Məhsuldarlıq əmsalı (yield ratio) vakansiyaya müraciət edən namizədlərin işə qəbul faizini göstərən insan resursları üzrə əsas performans göstəricilərindən (KPI) biridir və istifadə olunan işə qəbul metodunun nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirir. Hər bir vakansiya üzrə davamlı olaraq bu əmsalın hesablanması vəzifəyə uyğun namizədi tapmaq üçün ən yaxşı mənbəni (vakansiya saytları, işədüzəltmə agentlikləri, işçilərin tövsiyəsi və s.) müəyyənləşdirməyə imkan verir. Məhsuldarlıq əmsalını işə qəbul prosesinin hər mərhələsi üzrə ayrıca hesablamaq da mümkündür.
Məhsuldarlıq əmsalı aşağıdakı kimi hesablanır:
n mərhələsində məhsuldarlıq əmsalı = növbəti mərhələyə keçən namizədlərin sayı / n mərhələsindəki namizədlərin sayı x 100%
Nümunə. Vakant vəzifəyə 250 namizəd müraciət edib. Onlardan 50 nəfərin CV-i bəyənilib və onlar telefon müsahibəsi mərhələsinə keçiblər. Yuxarıdakı düstura əsasən bu mərhələdə məhsuldarlıq əmsalı 20%-dir (50/250×100=20%). 50 namizəddən 25-i telefon müsahibəsindən test imtahanı mərhələsinə keçir. Bu mərhələdə məhsuldarlıq əmsalı 50%-dir (25/50×100%=50%). Test imtahanında uğur qazanan 15 namizəd ilk müsahibəyə dəvət alır. Bu mərhələdə məhsuldarlıq əmsalı 60%-dir (15/25×100=60%). 5 namizəd növbəti mərhələyə keçir. Bu mərhələdə məhsuldarlıq əmsalı 33%-dir (5/15×100=33%). Nəticədə 2 nəfərə iş təklif olunur. Bu mərhələdə məhsuldarlıq əmsalı 40%-dir (2/5×100=40%). Beləliklə, vakant vəzifəni tutmaq üçün müraciət edən 250 nəfərdən 2-ə iş təklif edilir. Deməli, bütün proses üzrə məhsuldarlıq əmsalı 0,8%-dir (2/250×100%=0,8%). Yəni işə 1 nəfər qəbul etmək lazımdırsa, müraciət edənlərin sayı 125, 4 nəfər qəbul etmək lazımdırsa, müraciət edənlərin sayı 500 olmalıdır.
Məsələ. ABC şirkəti 40 nəfər IT mütəxəssis işə qəbul edəcək. Əvvəlki hesablamalara görə, onların müsahibə etdiyi hər 5 namizəddən 1-i praktiki imtahan mərhələsinə keçib. Praktiki imtahanda iştirak edən hər 3 nəfərdən birinə iş təklif olunub. İş təklif olunan hər 2 nəfərdən 1-i işi qəbul edib. Şirkət 40 nəfəri işə qəbul etmək üçün neçə nəfəri ilə müsahibə aparmalıdır?
Həlli. Sonuncu mərhələdə məhsuldarlıq 50%-dir (1/2×100%=50%). Deməli, 40 nəfəri işə qəbul etmək üçün 80 nəfərə iş təklif olunmalıdır. Praktiki imtahandan iş təklifi mərhələsinə keçiddə məhsuldarlıq 33%-dir (1/3×100%=33%). Deməli, 80 nəfərə iş təklif etmək üçün 240 nəfər praktiki imtahanda iştirak etməlidir. Müsahibədən praktiki imtahan mərhələsinə keçiddə məhsuldarlıq 20%-dir (1/5×100%=20%). Deməli, 240 nəfərin praktiki imtahan mərhələsinə keçməsi üçün 1200 namizədlə müsahibə aparmaq lazımdır. Beləliklə, 40 nəfər IT mütəxəssis işə qəbul etmək üçün 1200 müsahibə aparılmalıdır.
İşə qəbul prosesinin səmərəliliyinin artması məhsuldarlıq əmsalının aşağı düşməsi ilə nəticələnir. Məsələn, 30 namizəddən 15-i növbəti mərhələyə keçsə, məhsularlıq əmsalı 50%, 10 namizəd növbəti mərhələyə keçdiyi halda isə məhsuldarlıq əmsalı 33% olur. Məhsuldarlıq əmsalının aşağı olması zamana və digər resurslara qənaət deməkdir. Lakin əmsalın aşağı olması işə qəbul keyfiyyətinin zəifləməsinə gətirib çıxarmamlıdır, əksinə daha yaxşı metodlardan istifadənin nəticəsi olmalıdır.
Məhsuldarlıq əmsalını hesablamaq üçün Excel kalkulyatorunu buradan yükləyə bilərsiniz.
Bu cür hesabatları asanlıqla hazırlamaq istəyirsinizsə, Excel ilə HR Data Analitikası təlimimizə qoşulun.
Müəllif: Madam Helpful