Siz həmişə danışıqlarda düşündüyünüzdən də güclü olursunuz. Hətta bütün üstünlüyün qarşı tərəfdə olduğunu düşündüyünüzdü belə, onun istədiyi bir şey sizdə ola bilər və ya onun istədiyi elə bir şey tapa bilərsiniz ki, qüvvələr balansını sizin xeyrinizə dəyişər.
Danışıqlar prosesində gücünüzü artırmaq üçün bir neçə üsul var. Buraya hazırlıq, səlahiyyət, qarşı tərəfi tanımaq, empatiya, mükafatlandırma/cəzalandırma və investisiya daxildir.
Hazırlıq. Danışıqlara gedərkən nə qədər hazırlıqlı və bilikli olsanız, o qədər güclü olarsınız. Ev tapşırığınızı yerinə yetirin. Danışıqlar ustası Robert Ringer daşınmaz əmlak sahibi ilə danışıqlara mühasib, hüquqşünas və biznes menecer ilə getməyi məsləhət görür ki, qarşı tərəfdə müzakirə mövzusu üzrə kifayət qədər məlumatlı olmaq təsəvvürü formalaşdırasınız.
Səlahiyyət. Məhsulu və ya xidməti almaq və ya almamaq qərarını vermək səlahiyyətinin sizdə olduğunu göstərmək sizi güclü edir. Həmçinin, sizin qiymət və şərtlər barədə məlumatlı olmağınız qarşı tərəfi sizə daha yaxşı təkliflər etməyə sövq edir.
Qarşı tərəfin ehtiyaclarından xəbərdar olmaq. Qarşı tərəfin vəziyyəti barədə nə qədər çox məlumatlı olsanız, danışıqlarda o qədər güclü olarsınız. Qarşı tərəfin sizin təklif etdiyiniz məhsul və ya xidmətə çox böyük ehtiyacı olduğunu, ciddi maliyyə problemləri ilə üzləşdiyini, kreditə ehtiyacı olduğunu bilirsinizsə, siz mükəmməl sövdələşməyə nail olmaq üçün daha güclü mövqedəsiniz.
Empatiya. Bu, danışıqlar üzrə mütəxəssislərin, demək olar ki, bütün sahələrdə istifadə etdiyi üsuldur. Qarşı tərəflə yaxşı münasibətlər formalaşdırmaq üçün nə qədər çox səy göstərsəniz, qarşı tərəf yaxşı şərtlərlə danışıqlar aparmağa o qədər meyilli olacaq.
Mükafatlandırma və cəzalandırma. Əgər siz qarşı tərəfə fayda vermək və həmin faydanı geri götürmək iqtidarındasınızsa, onlar sizinlə iş görməyə, danışıqlar aparmağa daha maraqlı olacaqlar.
İnvestisiya. İnvestisiya dedikdə tərəflərin danışıqlar prosesinə sərf etdiyi vaxt və səy nəzərdə tutulur. Əgər siz bu prosesə 5 dəqiqə sərf etmisinizsə, bu, çox kiçik investisiyadır. Əgər razılaşma əldə etmək üçün 5 gün, həftə və ya ay işləmisinizsə, bu, yaxşı göstəricidir və qarşı tərəfdə yaxşı təəssürat doğurur. Hansı tərəf danışıqlara daha çox investisiya qoyursa, həmin tərəf güclüdür.
Müəllif: Madam Helpful