Əlaqəli yazılar

“Big Data fəlsəfəsi  bir seçim və ya inkişaf deyil, qaçılmaz məcburiyyətdir…”Novruz Həsənov

Hazırki dövrdə inkişaf edən texnoloji yeniliklər  məlumat əldə etməyi asanlaşdırıb əlçatan etsə də istifadə baxımından gözlənilən nəticələr hələ də əldə edilməyib. Təcrübələr göstərir ki, məlumatların əhəmiyyəti nə qədər çox olması ilə deyil, necə səmərəli istifadə edilməsi ilə bağlıdır. Məlumat əsaslı idarə etməyə önəm verən liderin  gücü, eyni zamanda təşkilatdakı dəyişikliklərin də  güc mənbəyidir. Rəqabət qabiliyyətini qorumaq üçün müəssisələrin  yüksək səviyyəli böyük verilənlər bazasını  düzgün idarə və istifadə üsullarına yiyələnməsi xüsusi önəm daşıyır.  Yaxşı idarə olunan etibarlı məlumatlar etibarlı təhlilə və etibarlı qərarlara səbəb olur. Mövzunun aktuallığını nəzərə alaraq bugünkü müsahibəmizi “Günümüzdə şirkət və qurumların məlumat əsaslı idarəetmə fəlsəfəsinə yiyələnmə prosesi” mövzusuna həsr etməyə qərar verdik. Mövzuyla bağlı həmsöhbətim “Azercell Telecom MMC-nin” Biznesin Təhlili bölümünün Eksperti Novruz Həsənovdur. Novruz bəylə gerçəkləşdirdiyimiz maraqlı və geniş məlumatları özündə əks etdirən müsahibəmizi sizə təqdim edir, eyni zamanda xoş mütaliələr arzu edirik.

  • Məlumat əsaslı qərar vermə nədir, əhəmiyyəti və üstünlükləri nədən ibarətdir?

İstənilən sahibkarlığın uğurlu və ya uğursuz olmağı, onun fəaliyyəti çərçivəsində verilən qərarlardan asılıdır. Sahibkarlığın ali məqsədi mənfəəti geniş vüsətli və davamlı etməkdir, buna nail olmaq üçün isə deyərdim ki, yeganə və ən düzgün strategiya; istehlakçıların, alıcıların və nəhayət, müştəri auditoriyasının sadə dillə desək “gecə və gündüzü” haqqında məlumatlı olmaqdan ibarətdir. İstəklər, tərzlər, ictimai axımlar, siyasi tendensiyalar hətta bəzən dini meyarlar kimi amillər sahibkar və onların müəssisələri tərəfindən daimi maraq dairəsində saxlanılan – məlumat ünsürləridir. Anlamaq vacibdir ki, bu nailiyyətlər böyük bir kəşfin nəticəsi deyil, günümüzdə adı yüksəkdən çəkilən “Big Data” (böyük məlumatların emalı) fəlsəfəsi  bir seçim və ya inkişaf deyil. Bu, sahibkarlar üçün qaçılmaz məcburiyyətdir. Nəyə görə insanlıq ənənəvi istehsalatdan əl çəkdi? Çünki tələb, təklifi qat qat aşmağa başladı və günümüzdə də həmçinin, həmin eyni sadə və primitiv ssenari baş verir. Öncə qeyd etdiyim kimi, adekvat insan və öz növbəsində sahibkar, hər zaman verdiyi qərarı sahibi olduğu məlumata əsasən verirdi. Sadəcə günümüzdə “oyunun şərtləri” bir az dəyişdi, veriləcək qərarların düzgün və uğurlu olması üçün sahib olduğumuz məlumatın həcmi bir fərdin anatomiyasının, daha düz ifadə tapmaq çətin olardı, bəli anatomiyasının göz, eşitmə, yaddaş, lap İQ səviyyəsi 200-dən yuxarı olan insan üçün belə həmin o yeganə düzgün qərarın verilməsi üçün tələb olunan məlumatı emal etmək qeyri mümkün bir tapşırıqdır. Elə bu yerdə köməyimizə tarix boyunca məlumatın emalına əsaslanan statistik-riyazi nəzəriyyə və informasiya texnologiyalarının təcrübəsi və inanılmaz sürətli inkişafı, biz insan-sahibkar, qərar sahiblərinin köməyinə gəlir. Siz sualınızda üstünlüklər barədə eşitmək istədiyinizi qeyd etdiniz. Mənim subyektiv reallığım isə odur ki,  məlumat əsaslı olmaq, günümüzdə üstünlük və ya rəqabətlilik qazanmağın bir üsulu deyil. Məlumat əsaslı olmaq,qarşıda gələn 10 və hətta deyərdim 5 il üçün bazarda “sağ qalmaq” üçün imperativ bir şərtdir. “Üstunlük” isə öz növbəsində məlumat əsaslı olub-olmamaqdan yox, məlumat əsaslı qərarvermə prosesinin özü-özlüyündə nə dərəcədə effektiv qurulmasından asılı olan bir amildir.

