Əlaqəli yazılar

Komandanı yeni rəhbərə necə hazırlamalı?

Komandanızla sağollaşmaq vaxtı çatıb? Bunun səbəbi vəzifə yüksəlişi, başqa təşkilatda iş tapmaq və ya təqaüdə çıxmaq ola bilər. Səbəb nə olursa olsun, komandanın məhsuldarlığını və yüksək əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır. Bu keçid dövrünü asanlaşdırmaqla siz həm də komanda üzvlərinin yaddaşında qayğıkeş və səriştəli lider kimi qalacaqsınız.

Aşağıdakı addımlar prosesin hər kəs üçün rahat olmasına yardım edəcək:

Diqqətinizi yayındırmayın. İlk növbədə, öz məhsuldarlığınızı qoruyub saxlamalısınız. Yeni vəzifənizlə bağlı həyəcan və narahatlıq diqqətinizi hazırkı işinizdən yayındıra bilər. Bu da əksər hallarda yaxşı menecerlərin işi tərk etmək qərarını verdikdən dərhal sonra fəaliyyət keyfiyyətinin zəifləməsi ilə nəticələnir.

Vəziyyətə uyğunlaşın. Komandanın gözləntiləri vəziyyətdən asılı olaraq dəyişəcək. Əgər siz eyni təşkilat daxilində başqa departamentdə çalışacaqsınızsa, əvvəlki komanda üzvləriniz yeni vəzifənizdə də sizə müraciət edə, onların suallarını cavablandırmağınızı xahiş edə bilərlər. Əgər başqa təşkilatda işləyəcək və ya təqaüdə çıxacaqsınızsa, çox güman ki, onların belə bir gözləntisi olmayacaq.

Komandanızla iclas keçirin. İşdən çıxacağınızı komandanıza dərhal bildirin, amma bu məlumatın onlara mənfi təsir etməsinə imkan verməyin. Onların diqqətini prioritetlərə və növbəti addımların nə olacağına yönləndirin.

Keçid prosesinə kifayət qədər vaxt ayırın. Mümkündürsə, komandınızı bir ay əvvəldən məlumatlandırın. Bacardığınız layihələri yekunlaşdırın, qalan işlərin kimə həvalə olunacağına qərar verin.

Qovluqları qaydaya salın. Prosedurlar, əlaqədar şəxslərlə bağlı qovluqlar yaradın və ya mövcud qovluqları yeniləyin. Komanda üzvlərinin institusional biliyi çox olsa da, komandanı irəli aparmaq üçün yeni rəhbərin mümkün qədər çox məlumata ehtiyacı olacaq. Cari layihələrlə bağlı son vəziyyət və layihənin davamı üçün lazımi məlumatları yeni rəhbər üçün sistemləşdirmək məqsədəuyğundur. Əgər yeni rəhbərlə işləmək imkanınız olmayacaqsa, bu, daha böyük əhəmiyyət daşıyır.

Empatiya nümayiş etdirin və komandanın narahatlığını aradan qaldırın. Komandada dəyişiklik olduqda üzvlər gələcək barədə narahat olurlar, bu isə ümumi prosesə öz təsirini göstərir. Komandanın mövcud əhval-ruhiyyəsinə qarşı həssas olun. Rəhbərlik dəyişdikdə ən böyük narahatlıq yeni hədəf və standartların əvvəlkindən fərqlənəcəyi ilə bağlı olur. Komanda üzvlərini əmin etmək lazımdır ki, onlar yenə də vahid məqsəd uğrunda çalışacaqlar. Komandaya öz dəyər və prioritetlərini düzgün müəyyənləşdirməyə və bunu yeni rəhbərə aydın şəkildə çatdırmağa yardım edin.

Əvəz edəcək şəxsi tövsiyə edin. Sizi əvəz edəcək şəxslə bağlı qərar vermək səlahiyyətiniz varsa, komandanın “ulduz oyunçu”sunu deyil, yüksək idarəetmə potensialı olan birini tövsiyə edin.  Gallup tərəfindən hazırlanan “Amerikan menecerin durumu: təhlil və liderlər üçün məsləhət” adlı hesabatda qeyd olunur ki, şirkətlərin 82%-i rəhbər seçərkən səhvə yol verirlər, əksər hallarda ona görə ki, onlar işdə yüksək nəticə göstərən şəxsləri irəli çəkirlər. Belə şəxslər öz işlərində uğurlu olsalar da, çox vaxt, rəhbər üçün zəruri olan ünsiyyət və problem həll etmə bacarıqları zəif olur. Hesabatda bildirilir ki, əslində hər bir şirkətdə kifayət qədər rəhbərlik istedadı olan şəxslər var, onları düzgün metodlarla üzə çıxarmaq lazımdır.

Yeni rəhbərlə görüşün və onu məlumatlandırın. Yeni rəhbərlə görüşmək üçün bir neçə saat və ya mümkündürsə, bir gün ayırın. İşləri yekunlaşdırmaq üçün son tarixlər, proseslər haqqında onu məlumatlandırın. Komandanızla işləyən digər departamentlərin əməkdaşlarının siyahısını ona təqdim edin, keçmişdə qarşıya çıxan problemlər və onların həlli yolları haqqında təcrübələrinizi bölüşün. Ona komandanın və ayrı-ayrılıqda hər bir üzvün güclü və zəif cəhətlərini izah edin.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar