İşə qəbulda istifadə olunan əsas metriklərdən biri işə qəbul müddətidir. Bu, namizədin iş üçün müraciət etdiyi vaxtdan iş təklifini qəbul etdiyi vaxtadək keçən müddəti ifadə edir. İşə qəbul müddəti həm də işə qəbul prosesinin nə dərəcədə səmərəli olduğunun göstəricisidir. İşə qəbul prosesinin səmərəliliyi insan resursları komandası tərəfindən namizədin “emal” prosesinin (CV-ni nəzərdən keçirmək, müsahibə, iş təklif etmək) sürətini ölçür. Əgər işə qəbul müddəti uzundursa, yaxşı namizədlər işdən imtina edə bilərlər. İşə başlamaq üçün 2 həftə, yoxsa 2 ay gözləmək yaxşıdır? Yaxşı namizədlərə tələb çoxdur və onların gözləməyə ehtiyacı yoxdur.
İşə qəbul müddəti və vakansiyanı doldurma müddəti ayrı-ayrı metriklərdir. Vakansiyanı doldurma müddəti şirkətdə vakansiyanın yarandığı vaxtdan namizədin iş təklifini qəbul etdiyi vaxtadək keçən müddəti ifadə edir.
Nümunəyə nəzər salaq. Yanvarın 1-də şirkətdə vakant vəzifə yaranıb. Əli yanvarın 21-də vakansiyaya müraciət edib. Müsahibədən sonra ona iş təklif edilib və o, iş təklifini yanvarın 31-də qəbul edib. Bu halda işə qəbul müddəti 10 gün (21-31 yanvar), vakansiyanı doldurma müddəti isə 30 gündür (1-31 yanvar).
İşə qəbul üzrə orta müddəti tapmaq üçün işə qəbul olunan hər bir namizədin işə qəbul müddətini toplayıb işə qəbul olunan namizədlərin sayına bölmək lazımdır.
Nümunəyə nəzər salaq. Əlinin işə qəbul müddəti 10 gün, Aynurun işə qəbul müddəti 14 gün, Sevdanın işə qəbul müddəti 12 gündür. İşə qəbul üzrə orta müddət: (10+14+12)/3=12 gün.
Vakansiyanı doldurma üzrə orta müddəti tapmaq üçün işə qəbul həyata keçirilən hər bir vəzifə üzrə vakansiyanı doldurma müddətini toplayıb doldurulan vakant vəzifələrin sayına bölmək lazımdır.
Nümunəyə nəzər salaq. Vakansiyanı doldurma müddəti A vəzifəsi üzrə 25 gün, B vəzifəsi üzrə 35 gün, C vəzifəsi üzrə 40 gündür. Vakansiyanı doldurma üzrə orta müddət: (25+40+35)/3=33.33
Müəllif: Madam Helpful