  • Təhsil və karyera imkanları baxımından vəziyyəti necə qiymətləndirərdiniz, sizcə bu sahədə üzrə ixtisaslaşmaq və uğur qazanmaq  üçün hansı prioritetlər əsas götürülməlidir?

Ali təhsil müəssisələrinin “çəhrayı eynək” effekti təəssüflər olsun ki, Biznes Təhlili sahəsindən də yan keçmədi. Sadəcə bu sahəmiz digər ənənəvi ixtisaslardan qat-qat cavan olduğundan, həmin effekt daha qüvvətli və tələfedicidir. Biznesin Təhlili üzrə mütəxəssis, yalnız lazimi texniki-nəzəriyyə  biliklərinin yeridilməsi, müxtəlif saysız hesabsız proqram təminatının öyrədilməsi hesabına yetişməli olan bir fərd deyil. Burada uğur, sahib olduğumuz nəzəri biliklərin dərinliyindən,  yazdığımız “skriptlərin” mürəkkəbliyindən və düzəldə bildiyimiz “dashboardların” zahiri gözəliyindən asılı deyil. Biznes sahibləri, müşahidə və direktor şuraları, kommersiya vahidləri Biznesin Təhlili bölümündən maddi və obyektiv dəyər gətirəcək qərarların verilməsində, məlumat əsaslı məşvərət və məsləhət verməyi gözləyir. Biznes Təhlili üzrə mütəxəssisdən fərdi satış üzrə mütəxəssisin təkbaşına aşkar edə bilməyəcəyi problemləri, bazar imkanlarını, gəlir artırma fürsətlərini ortaya çıxartmaq, proqnozlaşdırmaq imkanını gözləyirlər. Biznes Təhlili üzrə mütəxəssisin ali məqsədi, məlumat əsaslı qərarvermə prinsiplərini təbliğ və tətbiq etməklə çalışdığı qurumun uğuruna – yəni artmış mənfəətinə (İstehsalat və Logistika), bazar payına (Kommersiya), daha loyal müştəri bazasına (CVM), daha likvid aktivlərə (FİN), daha motivasiyalı və iş mühiti ilə razı işçi heyətinə (HR) gətirib çıxartmaqdır.  Aşılanacaq fikir və baxış tərzi bunlardır.

Nəzəri biliklərlə yanaşı, hətta deyərdim ki, onlardan öncə biznes üznsürlərinin quruluşu və iş prinsipləri, natiqlik və təqdimat qabiliyyətləri, emosional dərrakə kimi bilik sahələri mütləq keçirilməli və təyinatları izah edilməlidir. Nəzəriyyə və proqram təminatı isə sadəcə qeyd etdiyim bu “ali  məqsədlərin” nail olunması üçün Biznes Təhlili üzrə mütəxəssisin sahib olmalı vasitələrdir. Günümüzdə Biznesin Təhlili sahəsində özünü yetişdirmək istəyən fərdlərimiz üçün akademik təhsildən kənara çıxmaq şərtdir. Dediklərimdə, saysız hesabsız onlayn resursların istismarı; Datacamp, Coursera, 365DataScience kimi onlayn təhsil platformalarını; İxtisaslaşmış təhsil və kvalifikasiya mərkəzlərini və ödənişli əsaslarala olmasa da, məlumat emalı üzrə prosess və prosedurları əsaslı şəkildə qurulmuş korporativ mühitdə təcrübə proqramlarını və s.

