Çıxış müsahibəsi işəgötürəni təmsil edən şəxslə (əksər hallarda İnsan resursları departamentinin rəhbəri, əməkdaşı və ya işçinin birbaşa rəhbəri) işdən ayrılan işçi arasında baş tutan məqsədyönlü müzakirədir. Bu müsahibənin məqsədi işçinin təşkilatı tərk etmə səbəbini aydınlaşdırmaq və onunla yaxşı münasibətləri qoruyub saxlamaqdır. İşdən çıxma müsahibəsi aşağıdakılara xidmət edir:
• Şirkətin siyasətinin yanlış və doğru tərəfləri ilə bağlı işəgötürəni məlumatlandırır.
• İşdən çıxan işçinin hansı şərtlər altında işdə qala biləcəyini müəyyənləşdirir.
• Gələcəkdə inkişaf etdiriləcək amilləri (məsələn, işə qəbul və seçim prosesləri, əməkhaqqı sistemi) müəyyənləşdirir.
• Yeni təşkilatın işçiyə təklif etdiyi əməkhaqqı və şərtlər barədə məlumat toplamaqla təşkilatın öz təkliflərinə müvafiq dəyişikliklər etməsinə yardım edir.
• Mobbinq və ya cinsi, irqi ayrıseçkilik kimi hallar mövcuddursa, onları müəyyənləşdirib aradan qaldırmağa yardım edir.
Təşkilatlar kadr axını problemini həll etmək üçün işçini işdən çıxmağa sövq edən “itələyici” və yeni təşkilata cəlb edən “çəkici” amilləri müəyyənləşdirməlidirlər. İşçi deyə bilər ki, ona yeni işində daha yaxşı əməkhaqqı və digər şərtlər təklif edildiyi üçün hazırkı işindən ayrılır. Bəs onu yeni iş axtarmağa sövq edən amillər nələrdir? “İtələyici” amillərə zəif rəhbərlik, bəzi həmkarlarla problemlər, məhdud karyera imkanları, aşağı əməkhaqqı, iş stabilliyinin olmaması aiddir.
Əgər müsahibə götürən tərəf işdən ayrılmağın əsas səbəblərini müəyyənləşdirmək üçün müvafiq suallar vermirsə, müsahibə öz mənası itirir. Bəzən isə işçi müəyyən problemlərə yol açacağını güman edərək əsl səbəbləri gizli saxlayır.
Bəzən çıxış müsahibələri sorğularla müşayiət olunur və işçilərdən əsas səbəbləri həmin sorğularda qeyd etmək xahiş olunur. Bəzi təşkilatlar isə sorğunu işçi təşkilatdan ayrıldıqdan sonra göndərir, çünki onların bu mərhələdə sorğunu cavablandırmaq ehtimalının daha çox olduğunu düşünürlər.
Çıxış müsahibələri təşkilatın miqyasından və fəaliyyət sahəsindən asılı olaraq fərqlənsə də, insan resursları üzrə mütəxəssislərin həmfikir olduğu 3 məqam var:
1) Təşkilatın çıxış müsahibələri ilə bağlı formal siyasəti olmalıdır.
2) Çıxış müsahibələri işdən könüllü ayrılan şəxslərlə aparılmalıdır. İşçilər ixtisar olunduqda və ya digər səbəblərlə işdən azad edildikdə yanaşma fərqli olur.
3) Çıxış müsahibəsi performans səviyyəsindən və təşkilatdakı stajından asılı olmayaraq hər kəsə tətbiq olunmalıdır.
Çıxış müsahibəsində aşağıdakı suallardan istifadə oluna bilər:
• Nəyə görə yeni iş axtarmağa başladınız?
• Sizi yeni iş təklifini qəbul etməyə nə sövq etdi?
• İşinizi icra etmək üçün lazımi şərait var idimi?
• Təşkilati mədəniyyəti necə təsvir edə bilərsiniz?
• Sizi burada saxlamaq üçün nələr edə bilərdik?
• Daha əvvəl narazılıqlarınızı kiməsə bildirmişdinizmi?
• Təşkilatda və ya işinizdə nələri dəyişərdiniz?
• İdarəetmə üsulundan razısınızmı?
• İşinizdə aydın hədəfləriniz var idimi?
• Performansınızı yüksəltmək üçün sizə rəy bildirilirdimi?
• Təlim və inkişaf proqramlarında nələrə diqqət yetirməliyik?
• Gələcəkdə yenidən burada işləməyi nəzərdən keçirərsinizmi? Hansı sahədə?
Hazırladı: Madam Helpful