1. Təkbətək müsahibə və ya ənənəvi müsahibə bir namizəd və işəgötürənin bir nümayəndəsi arasında baş tutur. Müsahibə götürən namizədin işə uyğun olub olmadığını müəyyənləşdirmək üçün ona təcrübəsi və bacarıqları haqqında suallar verir. Təkbətək müsahibə strukturlu və ya struktursuz ola bilər. Strukturlu müsahibədə müsahibə götürən bütün namizədlərə eyni sualları ünvanlayır, struktursuz müsahibədə isə suallar əsasən namizədin cavablarına əsaslanır.
2. Qrup müsahibəsində bir və ya bir neçə vəzifə üzrə bir neçə namizəd eyni zamanda iştirak edir. Qrup müsahibəsi ünsiyyət, stress menecment və komanda ilə iş bacarıqlarının mühüm əhəmiyyət kəsb etdiyi vəzifələrə seçim apararkən ən yaxşı namizədin seçilməsi üçün istifadə edilir. Qrup müsahibəsi müsahibə aparan şəxslərə imkan verir ki, namizədlərin bu bacarıqlarının hansı səviyyədə olmasının canlı şahidi olsunlar.
3. Panel müsahibədə yalnız bir namizəd iştirak edir, müsahibəni isə birdən artıq şəxs aparır. Adətən komissiya üzvləri növbə ilə əvvəlcədən müəyyənləşdirilmiş və ya namizədin cavabları əsasında suallarını verirlər. Əgər müsahibəni götürənlərin sayı çoxdursa, bəziləri sual vermək əvəzinə yalnız müşahidə də apara bilərlər.
4. Videomüsahibəyə əksər hallarda namizəd uzaqda yaşadığı hallarda üstünlük verilir. Eyni zamanda COVID-19 pandemiyası ilə əlaqədar olaraq videomüsahibələr geniş yayılmışdır.
5. Birtərəfli və ya asinxron müsahibə namizədlərin ilkin yoxlanışı üçün səsin tanınması və süni intellekt kimi texnologiyadan istifadəni nəzərdə tutan yeni müsahibə formasıdır. Onlar kamera vasitəsilə həyata keçirildiyi üçün adi videomüsahibəyə bənzəyirlər, lakin namizəd müsahibə götürənlə danışmaq əvəzinə, əvvəlcədən təyin edilmiş sualları cavablayır. Bəzi birtərəfli müsahibələrdə namizədə cavabı yenidən qeyd etmək şansı verilir, lakin digərləri yalnız ilk cəhdi qəbul edir. Müsahibədən sonra işəqəbul mütəxəssisi və ya kompüter proqramı cavabları təhlil edir və namizədin ənənəvi müsahibəyə çağırıb çağrmayacağını müəyyənləşdirir.
6. Telefon müsahibəsi namizədləri müsahibəyə dəvət etməzdən əvvəl onları yoxlamaq üçün tez-tez istifadə olunan müsahibə növüdür. Bu zaman müsahibə götürən şəxs namizədlə tanış olaraq onun vəzifə üçün minimum tələbləri yerinə yetirib-yetirmədiyini müəyyən etməyə çalışır.
7. Nahar müsahibəsi müsahibə götürənlə namizədin restoranda yemək yeyərkən baş tutan müsahibədir. Bu müsahibələr adətən ənənəvi müsahibədən daha az strukturlu olur və daha çox söhbətə bənzəyir, lakin yenə də namizədə suallar ünvanlanır.
8. Davranış müsahibəsi iş zamanı ortaya çıxan vəziyyətlərdə namizədin davranışını qiymətləndirmək məqsədi daşıyır. Namizədlərə keçmiş iş təcrübələri zamanı meydana çıxan vəziyyətlərdə necə davranmaları barədə suallar ünvanlanır və bunun əsasında onların gələcək davranışları proqnozlaşdırılır. Bu müsahibədən başqa müsahibə növlərinin tərkibində də istifadə oluna bilər.
9. Səriştə əsaslı müsahibə namizədin səriştələrini qiymətləndirmək məqsədi daşıyır. Bu zaman vəzifə ilə əlaqəli səriştələr, məsələn, rəhbər vəzifələr üçün liderlik və ünsiyyət bacarıqları qiymətləndirilir. Bu müsahibədən də başqa müsahibə növlərinin tərkibində istifadə oluna bilər.
10. Stress müsahibəsi namizədin həddindən artıq təzyiqə və gözlənilməz vəziyyətlərə necə reaksiya verdiyini qiymətləndirir. Stress müsahibəsindəki suallar çətin və hətta ziddiyyətli ola bilər. Bu müsahibələr xüsusilə işçinin bir çox stresli vəziyyətləri idarə etməli olduğu vəzifələr üçün geniş yayılmışdır.
11. Yerində müsahibə hazırlaşmaq üçün olduqca az vaxt olmaqla, adətən müraciət etdikdən dərhal sonra baş verir. Bu müsahibələr namizədlərin kim olduqlarını və vəzifəyə uyğun hansı keyfiyyətlərə sahib olduqlarını tez bir zamanda yoxlamaq üsuludur. Karyera sərgisində belə bir müsahibə ilə qarşılaşmaq mümkündür.
13. İşçi müsahibədə namizədlərdən müsahibənin bir hissəsi kimi işlə bağlı tapşırığı yerinə yetirmələri tələb edilir. Bu zaman tapşırığı yerində və ya müəyyən müddət ərzində evdə icra etmək tələb edilə bilər. Məsələn, informasiya texnologiyaları üzrə müsahibədə namizəddən müəyyən bir məsələ ilə bağlı kod yazmağı xahiş edə bilərlər. Bəzi işçi müsahibələrdə namizədlərə bu tapşırıqları yerinə yetirmək üçün pul ödənilir, lakin digərləri bunu müsahibə prosesinin ödənişsiz hissəsi kimi qəbul edir.
Hazırladı: Madam Helpful