Əlaqəli yazılar

İntrovert HR mütəxəssislər üçün 7 məsləhət

Bəzi araşdırmalar əhalinin təxminən 30-50%-nin introvert olduğunu göstərir. Onlar komanda daxilində olmaqdan yox, daha çox təklikdən enerji alırlar. Başqa insanlarla birgə işləməyin vacib olduğu peşələrdə ixtisaslaşmaq istəyənlər üçün bu, problem yarada bilər.

2017-ci ildə “HR Magazine” jurnalı dünyanın müxtəlif yerlərində intorvert insan resursları mütəxəssislərindən müsahibə götürmüşdür. Onların əksəriyyəti təşkilatda insan resursları üzrə çalışan yeganə şəxslər olmuşlar. Onlar bu sahədə karyera qurmaq istəyən introvertlərə aşağıdakı məsləhətləri vermişlər:

  1. Məşq edin və hazırlaşın.

İntrovertlər danışmazdan əvvəl düşünməyi sevirlər. Buna görə də iclasdan və ya təkbətək görüşlərdən əvvəl məşq etməklə vaxtında lazımi sözləri deməyə hazırlaşa bilərsiniz.

  1. Dəstəkçilər tapın.

Tədbirlərdən əvvəl çıxışınızla bağlı həmkarlarınızı məlumatlandırın, bölüşəcəyiniz fikir və ya təklifi onlara bildirin. Beləliklə, tədbir zamanı özünüzü yaxşı ifadə edə bilməsəniz, onlar sizi dəstəkləyərək fikrinizi qüvvətləndirəcəklər.

  1. Davam edin.

Məşq etməyə və dəstəkçilər tapmağa baxmayaraq, bəzən intorvertlər iclasdan sonra anlayırlar ki, fikirlərini yarımçıq ifadə etdilər, istədikləri hər şeyi çatdıra bilmədilər. Bəzən də tədbirdən sonra onların ağlına yeni fikir və təkliflər gəlir. Belə hallarda heç vaxt gec olduğunu düşünməyin. Tədbirdən sonra lazımi şəxsə yaxınlaşaraq yeni fikirləriniz olduğunu bildirə və öz töhfənizi verə bilərsiniz.

  1. Əvvəlcədən məlumatlandırın.

İntrovert xarakterə sahib olmağınızla bağlı insanları əvvəlcədən məlumatlandırsanız, onların sizdən gözləntilərinin düzgün formalaşmasına yardımçı olarsınız. Belə yanaşma qarşı tərəfi də öz xarakterini açıqlamağa cəsarətləndirir və nəticədə siz bir-birinizi daha yaxşı tanıyırsınız.

  1. Həmkarlarınızla əlaqə qurun.

Eyni peşəyə sahib insanlarla əlaqə yaratmaq və peşəkar qruplara üzv olmaq karyera inkişafında mühüm rol oynayır. İntrovertlər bu məqsədlə sosial şəbəkələrdən istifadə edə bilərlər. Linkedin və Twitter kimi onlayn platformalardan əlavə insan resursları üzrə mütəxəssislərin üzv olduğu və mütəmadi müzakirələr apardığı virtual qruplara qoşulmaq olar.

Həmkarlarla eyni tədbirlərdə iştirak etmək üçün isə introvertlərə tövsiyə olunur ki, tədbirə vaxtından əvvəl getsinlər. Belə olduqda kütlənin diqqətini çəkməyəcək və tədbirə tez gələn başqa biri ilə təkbətək söhbətə başlaya biləcəksiniz.

  1. Dinləmə qabiliyyətinizdən istifadə edin.

Əksər hallarda introvertlər yaxşı dinləyici olurlar. Bu isə insan resursları mütəxəssisi üçün vacib qabiliyyətdir. Qarşı tərəfi diqqətlə dinləmək üçün diqqətinizi yayındıran vasitələri uzaqlaşdırın, məsələn telefonu söndürün. Eyni zamanda qarşı tərəfdə inam hissi yaratmaq üçün göz kontaktı qurmaq vacibdir.

  1. Daxilinizdəki ekstraverti üzə çıxarın.

“İntrovert” və “ekstravert” anlayışlarını elmə gətirəm isveçrəli psixoloq Karl Yunq qeyd etmişdir ki, vəziyyətdən asılı olaraq əksər insanlarda həm introvertlik, həm də ekstravertlik özünü göstərir.

Bundan əlavə, hər bir xarakter tipinin özünəməxsus güclü və zəif cəhətləri vardır. Ekstravert insan resursları üzrə mütəxəssis komanda işini yaxşı idarə edə bildiyi halda, introvertlər həssas məsələlərin təkbətək müzakirəsində daha peşəkar yanaşma nümayiş etdirə bilərlər.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar