Şirkətlər və marketoloqların nəzərə aldıqları əsas amillərdən biri rəngdir. Rənglər müştərilərin hisslərinə təsir edə bilir.
Mavi (göy) rəng etibarlılıq hissi yaradır, peşəkarlıq və möhkəmliyi simvolizə edir. Mavi iştahanı azaltdığı üçün qida məhsullarının brendinqində çox istifadə olunmur. “Facebook”, “Panasonic”, “Ford” və “Samsung” loqolarında mavi və göy çalarlardan istifadə olunub.
Sarı rəng nikbinlik və xoşbəxtliyi simvolizə edir. Sarı vitrinlərə baxan alıcıların diqqətini cəlb edir. Bu rəng zehni prosesləri stimullaşdırır. Sarı iştahanı açdığı üçün qida məhsullarının brendinqində çox istifadə olunur. “McDonald’s”, “IKEA”, “Lipton” loqoları sarı rənglidir.
Yaşıl ekoloji cəhətdən təmiz məhsullar istehsal edən şirkətlərin sevimli rəngidir. Yaşıl həm də inkişafı ifadə etdiyi üçün maliyyə sektorunda da istifadə olunur. İnsan beyni yaşılı məhsuldarlıq, sakitlik, sağlamlıqla əlaqələndirir. “BP”, “MS Excel”, “Starbucks coffee” loqolarında yaşıl rəngdən istifadə olunub.
Narıncı rəng yaradıcılığı ifadə edir, uşaqların diqqətini tez cəlb edir, plansız alış-veriş edən müştəriləri hədəfləyir. Narıncı şən və özünə güvənən brend təəssüratı yaradır. “Fanta”, “Mozilla Firefox” loqolarında narıncı rəngə rast gəlirik.
Qırmızı diqqəti tez cəlb edir və nəbzi sürətləndirir. İştahanı açdığı üçün qida məhsullarının brendinqində qırmızıdan çox istifadə olunur. Qırmızı həm də endirimlərdə ən çox istifadə olunan rəngdir. “Coca Cola”, “Netflix”, “Colgate” loqolarında qırmızı rəng diqqəti cəlb edir.
Neytral rənglər (ağ, qara, boz) peşəkarlıq və yüksək keyfiyyəti ifadə edir. Qara rəng əsasən intellekti xarakterizə edir. Şirkətlər sadəliyi qoruyub saxlamaq üçün neytral rənglərə üstünlük verirlər. “Amazon” “Nestle” loqolarında neytral rənglərə rast gəlinir.
Başqa brendlərdən fərqlənmək üçün istifadə olunan rəngarəng loqolar fərqliliyi (fərqli insanlar, fərqli ölkələr və fərqli təkliflər) ifadə edir. Belə loqolar əsasən “Google”, “Microsoft”, “Ebay” kimi kompüter və internet əsaslı şirkətlər tərəfindən istifadə olunur.