını yüksək, performansı zəif olan struktur bölmələr müəyyən olunur. Vəzifə səviyyəsində təhlil zamanı vəzifənin tələbləri ilə işçinin bilik və bacarıqları müqayisə edilərək inkişafa ehtiyac duyulan sahələr müəyyənləşdirilir. Məsələn, kağız blankların əllə doldurulması işi elektronlaşdırılıbsa, bu sahədə işçi təlimə ehtiyac duya bilər. Fərdi səviyyədə təhlil zamanı işçilərin performansının qiymətləndirilməsi əsasında kimin hansı təlimə ehtiyacı olduğu aydınlaşdırılır və fərdi inkişaf planı hazırlanır.
Dizayn mərhələsində təlim proqramı və onun tətbiqi strategiyası hazırlanır. Bütün vacib komponentlər, onların ardıcıllığı və hansı metodla təqdim ediləcəyi proqrama daxil edilir.
İnkişaf mərhələsində təlim proqramı daha detallı şəkildə əhatə edilir. Buraya hər bir təlim sessiyasının planı, məzmunu, çatdırılma metodu, keçiriləcəyi yer, istifadə olunacaq vasitələr, gözlənilən nəticə daxil edilir. Təlim materialları hazırlanır. Təlim büdcəsindən kənara çıxılmayacağına əmin olmaq üçün proqramın maliyyə dəyəri hesablanır.
Tətbiq mərhələsində proqram planlaşdırıldığı kimi icra olunaraq hədəf kütləyə çatdırılır.
Qiymətləndirmə mərhələsində təlimin effektivliyi ölçülür. Təlim ehtiyaclarının qarşılanıb-qarşılanmadığını müəyyənləşdirmək üçün təlim proqramının nəticələri qarşıya qoyulmuş hədəflərlə müqayisə olunur. İştirakçıların reaksiyası, yeni məlumatları yadda saxlama, yeni prosedurların tətbiqi, işilərin davranışında və təşkilati performansda dəyişiklik təlim nəticələrinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan göstəricilərdir. Təlim və insan resurslarının inkişaf proqramlarının qiymətləndirilməsi üçün ən geniş yayılmış model Kirkpatrik modelidir.
Hazırladı: Madam Helpful