Dostlarla (və ya həmkarlarla, qohumlarla) iş müsahibəsi aparmağın həm mənfi, həm də müsbət tərəfləri var.
Müsahibədə sizdən obyektivlik tələb olunur, amma bu cür müsahibələrdə qarşı tərəfin zəif cəhətlərinə göz yumaraq və ya güclü tərəflərini nəzərə almayaraq ədalətsizlik edə bilərsiniz. Bundan əlavə dostunuzu işə qəbul etsəniz, onun məhz sizi tanıdığı üçün işə qəbul olunduğu və daha yüksək əməkhaqqı aldığı haqqında şayiələr gəzəcək.
Digər tərəfdən, dostlarla müsahibədə hər iki tərəf özünü daha rahat hiss edir və ən yaxşı şəkildə ifadə edə bilir. Əgər dostunuz öz bilik və bacarıqlarına uyğun olaraq şəffaf şəkildə işə qəbul edilsə, həm təşkilati mədəniyyətə və vəzifəyə uyğun, həm də sizi dəstəkləyən yeni komanda yoldaşı qazanacaqsınız.
İşə qəbul prosesində bütün namizədlərə bərabər imkanlar verilməlidir. Dostlarla şəffaf müsahibə aparmaq üçün aşağıdakı məsələləri nəzərə almaq lazımdır:
- Münasibətlərinizi bəyan edin. Dostunuzla müsahibə aparacağınızı bildikdə onunla tanışlığınızın müddəti və yaxınlıq dərəcəniz haqqında İnsan resursları şöbəsini məlumatlandırın, çünki bəzi təşkilatlarda maraqlar toqquşmasına yol açdığı üçün dostlarla müsahibə aparmağa icazə verilmir.
- İştirak edib-etməyəcəyinizə qərar verin. Qərəzsiz davranacağınıza şübhə edirsinizsə, müsahibədə iştirakdan çəkinin və ya müsahibəyə digər həmkarlarınızı da cəlb edin.
- Sərhədləri müəyyənləşdirin. Müsahibənin əvvəlində seçim prosesi, namizədlərin qiymətləndirilməsi və yekun qərarın kim tərəfindən veriləcəyi barədə dostunuzu məlumatlandırın.
- Qərəzli fikirlərdən çəkinin. Müsahibə zamanı düşüncə və qərarlarınıza tənqidi yanaşın. Məsələn, dostunuz heç vaxt bu sahədə işləməsə də, siz onun bu vəzifənin öhdəsindən gələcəyini düşünürsünüz. Bu zaman onun çatışmazlıqlarını nəzərə almadan işə qəbul etsəniz, qərəzli davranmış olacaqsınız. Yaxud dostunuzun yüksək potensialı olsa da, siz onun həyatda gördüyünüz bir mənfi cəhətinə fokuslansanız, hətta müsahibədən əvvəl onun şansını sıfıra endirəcəksiniz.
- Etik dilemmaları nəzərə alın. Dostlarla müsahibədə etik dilemmalarla qarşılaşa bilərsiniz. Məsələn, dostunuzun müsahibədə yanlış məlumat verdiyini bilsəniz, bunu açıqlayarsınızmı? Yaxud, dostunuz iş təcrübəsi haqqında danışanda, onun qeyd etmədiyi nailiyyətini qeyd edərsinizmi?
- Uzunmüddətli məqsədləri unutmayın. İşə qəbul ediləcək namizədin hansı vəzifəni icra edəcəyini və şirkətin ondan gözləntilərini unutmayın. Dostunuzla işləmək maraqlı ola bilər, amma ilk növbədə onun komandanın və təşkilatın uzunmüddətli hədəflərinə çatmağına töhfə verib-verməyəcəyi haqqında düşünmək lazımdır. Tələb olunan bilik və bacarıqlar aydın ifadə olunmuş vəzifə təlimatı və təşkilatın missiya və hədəflərinə bələd olmağınız bunu müəyyənləşdirməkdə sizə yardımçı ola bilər.
- Nəticəyə uyğun davranın. Dostunuz işə qəbul ediləcəyi təqdirdə komanda yoldaşlarınızın ona qarşı qərəzsiz davranmasını təmin edin. Bu cür hallarda komanda daxilində şübhələr yarana bilər. Bütün komanda üzvlərinə eyni cür yanaşacağınızı onlara izah edin ki, onların işə bağlılığı zəifləməsin. Dostunuz müsahibədən keçməyəcəyi təqdirdə ona pis xəbəri də çatdırmağa hazır olmalısınız. Bu hər iki tərəf üçün çətin olsa da, müsahibədəki performansı barədə onun üçün faydalı ola biləcək rəy bildirin və qərarın şəxsi münasibətlərlə əlaqəli olmadığını diqqətinə çatdırın.
Müəllif: Madam Helpful