Bumeranq işçi əmək münasibətlərinə xitam verildikdən bir müddət sonra yenidən işə qəbul edilən işçidir. “Linkedin”in statistikasına görə, bumeranq işçilərin sayı artmaqdadır. Belə ki, 2019-cu ildə bumeranq işçilər işə qəbul edilənlərin 3,9%-ni təşkil etdiyi halda, 2021-ci ildə bu göstərici 4,5% olmuşdur.
Ən yaxşı bumeranq işçilər yaxşı münasibətləri qoruyub saxlamaqla şirkəti tərk edənlərdir. Bəziləri ailə vəziyyəti ilə əlaqədar, digərləri isə yeni təcrübə qazanmaq və özünü başqa sahədə sınamaq üçün işdən ayrılır. Bir sıra təşkilatlar işdən ayrılan əməkdaşlarla (xüsusilə səriştəli əməkdaşlarla) münasibətləri qoruyub saxlayırlar. Hətta bəzi şirkətlərdə bu işlə məşğul olan əməkdaşlar olur. Onlar əvvəlki işçilərə vaxtaşırı elektron məktublar göndərir, şirkətdə baş verən mühüm məlumatları bölüşürlər. Bəzən isə şirkətlər virtual münasibətlərlə kifayətlənməyərək əvvəlki işçiləri illik sosial tədbirlərə dəvət edirlər.
Bumeranq işə qəbulun üstün cəhətləri aşağıdakılardır:
• İşə qəbul xərcləri azalır;
• Əməkdaş korporativ mədəniyyətə bələd olduğu üçün adaptasiya prosesi daha qısamüddətli olur və daha az xərc tələb edir;
• Əməkdaş digər şirkətdə qazandığı bilik və bacarıqlarla geri qayıdır;
• Əgər işçi rəqib şirkətdə işlədikdən sonra qayıdırsa, bazar haqqında əhəmiyyətli məlumatlar ilə geri dönür;
• Əvvəlki işçi könüllü şəkildə geri qayıtdığı üçün digər işçilərin şirkətə etibarı artır.
Digər tərəfdən bu cür işə qəbulun mənfi tərəfləri də var:
• İş yerində heç nəyin dəyişmədiyi düşüncəsi ilə geri dönən bumeranq işçilər dəyişikliklərə qarşı müqavimət göstərə bilərlər. İdarəetmədə, korporativ mədəniyyətdə mühüm dəyişikliklər baş veribsə, adaptasiya prosesi uzun çəkə bilər;
• Mövcud işçilərin keçmək istədiyi vəzifəyə əvvəlki işçilərdən biri gəldiyi üçün işçilər arasında münasibət korlana bilər.
Ümumilikdə isə, əksər hallarda bumeranq işçilər geri qayıdanda işə əvvəlkindən daha çox bağlı olurlar və daha yaxşı performans nümayiş etdirirlər.
Hazırladı: Madam Helpful