“Şüşə tavan” qadınların və azlıqların liderlik və idarəetmə vəzifələrini əldə etməsinin qarşısını alan görünməz baryeri ifadə edən anlayışdır. 1980-ci illərdə meydana çıxan bu ifadə ilk dövlərdə iş yerlərində yalnız qadınların qarşılaşdığı məhdudiyyətlərə aid edilsə də, sonradan karyeralarında problemlər yaşayan irqi və etnik azlıqlara da şamil edilməyə başlandı.
İrqi və gender bərabərsizliyi hələ də mövcuddur. “Pew Research Center” tərəfindən hazırlanan hesabata əsasən 2015-ci ildə ABŞ-da bütün qadınlar, irqi və etnik azlıqlar (Asiyalı kişilər istisna olmaqla) saatbaşına düşən median əməkhaqqıya görə ağdərili kişilərdən geri qalmışlar. “McKinsey” tərəfindən aparılan araşdırmalara əsasən, qadınların C-suite (izahı aşağıda) vəzifələrdə təmsil olunma nisbəti 2015-ci ildən 2019-cu ilədək 17%-dən 21%-ə yüksəlmişdir. Amma hələ də bütün sahələrdə qadınlar azlıq təşkil edirlər. İrqi və ya etnik azlıqlara aid olan qadınlar bu problemlə daha çox üzləşirlər. “McKinsey” qeyd edir ki, hər 5 C-suite vəzifədən birini qadın tutur, amma hər 25 C-suite vəzifədən birini ağdərili olmayan qadın tutur.
Məsələ burasındadır ki, menecer vəzifələrinə qəbul edilən və irəli çəkilənlər arasında qadınlar və azlıqların nisbəti az olduğu üçün daha yüksək idarəetmə vəzifələrinə namizədlər arasında da onlar azlıq təşkil edirlər. “McKinsey”nin araşdırmasına əsasən, menecer vəzifəsinə qəbul edilən və irəli çəkilən kişilərin sayı qadınlardan 28% çoxdur.
Bu problemin qarşısını almaq və aradan qaldırmaq üçün ilk növbədə işçi qüvvəsinin müxtəliflik səviyyəsini yüksəltmək və idarəetmə nərdivanının ilk pillələrindən başlayaraq həmin namizədlərin irəli çəkilməsi üzərində işləmək lazımdır.
Qeyd. C-suite vəzifələrə ingilis dilində c hərfi ilə, daha dəqiq desək, chief (baş) sözü ilə başlayan yüksək idarəetmə vəzifələri aiddir. Məsələn, CEO (Chief Executive Officer – Baş icraçı direktor), CFO (Chief Financial Officer – Baş maliyyə direktoru) və s.
Hazırladı: Madam Helpful