Hər bir uğurlu liderin öz ünsiyyət üsulu var. Onlar sözlərinin müsbət təsir yaratması üçün necə danışmalı olduqlarını bilirlər. Hər bir lider komanda üzvlərinin dəyərli olduğunu və onlara inamı ifadə edən sözləri leksikonuna daxil etməlidir. Belə ifadələr liderdən-liderə fərqlənsə də, ümumi olaraq aşağıdakı nümunələri gösətrmək olar:
1) “Mən” və “sən/siz” əvəzinə “biz” deyin. Bu, komandanın nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir, bərabərliyi ifadə edir və lider ilə komanda üzvləri arasındakı məsafəni aradan qaldırır.
2) “Mən belə düşünürəm” əvəzinə “Siz necə düşünürsünüz?” deyin. İnsanlara nə etməli olduğunu demək asandır, amma bunu demək dolayı yolla onların düşüncə tərzinə etibar etmədiyinizi göstərir. Əksinə, onlara fikirlərinin əhəmiyyətli olduğunu və güvəndiyinizi bildirmək lazımdır.
3) “Özünü göstər” əvəzinə “Sənə güvənirəm” deyin. Qarşı tərəfin özünü təsdiqləməsini istəmək etibarsızlıq əlamətidir. Əksinə, insanlara inam ifadə edərək nəyə qadir olduqlarını göstərməyə şərait yaratmaq lazımdır.
4) “Mən belə düşünmürəm” əvəzinə “Niyə də yox?”, “Bu, işə yaramayacaq” əvəzinə isə “Gəlin, yoxlayaq” deyin. Yəqin ki, yeni ideyaların qarşısını alan lider olmaq istəməzsiniz. Daha yaxşı nəticələr əldə etmək üçün açıqfikirli olmaq və yeni cəhdlər etmək lazımdır. Hər bir uğur hekayəsinin böyük bir hissəsi cəhd etmək və uğursuzluğa uğramaqdan ibarətdir. Bununla siz komanda üzvlərinizə risklərə açıq olduğunuzu göstərirsiniz.
5) “Bacarmarıq” əvəzinə “Bacaracağıq” deyin. İstənilən müsbət fikir mənfidən daha yaxşıdır. Pozitiv olmaq və səylə çalışmaq nəticəsində hər bir işdə uğur qazanmaq olar.
6) “Mənim vəzifəm deyil” əvəzinə “Mənə güvənə bilərsiniz” deyin. Komanda üzvləri lider olaraq sizə güvənə bilməsələr, sizə hörmətlə yanaşmazlar. Komanda daxilində öz məsuliyyətinizi dərk edərək vəzifənizi icra edin.
7) Təşəkkür edin. Hətta ən sadə şeylər üçün insanlara təşəkkür edəndə onlar fəaliyyətlərinin dəyərləndirildiyini hiss edirlər. Çox az şey onları təşəkkür qədər yaxşı hiss etdirə və ruhlandıra bilər.
Güclü lider kimi danışmağı öyrənin və sözlərinizə diqqət edin. Çünki onlar sizin uğurunuzla uğursuzluğunuz arasındakı fərqdir.
Müəllif: Madam Helpful