İşçilərin seçim prosesi şirkətin uğur qazanması üçün vacib amildir. İşçi seçimi zamanı verilmiş tələsik qərarlar mənfi nəticələr verir. Ona görə də bu prosesə aramla və diqqətlə yanaşmaq lazımdır.
İşçi seçimi incəsənətdir. O, portret çəkməyə və ya ləziz təam hazırlamağa bənzəyir. Nadir hallarda tələskənliyə yol vermək olar, amma əksər hallarda doğru qərar qəbul etmək üçün vaxt lazımdır.
Kiçik və ortamiqyaslı şirkətlərin bir çoxu yeni seçilmiş şəxsləri problemin həll yolu kimi görürlər. Əvvəlki işçinin vəzifəsi vakantdır və ya şirkət genişlənirsə, boşluğu doldurmaq lazımdır. Bu halda şirkətlər əmək bazarından birini seçərək onun problemin həlli yolu olduğunu düşünürlər. Bu yanaşma – onun işə yaramayacağı təqdirdə işdən azad edib başqa birini tapacağını düşünmək – tamamilə yanlışdır. Yanlış seçim baha başa gəlir. Bunun üç əsas səbəbi var:
1) Vaxt itkisi – seçim prosesi, ona hazırlıq, müsahibə, işə qəbul, yeni işçiyə təlim verilməsi çox vaxt alır;
2) Maliyyə itkisi – seçim və işə qəbul prosesinə çəkilən xərclər, yeni işçinin əməkhaqqısı, ona təlim vermək üçün çəkilən xərclər itirilir;
3) Məhsuldarlıq itkisi – yeni işçinin fəaliyyəti zamanı məhsuldarlığın zəif olması ilə yanaşı o, işdən ayrılandan sonra başqa işçi qəbul edilənədək aradakı müddətdə məhsuldarlıq olmur.
Yuxarıdakı əsas səbəblərdən əlavə, yanlış seçimlər nəticəsində kadr axınının çox olması şirkətin əməkdaşlarının əhvali-ruhiyyəsinə də mənfi təsir göstərir. Bu halda işçilərin performası və məhsuldarlığı zəifləyir, çünki işçilər növbətinin özləri olacağını düşünməyə başlayırlar. Mütəxəssislərin fikrinə görə, yanlış şəxsi işə qəbul etmək və daha sonra onu işdən azad etmək şirkət üçün onun illik əməkhaqqısının təxminən 3-6 mislinə başa gəlir. Bu isə məsələnin təkcə maliyyə tərəfidir. Kadr axını yüksək olan şirkətlərin mənfəəti az olur. Ən mənfəətli şirkətlərin kadr axını dərəcəsi illik 1-2% olur.
Brian Tracy “İşə qəbul və işdən azad etmə” (Hiring and Firing) adlı kitabında yanlış seçim əsasında işə qəbul edilmiş zəif performanslı işçiləri “bahalı”, onların əksinə, düzgün qərar nəticəsində seçilmiş yüksək performanslı işçiləri isə “havayı” adlandırır. Çünki yüksək performanslı işçilər aldığı əməkhaqqıdan daha çox fayda verirlər. Onlar ya mənfəəti artırırlar, ya xərcləri azaldırlar, ya da hər ikisini də edirlər.
Beləliklə, yüksək əməkhaqqı tələb edən istedadlı işçilər “bahalı” görünsələr də, əslində aşağı əməkhaqqıya razılaşmış zəif performanslı işçilər nəticədə daha “bahalı” olurlar. Ona görə də istedadlı şəxlərə yüksək əməkhaqqı ödəməkdən çəkinmək lazım deyil.
Müəllif: Madam Helpful