Əlaqəli yazılar

İşdə qalma müsahibəsi

İşdə qalma müsahibəsi (stay interview) – işçini təşkilatda işləməyə sövq edən amilləri və təkmilləşdirilməsi zəruri olan istiqamətləri müəyyənləşdirmək məqsədilə rəhbər ilə işçi arasında baş tutan müsahibədir.

İşdən çıxma müsahibələri geniş yayılıb. Onlar əhəmiyyətli məlumatları ortaya çıxarsalar da, problemləri müəyyənləşdirərək həll yolları axtarmaq artıq gec olur. Belə ki işdən çıxma müsahibəsi dəyərli işçilər itirilən vaxtda baş tutur. Buna görə də mövcud işçilərlə işdə qalma müsahibəsinin aparılması vasitəsilə dəyərli işçilərin işdə saxlanılması yollarını müəyyənləşdirmək daha məqsədəuyğundur.

İşçi məmnuniyyətini ölçmək üçün işdə qalma müsahibəsi anket sorğularından daha effektivdir, çünki söhbət zamanı əlavə suallar vermək imkanı yaranır. Lakin təşkilati mədəniyyət qarşılıqlı etimad və açıq ünsiyyəti təşviq etmirsə, bu cür müsahibələri keçirmək faydasızdır. İlk növbədə qarşılıqlı etimad və açıq ünsiyyət üzərində işləmək lazımdır.

İşə yeni qəbul olunan işçilərlə ilk 3-6 ay ərzində azı 2 dəfə, digər işçilərlə ildə azı 1 dəfə müsahibə keçirmək məqsədəuyğundur.

İşdə qalma müsahibəsi keçirilirsə, təşkilat dəyişikliklərə hazır olmalıdır. Dəyişikliklər edilərkən işçilərə bildirmək lazımdır ki, bu, onların müsahibə zamanı səsləndirdiyi fikirlərin və verdiyi təkliflərin nəticəsidir. Müsahibənin nəticəsiz qalması əməkdaşların narazılığına səbəb ola bilər.

Əksər hallarda bu cür müsahibələr bilavasitə rəhbər tərəfindən aparılır, çünki işçini ən yaxşı tanıyan şəxs odur. Mürəkkəb vəziyyətlərdə insan resursları üzrə mütəxəssisin köməyindən istifadə etmək olar.

İşdə qalma müsahibəsi təxminən 30 dəqiqə davam edir. Müsahibə zamanı işçiyə aşağıdakı sualları ünvanlamaq olar:

• Hər gün işə gələrkən işdən gözləntiniz nə olur?
• Sizi burada işləməyə sövq edən nədir?
• Sizi daha çox dəstəkləmək üçün nə edə bilərik?
• İşdə ən sevdiyiniz və sevmədiyiniz cəhətlər hansılardır?
• İmkanınız olsaydı, işinizdə nəyi dəyişərdiniz?
• Nə sizi şinizdən daha məmnun edə bilər?
• Hazırkı vəzifənizdə hansı bacarıqlarınızdan istifadə etmirsiniz?
• Nələr sizdə ruh yüksəkliyi (və ya ruh düşkünlüyü) yaradır?
• Sizi işdən çıxmağa nə vadar edə bilər?

Zaman keçdikcə hansı sualların daha faydalı məlumatları üzə çıxardığı müəyyənləşir.

Müsahibənin sonunda işçinin cavablarını ümumiləşdirərək onunla birgə işdə qalma planı hazırlanır.

Müəllif: Madam Helpful

 

Əlaqəli yazılar