  • Məlumat əsaslı qərar vermə prosesi necə həyata keçirilir və özündə hansı mərhələləri ehtiva edir?

İlkin mərhələrdə tələb olunan əsas ünsür, məlumat mənbələrinin təyin edilməsi, emal prosedurunun razılaşdırılması və məlumat bazasına daşınmasından ibarətdir. Beləliklə məlumat axınına nəzarətində mühüm rol oynayan “Extract, Transform, Load” (ETL) adlı prosesin  əsası qoyulur. Bu prosesin əsas təyinatı müxtəlif mənbələrdən gələn strukturlaşdırılmamış məlumat axınının ortaq prosedura uyğun şəkildə standartlaşdırılması və məlumat bazasına yerləşdirilməsindən ibarətdir.

Məlumat bazasının əsaslı qurulmasından sonra hesabatlılıq mərhələsi gəlir. Sahibkarlığın müxtəlif strukturlarının mütəmadi məlumatlı olmaq gərəkən məqamlar təyin edilir və saatlıq, günlük, həftəlik, aylıq və s hesabat, “dashboard” və “alarmları” son istifadəçilərə təqdim edir. Artıq burada son istifadəçi ona gələn məlumat ünsürlərinə istinad edərək öz gündəlik qərarlarını artıq sadəcə bilik və təcrübəyə deyil həm də məlumat əsaslı qərarlar verməyə başlayır.

Növbəti mərhələ, biznes strukturlarının daha geniş vüsətdə məlumat əsaslı qərar vermə praktikasına yiyələnməsinə təyinatlı olan Biznesin Təhlili üzrə bölümlər öz fəaliyyətinə başlayırlar. Onlar məlumat bazasından bilavasitə məlumat axınını çəkməklə və/ və yaxud Hesabatllılıq bölümlərinin istismara verdikləri hesabat və “dashboard” ünsürlərinə istinad edərək davamlı “məlumat əsaslı qərar vermə”-yə dəstək prosesinin təməlini qoyurlar. Onların vəzifəsi biznesin bütün sahələrindəki yeni imkanları aşkar etməkdə, effektivliyi/mənfəətliliyi artırmaqda, müştəri loyallığı barədə tədqiqatlar aparmaq kimi mütəmadi məşvərət və məsləhət funksiyasını yerinə yetirməkdən ibarətdir. İstismara götürülən alətlər isə bir tərəfdən statistik metodlar və proqram təminatı (SQL, Excel, Stata, R, Python, SAS və s.), digər tərəfdən isə əldə edilmiş nəticələr, şərhlər , təklif və məsləhətlərin   son istifadəçiyə maksimum rahat, qavranıla biləcək şəkildə  çatdırmaq üçün təyinatlı metodologiya və yenə də proqram təminatıdır (MS Word, MS PowerPoint, Flask, Shiny, PowerBI, Tableau, Markdown və s.)

  • Bu istiqamətində hansı texnoloji yeniliklər mövcuddur?

