Əlaqəli yazılar

Ən yaxşı əmək qanunvericiliyi olan 5 ölkə

Hər bir ölkədə işçilərin hüquqları fərqlidir. Buraya həmkarlar ittifaqlarında birləşmək və tətillər keçirməkdən təhlükəsiz şəraitdə işləmək və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əlavə haqq almağa qədər müxtəlif hüquqlar daxildir. İşçilərin hüquqları baxımından ən yaxşı əmək qanunvericiliyi olan 5 ölkə aşağıdakılardır:

Avstriya

Bu ölkədə minimum əməkhaqqı qanunvericiliklə tənzimlənməsə də, bəzi sahələrin (məsələn, təhsil) işçiləri üçün minimum əməkhaqqı müəyyən olunmuşdur. Avstriyada analıq/atalıq məzuniyyətindən əlavə işçilərin 43 gün ödənişli məzuniyyət hüququ vardır. Ölkədə fiziki məhdudiyyətli işçilər üçün inklüziv mühit yaradılıb. Məşğulluq statistikası göstərir ki, hər 25 işçidən biri fiziki məhdudiyyətlidir.

Belçika

Belçikada da minimum əməkhaqqı vahid qanunla tənzimlənmir, yəni hər bir fəaliyyət sahəsi üzrə işçilər üçün minimum əməkhaqqı müəyyən olunur. Digər Avropa ölkələri ilə müqayisədə ən yüksək əməkhaqqı Belçikadadır. Lakin analıq/atalıq məzuniyyəti ilə bağlı vəziyyət bir qədər də yaxşılaşdırıla bilər. Yüz gündən artıq analıq/atalıq məzuniyyəti hüququ verən region ölkələri ilə müqayisədə Belçikada işçilərin 3 ay analıq məzuniyyəti, 10 gün atalıq məzuniyyəti hüququ var.

Danimarka

Ölkədə bütün sahələrə şamil olunan mimimum əməkhaqqı müəyyən edilməyib, işçilərin əməkhaqları kollektiv müqavilələrlə müəyyənləşir. İşə qəbul zamanı ayrı-seçkiliyə yol vermək və həmkarlar ittifaqına üzv olduğu üçün işçini işdən azad etmək qanunla qadağan olunub. İşçilərin hər il 25 gün ödənişli məzuniyyət hüququ var.

Finlandiya

Finlandiya işçilərə verilən analıq/atalıq məzuniyyəti hüququ ilə məşhurdur. Əvvəllər işçilərin 105 gün ödənişli analıq məzuniyyəti hüququ, 54 gün isə atalıq məzuniyyəti hüququ var idi. 2021-ci ildə qüvvəyə minən qanunvericiliyə əsasən, uşağın doğulmasına görə məzuniyyət hüququ 164 gün müəyyən edilib. Valideynlərdən biri öz məzuniyyətinin 69 gününü digəri ilə paylaşa bilər. Ölkədə həm də işçilərə həmkarlar ittifaqları yaratmaq və onlarda birləşmək, işdə sağlam ətraf mühit yaratmaq azadlıqları verilir. Finlandiyada da minimum əməkhaqqı sistemi olmasa da, sektorlar üzrə minimum əmək haqqı ədalətli kollektiv müqavilələrlə müəyyən olunur.

Almaniya

Ölkədə işçilərin hər il azı 20 gün ödənişli məzuniyyət hüququ var. Almaniya həm də minimum əməkhaqqına görə ilk beşlikdədir. Bir saat üçün əməkhaqqı 9,35 avrodur. Qadınların 13 həftə ödənişli analıq məzuniyyəti hüquq var, onun 6 həftəsini doğuşdan əvvəl istifadə etməyə icazə verilir. Uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün verilən məzuniyyəti atalar həyat yoldaşları ilə bölüşə, yəni uşaqla keçirilən vaxtı valideynlər öz aralarında balanslaşdıra bilərlər.

Müəllif: Madam Helpful

Əlaqəli yazılar