Araşdırmalar göstərir ki, əksər insanlar iş zamanı potensialının yalnız 50%-dən istifadə edir. Rəhbərin vəzifəsi işçinin daxilindəki 50% potensialı üzə çıxarmaqdır. Bunun üçün işçiləri motivasiya edəcək iş mühiti lazımdır.
İstisnaya əsaslanan idarəetmə (management by exception) yüksək performası təşviq edən üsullardan biridir. Bu üsulun tətbiqi zamanı rəhbər işi işçiyə aydın şəkildə izah edərək ona həvalə edir. Onlar icra olunacaq işi müzakirə edərək hədəf, nəticənin ölçülməsi üsulu və icra üçün son tarix barədə razılığa gəlirlər. Ehtiyac olduqda irəliləyişi nəzərdən keçirmək üçün tarixlər müəyyənləşdirilir. Sonra isə işin icrası üçün işçi yalnız buraxılır, razılaşdırılmış standartlardan kənarlaşmaların və gözlənilməz hadisələrin baş verdiyi hallar istisnadır. İşçi yalnız bu halları rəhbərinə məruzə etməlidir. Hər şey plan çərçivəsində yaxşı gedirsə, məruzə etməyə ehtiyac yoxdur. Əgər rəhbər işçidən səs-soraq eşitmirsə, hər şeyin qaydasında olduğunu anlayır.
Məsələn, hədəf olaraq həftədə 1000 ədəd satış nəzərdə tutulub. Əgər həftəlik satış 1000-dən aşağı düşürsə, layihə üzrə məsul şəxs rəhbərinə müraciət edir. Əks halda, o, öz üsulu ilə işi yerinə yetirməkdə sərbəstdir.
Bu idarəetmə üsulu rəhbərin zamanına qənaət etmək baxımından sərfəlidir. Belə ki bir işin vaxtında icra olunmasına nəzarət vəzifəsindən azad olduğu üçün rəhbər digər işlərə daha çox vaxt ayıra bilir. Bundan əlavə, əməkdaş tapşırığı yerinə yetirdikdə “Bunu təkbaşına etdim” deyərək daha məmnun olur. İşçilərə nə qədər azadlıq və məsuliyyət verilirsə, onlar o qədər pozitiv və motivasiyalı olurlar. Təbii ki, bu idarəetmə üsulunu özünü təsdiq etmiş işçilərə tətbiq etmək məqsədəuyğundur.
Beləliklə, mükəmməl rəhbər işçilərə şərait yaradır ki, tapşırıqları minimal yönləndirmə və nəzarət ilə yerinə yetirdiklərini hiss etsinlər. Nəticədə onlar özlərini qalib kimi hiss edirlər və daha çox işləmək üçün ruh yüksəkliyi yaranır.
Müəllif: Madam Helpful