Əlaqəli yazılar

Çarpaz təlim

Çarpaz təlim işçilərin öz işlərindən əlavə başqa işləri də icra etməyə hazırlanmasıdır. Çarpaz təlim bir tərəfdən təşkilati performası yüksəldir, digər tərəfdən işçiləri həm gözlənilən, həm də gözlənilməz hallara hazırlayır. Çarpaz təlim işçilərə zəruri işin icrası üçün lazımi bacarıqları əyani şəkildə göstərərək öyrətmək və işçinin öyrəndiklərini praktiki tətbiq etməsinə şərait yaratmaqla həyata keçirilir.

Çarpaz təlimin əsas məqsədləri aşağıdakılardır:
📌 işçilərin bacarıqlarını artırmaq;
📌 təşkilat daxilində çevikliyi təmin etmək;
📌 işçilərə biznes əməliyyatlarını daha yaxşı anlamağa kömək etmək.

Çarpaz təlim işçiləri vacib işlərin icrasına hazırlayaraq zəruri hallarda onların irəli çıxmasına şərait yaradır və belə işçilərin dəyərini artırır. Dizayn və konsaltinq şirkəti olan “IDEO”nun icraçı direktoru Tim Braun çarpaz təlim keçmiş işçiləri “T” şəkilli işçilər adlandırır. Belə işçilər bir sahədə ekspertdirlər (“T” hərfinin şaquli xətti), bir neçə başqa sahədə isə kifayət qədər biliyə sahibdirlər (“T” hərfinin üfüqi xətti).

Çarpaz təlim işçilərin bacarıqlarını artırır və onların gizli istedadlarını üzə çıxarır. Bu isə onları baş verə biləcək hadisələr hazırlayır. İşçilərdən biri xəstələndikdə, yaxud işdən çıxdıqda digər işçi onu əvəz edə bilir. Digər tərəfdən, başqa vəzifəni icra etməyə hazır olan işçinin vəzifədə yüksəlmə ehtimalı da yüksəkdir. Deməli, çarpaz təlim həm də davamçların yetişdirilməsi baxımından əhəmiyyətlidir. Vəzifədə yüksəlmə ehtimalı olan işçilərin isə işə bağlılığı artır və motivasiyası yüksəlir.

Çarpaz təlimin üstünlükləri ilə yanaşı mənfi cəhətləri də var. Çarpaz təlim proqramı işçilərə düzgün təqdim edilməzsə, onlarda iş yükünün artması fikri formalaşır. Bu halda işçiləri itirmək riski də meydana çıxır. Digər tərəfdən, həm də işçinin yeni işi öyrənmə dövründə öz işindəki məhsuldarlığı müvəqqəti olaraq zəifləyə bilər. Ümumilikdə isə düzgün təşkil edilmiş çarpaz təlim proqramının üstünlükləri çatışmazlıqlarından daha çoxdur və həm işəgötürən, həm də işçi üçün faydalıdır.

Hazırladı: Madam Helpful