“Ana arı sindromu” termini ilk dəfə 1970-ci illərdə istifadə olunub və yüksək vəzifəli qadınların digər qadın işçilərə qərəzli münasibətini ifadə edir. Qərəzli münasibətə digər qadınların görünüşü, bacarıqları haqqında mənfi fikirlər bildirmək, onlara kömək və ya mentorluq etməkdən, onlarla bilik və təcrübəsini bölüşməkdən imtina etmək, onların uğurlarını əhəmiyyətsiz kimi qələmə vermək aiddir. Kişilərin üstünlük təşkil etdiyi sahələrdə uğur qazanmış qadınlar başqa qadınların onun yerini tutacağından narahat olur və ya digərlərinin onun qədər bacarıqlı olmadığını düşünürlər. Ana arı sindromu əksər hallarda qadınlara aid edilsə də, bəzən səlahiyyətlərindən sui-istifadə edərək digər işçilərə zərər vuran bütün rəhbər şəxsləri ifadə edir.
Sindromun əlamətləri aşağıdakılardır:
• başqaları üçün çətin iş şəraiti yaratmaq;
• tabeliyində olan işçiləri təcrid etmək;
• işçilərin uğurlarını etiraf etməkdən çəkinmək;
• başqalarına yuxarıdan aşağıya baxmaq.
İş yerlərində ana arı sindromunun qarşısını almaq üçün bullinqə qarşı, açıq ünsiyyət siyasətləri tətbiq etmək, işçiləri ana arı sindromunu müəyyənləşdirmək və ona qarşı mübarizə aparmaq haqqında təlimatlandırmaq lazımdır.
Sindromun qurbanı olmamaq üçün yüksək vəzifəli qadınlar özlərində sindromun əlamətlərinin olub-olmadığını təhlil etməli, belə əlamətlər olduqda onların səbəblərini araşdırmalı, öz güclü və zəif cəhətlərindən xəbərdar olmalıdırlar.
Hazırladı: Madam Helpful