Əminəm ki hamımız günümüzdə bir dəfə də olsa həmin o  böyük yenilik haqqında eşitmişik. Bu yenilik statistik modelləşdirmənin Biznesin Təhlili praktikasına daxil edilməsidir. Əsas istifadə yükü “open-source” tipli proqram təminatlarına düşür hansı ki, Python və R-dır. Günümüzün Biznes Təhlili üzrə mütəxəssisləri sahibkarlıqların gözlənilən   risklərini və yeni imkanlarını zamanından öncə təyin etmək kimi prosesləri mürəkkəb statistik modellər vasitəsi ilə reallaşdırır. Əslində bilavasitə statistik modelləşdirmə ilə məşğul olan mütəxəssisləri “Data Scientist” yəni Məlumat Elmləri üzrə mütəxəssis vəzifəsi altında ayırırlar. Bu strukturda müəyyən bir məntiq var. Ən azından bu sahə yetəri qədər cavan və yayılmamış olduğundan Data Scientist-lərin boyunlarına düşür. Ancaq mən bu sahənin Biznesin Təhlilindən ayrı bir sahə kimi qəbul etmirəm, çünki Data Science-in da əsas məğzi məlumat əsaslı qərarvermənin təşkil olunmasından ibarətdir. Sadəcə burada cürbəcür məlumat mənbələrinə əsaslanan təhlillər, biznes strukturları ilə davamlı ünsiyyət, onların istək və biznes ehtiyaclarından ibarət fəaliyyət yox, davamlı olaraq həmin istəkləri qarşılamağa təyinatlı statistik modellərin istismara verilməsi və onların təkmilləşdirilməsindən ibarət fəaliyyət vardır. Biznes dünyasından kənar fikirləşsək, Data Scientistlər insanlığı süni zəkaya aparan yolu qururlar, artıq  görüdüyümüz kimi bəzi uğurlara da qədəm qoyulub. Səsli assistentlər, çatbotlar, pandemiya zamanı hərarətə nəzarət edən kameralar və s.

  • Biznesin Təhlilində görülən işlərin təhlili və qiymətləndirilməsi necə həyata keçirilir?

Biznesin Təhlili bölümlərinin effektivliyi biznesdə baş verən inkişaf, təkmilləşmə və irəliləyiş dərəcəsi ilə ölçülür. Təhlil üzrə Mütəxəssislərin qarşısına qoyulan hədəf və tapşırıqların maksimal obyektiv və ölçülməyə yararlı olması düzgün dəyərləndirmənin həyata keçirilməsi üçün mütləq bir şərtdir. Biz Sizinlə artıq Biznes Təhlili bölümlərinin qarşısında duran məqsədlərdən söz  açmışdıq. Bunların sırasından satışın həcmi, keyfiyyəti, gəlir və mənfəət effektivliyi və yaxud xərclərin optimallaşdırılması, müştəri fəallıq və loyallıq göstəriciləri, maliyyə stabilliyi və aktivlərin likvidliyi, insan resurslarına dair mühüm hədəf göstəriciləri, müştəri xidmətləri çərçivəsində effektivliyin artırılması və s. kimi ünsürləri misal gətirmək olar. Dəyərləndirmə ölçü vahidi də vacib bir amildir. Artım illik və aylıq müqayisə əsasıdamı olmalıdır? Ədədi ortalama və ya median göstəriciyəmi əsaslandırılmalıdır deyə soruşsanız? Bu cür vacib aspektlər mütləq ki, qurum daxili Biznes Təhlili bölümlərinin rəhbər heyəti və müvafiq səlahiyyətli nümayəndə heyətindən öncədən razılaşdırılıb təyin edilməlidir. Üstəlik, qiymətləndirmə prosesinin proseduru da rəsmi qaydada tərtib edilməli və vertikal/horizontal təsdiq proseslərindən keçməlidir.

  • Qeyd edilən məlumat-əsaslı qərarvermə fəlsəfəsində ən çox rast gəlinən çətinliklər və mövcud risklər hansılardır?

Bütün risk meyarları məlumat axınına nəzarət, məlumat güvənilirliyinin təmin olunması və məlumat bazasında mövcud dəyişənlərin düzgün tərif olunması ətrafında cərəyan edir. Bu istiqamətlərin davamlı və effektiv təşkil olunması “Data Governance” yəni Məlumat İdarəçiliyi mütəxəssislərin bilavasitə vəzifəsidir. Bu əməkdaşların iş rutini ondan ibarətdir ki, məlumat axınının vertikal istiqamətdə aşağıdan yuxarı, bütün bölümlərlə davamlı kommunikasiya saxlamaq şərti ilə, qurumun sahib olduğu məlumat axınının bütövlük, etibarlılıq və müxtəliflik prinsiplərinə davamlı şəkildə təşkil edilməsinə nəzarət etməkdir.

