Əlaqəli yazılar

Kobra effekti

“Kobra effekti” termini elmə almaq iqtisadçı Horst Siebert tərəfindən gətirilib və təklif edilən həll yolunun problemi daha da böyütməsini ifadə edir.

Hindistan Britaniya tərəfindən idarə edildiyi dövrdə zəhərli ilanların sayını azaltmaq üçün ölü kobra gətirən vətəndaşlara mükafat verilirdi. İlk dövrlərdə bu həll üsulu effektiv olsa da, bir müddət sonra əks təsir göstərdi. Belə ki, vətəndaşlar daha çox mükafat almaq üçün kobra yetişdirməyə başladılar. Bunu anlayan hökumət mükafatı dayandırdı. Nəticədə, artıq mükafat verilmədiyi üçün vətəndaşlar yetişdirdikləri kobraları öldürmədən küçələrə buraxdılar və əvvəlkindən də pis vəziyyət yarandı.

Belə hallara biznesdə də rast gəlinir.

ABŞ-də Wells Fargo şirkəti işçilərin daha çox satış etməsi üçün kvota müəyyənləşdirmişdi. Sonradan işçilərin 2011-2016-cı illər ərzində müştərilər üçün 3,5 milyon cari hesab və 560 000 kredit hesabını qeyri-qanuni yolla açdığı məlum oldu. Nəticədə şirkət külli miqdarda cərimə ödəməli olmuşdu.

Airbus şirkəti isə təyyarələrin içərisindəki səsi azaltmaqla daha sakit uçuş təcrübəsi yaratmağa çalışmışdı. Lakin bunun nəticəsində sərnişinlər və pilotlar başqalarının söhbətini, uşaqların ağlamasını daha çox eşitmiş və bundan məmnun olmamışdılar.

İş yerlərində rəhbər şəxslərin qaydaları sərtləşdirərək işçilərin iş saatlarını artırması da əks təsir göstərir. Belə ki işçilər iş saatlarında başqa işlərlə məşğul olmağa başlayır, məhsuldarlıq zəifləyir və xərclər artır.

Buna görə də mövcud proses və prosedurlara dəyişikliklər etməzdən əvvəl aşağıdakıları nəzərə almaq lazımdır:

• Təklif edilən dəyişikliklərlə bağlı müxtəlif struktur bölmələrdən və müştərilərdən rəy almaq;

• Uzunmüddətli nəticələrin nə olacağını araşdırmaq;

• Tətbiq etməzdən əvvəl yoxlamaq və yenidən nəzərdən keçirmək.

Hazırladı: Madam Helpful