İşçi tövsiyəsi müəssisənin əməkdaşları tərəfindən vakant vəzifələrə namizəd təklif edilməsini ifadə edir.
İşçi tövsiyəsinin üstün cəhətləri aşağıdakılardır:
İşəqəbul xərclərinə və zamana qənaət edilir. İlk növbədə vakansiyanın elan edilməsi xərcləri azalır. Digər tərəfdən, əməkdaşlar təşkilati mədəniyyətə, vəzifənin tələblərinə bələd olduqları üçün təklif etdikləri namizədlər həmin mədəniyyətə və vəzifəyə uyğun olur, adaptasiya prosesi qısa çəkir və həmin təşkilatda uzun müddət çalışırlar.
Əməkdaşların motivasiyası yüksəlir. Əməkdaşlar işəqəbul prosesinin bir hissəsi olduqlarını, təkliflərinin dəyərləndirildiyini hiss edəndə təşkilata bağlılıqları və məhsuldarlıqları artır. Təklif etdikləri namizəd işə qəbul olunduqda əməkdaşlar təşkilata dəyər qatdıqlarını hiss edir, motivasiyaları yüksəlir.
İşçi tövsiyəsi daha çox spesifik tələbləri olan vəzifələrə işçi qəbulu üçün tətbiq edilir.
Əksər hallarda namizəd tövsiyə edən əməkdaşa bonus verilir. Bonus adətən yeni işçi bir müddət işlədikdən sonra onun əməkhaqqının müəyyən faiz nisbəti həcmində verilir. Bu həm işçilərin yardımının dəyərləndirildiyini göstərir, həm də digər işçiləri də növbəti vakant vəzifələrə uyğun namizədlər tövsiyə etməyə həvəsləndirir. Bonusun məbləği həm işçilər üçün cəlbedici olmalı, həm də müəssisənin büdcəsinə uyğun olmalıdır.
Hazırladı: Madam Helpful