Əlaqəli yazılar

Dunning-Kruger effekti

Danninq-Krüqer effekti insanların özlərini daha ağıllı və daha bacarıqlı olduqlarını düşünməsini ifadə edən anlayışdır. Əsasən də bilik və bacarıqları zəif olan şəxslər özlərini düzgün qiymətləndirmək qabiliyyətinə malik olmurlar.

1999-cu ildə David Dunning and Justin Kruger adlı iki sosial psixoloq tədqiqat aparır. Onlar bir qrup insanın yumor, məntiq və qrammatika üzrə bilik və bacarıqlarını və bu sahələrdə özlərini qiymətləndirməsini yoxlayırlar. Nəticədə məlum olur ki, iştirakçıların əksəriyyəti öz bilik və bacarıqlarını reallıqda olduğundan yüksək qiymətləndirmişlər. İştirakçıların test nəticələri azaldıqca onların özlərini qiymətləndirməsi yüksəlir və əksinə, test nəticəsi yüksək olanlar özlərini daha zəif qiymətləndirirlər. İkinci hal imposter sindromunu ifadə edir və bu haqda ötən həftələrdə məqalə hazırlamışdıq. Nəticələri zəif olanların özlərini yüksək qiymətləndirməsi isə Danninq-Krüqer effekti ifadə edir.

Bilik və bacarıqların kifayət qədər olmaması iki problem yaradır. Birincisi, şəxs fəaliyyət göstərdiyi sahədə yanlış qərarlar verir. İkincisi, şəxs öz bilik və bacarıqlarının yetərsizliyini anlaya bilmir. Buna görə də başqalarının özündən daha zəif olduğunu düşünür və onlardan öyrənmək imkanını nəzərə almır.

Danninq-Krüqer effektinin öhdəsindən necə gəlmək olar?

✍️ Təlim almaq. Araşdırma göstərir ki, müəyyən sahədə təlimlər bilmədiklərimizi üzə çıxarır və biliklərimizi daha düzgün qiymətləndirməyə imkan verir. Komanda daxilində başqalarından öyrənmək imkanımız daha çox olduğu üçün qrup şəklində təlimlər bu sahədə effektivdir.

✍️ Konstruktiv tənqid. Başqalarından bizi qiymətləndirməsini xahiş edə bilərik. Tənqid eşitmək çətin olsa da, çox vacibdir.

✍️ Bilikləri sorğulamaq. Sizə tanış olmayan yeni sahələri araşdırın.

Hazırladı: Madam Helpful