Əlaqəli yazılar

Be My Eyes

Sosial rifahın ən mühüm şərti empatiya qura bilməkdir. Bir anlıq təsəvvür edək ki, biz də görmə məhdudiyyətli şəxsik. Bir gün axşam yeməyi hazırlamaq üçün soyuducudan tomat konservi götürmək istəyirik. Orada 2 konserv var və biz bilirik ki, onlardan yalnız biri tomat konservidir. Bəs hansı?

Görmə məhdudiyyətli şəxs gündəlik həyatında bunun kimi bir çox problemlərlə rastlaşır, ancaq texnologiyanın inkişafı sağlamlıq imkanları məhdud şəxslər üçün daha əlçatan bir dünya yaradır. Sosial həyatın bütün imkanlarından yararlanmaqda onlara yardım edir və digər insanlardan asılılıqlarını minimuma endirir.

Dünyada sağlamlıq imkanları məhdud şəxslər üçün bir sıra mobil tətbiqlər yaradılıb. Onlardan biri də “Be My Eyes” mobil tətbiqidir. “Be My Eyes” görmə məhdudiyyətli insanlarla könüllülərin görüntülü zəng vasitəsilə əlaqə qurmalarını reallaşdıran mobil tətbiqdir.

Görmə məhdudiyyətli şəxs könüllünün yardımına ehtiyac duyduqda tətbiq bir çox könüllüyə bildiriş göndərir. Sorğuya cavab verən ilk könüllü istifadəçinin telefonunun arxa kamerası ilə görüntülü əlaqəyə girir.

Bu mobil tətbiqdə görmə məhdudiyyətli insanlar gündəlik işlərində könüllülərin köməyindən istifadə edirlər. Məsələn, hansısa məhsulun son istifadə tarixini öyrənmək və ya yerə düşmüş əşyanı tapmaq, paltarın hansı rəngdə olması və s. mövzular barədə könüllülərdən dəstək gözləyirlər. Könüllülər də bu tətbiq vasitəsilə onların gözü olurlar.

“Be My Eyes” mobil tətbiqi ilə yardım etmək insana çox yaxşı təsir edir. Kiməsə kömək etdikdən sonra özünü çox xoşbəxt hiss edirsən. Həmçinin bu, insana həyatındakı hər şeyə görə şükür etməyin lazım olduğunu xatırladır.

Müəllif: Aytən Cavadova

Əlaqəli yazılar