Çətinliklərə gəldikdə isə, biz rast gəlinən problemləri 3 hissəyə ayıra bilərik: Texniki, Məlumat İdarəçiliyi əsaslı və məlumat axınının “Son İstifadəçilər” mərhələsində rast gəlinən. Texniki mənbəli çətinliklər qurumun texniki resurslarının mütəmadi daxil olan məlumatın həcminə uyğun olan texniki avadanlığın mövcud olmaması hallarını nəzərdə tutur. ETL prosesinə, qurulan dashboardlara, alınıb quraşdırılan amma  “yüklü” proqram təminatına  tap gətirməyən server blokları və düzgün sazlanmayan əməliyyat sistemləri bu sıraya daxildir. Məlumat İdarəçilliyi əsaslı çətinliklər öz növbələrində bazada mövcud verilənlərin təriflərinin aydın olmayan şəkildə verilməsi, müxtəlif cədvəllərdə saxlanılan məlumatların düzgünlüyü barədə sualların yaranması (dublikatlar, məlumat sürüşməsi, verilənlərin format uyğunsuzluğu, xüsusilə söhbət DateTime və timestamp (tarix/zaman) tipli məlumatlardan gedirsə) və nəhayət, məlumat ünsürlərinin düzgün təşkili məsələlərinin ortaya çıxmasından irəli gəlir.

“Son İstifadəçi” tərəfindən qaynaqlanan çətinliklərə gəldikdə isə  sadəcə məlumat əsaslı idarəetmə fəlsəfəsinə skeptik yanaşma məsələsinə toxunmayacam. Korporativ mühit bütün bu danışdığımız radikal yeniliklərə adaptasiya prossesi keçməlidir. Lakin,  heç də önəmsiz məsələ olmayan məqam Biznesin Təhlili üzrə mütəxəssisin son istifadəçiyə təqdim etdiyi təklif, məsləhət, məşvərət ünsürlərinin tam dəyərini son istifadəçiyə çatdırmaqdan ibarətdir. Söhbət skeptik olmaqdan getmir. Biznes Təhlili üzrə mütəxəssis misal üçün  çiyinləri arxasında illərlə ənənəvi satış təcrübəsi olan əməkdaşa, rəhbərə, müşahidə şurasının üzvünə öz hesabat, dashboard və ya təhlilinin daşıdığı dəyəri qavranabiləcək şəkildə və tam formada çatdırmağı bacarmalıdır. Elə belə məqamlarda öncə qeyd etdiyim natiqlik, emosional zəka, təqdimat və stressə davamlılıq kimi qabiliyyətlər, Biznes Təhlili üzrə mütəxəssis üçün əsl dəyərləri ortaya çıxarır.

  • Yerli və əcnəbi təcrübəyə nəzər yetirsək, hansı korporativ uğur hekayələrini sadalamaq mümkündür?

Bu uğurlar saysız hesabsız olaraq qalır. Hər birimiz bu uğur hekayələri ilə heç olmasa gündə 1 dəfə də olsun birbaşa “təmasda oluruq”. Sosial şəbəkələr (Facebook, İnstagram, Linkedin), qlobal online alış-veriş saytları (Amazon, Ebay, Aliexpress), avtoban yolunun yaşayış məntəqələri və satış nöqtələrinə məsafədən asılı olaraq müxtəlif yerlərində “məqsədyönlü” şəkildə quraşdırılmış reklam banerləri, supermarketlərdə malların stellajlarda “məqsədyönlü” quraşdırılması (ABŞ-ın Wallmart, Almaniyanın Edeka, Rusiyanın Pyatorochka, Azərbaycanda isə  Bravo şəbəkələri), Telekommunikasiya sferasının xüsusi təklif və “nöqtəvi” tətbiq edilən endirim kampaniyaları. Bunların hamısı Biznesin Təhlili və Məlumat Elmləri səhələri mütəxəssilərinin birgə səyləri nəticəsində ortaya çıxan həllərdir. Bu həllər öncəki sualınızda müzakirə etdiyimiz  davamlı gəlirə və azalmış xərclərə, daha uzunmüddətli müştəri loyallığı və kompliment məhsullarının müştəri bazası üzrə düzgün  paylanması kimi mühüm biznes tapşırıqlarının nəinki asanlaşması, hətta bəzən tam insan ünsüründən azad olub avtomatlaşdırlmasına gətirib çıxarır.

