VLOOKUP funksiyasının ilk parametri olan axtarılan dəyər (lookup value) böyük və kiçik hərflərə həssas deyil. Məsələn, lookup value olaraq INNAB, Innab və ya innab yazmağımızdan asılı olmayaraq funksiya onları eyni məlumat kimi tanıyır və necə yazılmasından asılı olmayaraq uyğun gələn ilk dəyəri qaytarır.
Cədvələ nəzər salaq. Cədvəldə A5, A7 və A9 xanalarına eyni məlumat müxtəlif formalarda (Nuray, NURAY, nuray) yazılmışdır. E2, E3 və E4 xanalarında hər birinin topladığı müvafiq balı =VLOOKUP(D2;$A$2:$B$9;2;0) funksiyası ilə axtarmağa çalışsaq, hər üçünün nəticəsi 39 olacaq. Çünki bu funksiya hərflərin böyük və ya kiçik olmasını nəzərə almadan siyahıda ilk rast gəlinən Nuray yazısına uyğun nəticə qaytarır. Bu problemi digər funksiyaların köməyi ilə həll edərək hər birinə uyğun müvafiq nəticəni almaq mümkündür.
Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla icra etmək lazımdır.
- Axtarılan məlumatın yerləşdiyi sütunun soluna köməkçi sütun əlavə edirik.
- Köməkçi sütuna =ROW() funksiyasını daxil edərək hər bir xananın sətir nömrəsini tapırıq.
- F2 xanasına VLOOKUP(MAX(EXACT(E2;$A$2:$A$9)*(ROW($A$2:$A$9)));$B$2:$C$9;2;0) funksiyasını daxil edirik və həmin funksiyanı F3, F4 xanalarına da tətbiq edirik (aşağı çəkməklə). Hər bir yazılışa uyğun nəticə alınır. Funksiyanı daxil etdikdə Enter deyil, Ctrl+Shift+Enter düymələrini birlikdə sıxmaq lazımdır.
Yazdığımız funksiyanın izahı ilə tanış olaq:
- EXACT(E2,$A$2:$A$9) – bu funksiya E2 xanasındakı məlumatı A2:A9 xanalarındakı məlumatlarla müqayisə edir. Eyni məlumatı tapdıqda TRUE, əks halda FALSE nəticəsini qaytarır. E2 xanasındakı məlumat yalnız A5 xanasındakı məlumatla eynilik təşkil etdiyindən nəticə {FALSE;FALSE;FALSE;TRUE;FALSE;FALSE;FALSE;FALSE} olacaq.
- EXACT(E2;$A$2:$A$9)*(ROW($A$2:$A$9) – bu hissədə hər bir xana üzrə EXACT funksiyasının nəticəsi ROW funksiyasının nəticəsinə vurulur. Exceldə FALSE dəyəri 0, TRUE isə 1 olduğundan funksiya {0;0;0;1;0;0;0;0}* {2;3;4;5;6;7;8;9} əməliyyatını yerinə yetirir və nəticə {0;0;0;5;0;0;0;0} olur.
- MAX(EXACT(E2;$A$2:$A$9)*(ROW($A$2:$A$9))) – funksiyanın bu hissəsi {0;0;0;5;0;0;0;0} nəticəsindən ən böyük rəqəmi seçir və bu halda 5 nəticəsini qaytarır.
- Beləliklə, biz VLOOKUP funksiyası vasitəsilə B sütununda 5 dəyərini özündə saxlayan xanaya müvafiq olaraq C sütununda axtarış aparırıq.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.