  • Qurumların məlumat əsaslı idarəetmə fəlsəfəsinə yiyələnməsi üçün ilkin zəruri tədbirlər sırasına hansı punktlar daxildir?

Əsas mərhələlər kimi bunları saymaq olar:

Mövcud və sahibkarlığın fəaliyyəti əsnasında əlavə ediləcək məlumat mənbələrinin təyin edilməsi. Onların növü (Relational/Non-relational tipli məlumat axını), rutin məlumat həcmi (dəqiqəlik, saatlıq, günlük), meta-məlumatın mövcud olub olmaması (mövcud deyilsə yazılma zərurəti) və istismar istiqamətləri;

ETL (Çıxarma, Standartlaşdırma, Daşınma) və məlumat bazasının təşkili barədə prosedur sənədinin tərtib və müvafiq qaydada səlahiyyətli tərəflərlə razılaşdırılıb, təsdiq edilməsi;

Rutin hesabat axının təşkili və təkmillərşdirilməsi prosedurun tərtibatı və eyni qaydada prosedurun yazılması və təsdiq olunması;

Statistik modellərin tərtib edilmə vizyonu və strategiyasının qurulması. Tələb olunan mənbə və törəmə tipli dəyişən lüğətlərinin tərtibatı. Son istifadəçilərə kommunikasiya və müvafiq icrahat prosesinin tərtib edilməsi;

Təhlil təşəbbüslərinin tezliyi, seçilmiş istiqamətlər və son istifadəçilər ilə kommunikasiya praktikasının razılaşdırılması. Verilmiş təklif sənədləri, Alarm (həyəcan) bildirişləri və məşvərət aktlarının gündəmə çıxarılma və icrahat prosedurlarının tərtibatı.

  • Şəxsi təcrübənizə nəzər yetirsəz bu sahəyə yeni başlayalar üçün nə kimi tövsiyyələr verərdiniz ?

Şöhrət, pafos və prestij dalınca qaçmasınlar. Öncəki suallarınızda qeyd etdiyim “biznes meyilli olmaq” fəlsəfəsinə yiyələnsinlər. Texniki biliklərinin inkişafı üzrə isə, fərdi strategiyalarını tərtib etsinlər. Akademik təhsildən kənara çıxsınlar, amma bununla belə anlamaq vacibdir ki, akademik təhsildən kənardakı fəaliyyətində də, çaşmaq və yenə də yanlış inkişaf yoluna düşmək çox asandır. Hər bir anda öyrənməyi seçdikləri, öyrənməkdə olduqları bilik və bacarıqların onlara bilavasitə necə, nə cür və hansı miqyasda lazım olacağı barədə məlumatlı və əmin olsunlar. Əks halda bütün səylər və əziyyət sadəcə vaxt itkisi, demotivasiya və LinkedIn oturum səhifəsini bəzəməkdən başqa heç bir işə yaramayan sertifikatlara gətirib çıxaracaq. Düzgün gələcəyə baxış və seçilmiş inkişaf strategiyası bir müddət keçəndən sonra ilkin mərhələdə istənilən həmin o şöhrət və prestiji bərabərində gətirəcək.

Müsahibəni hazırladı: Gülçin Mahmudzadə

Əlaqəli yazılar