Əlaqəli yazılar

Liderlik tərzi böyüyən komandaya uyğunlaşmalıdır

“Facebook”un dizayn üzrə sabiq vitse-prezidenti Julie Zhuo ilk dəfə komanda idarə etməyə başlayanda üzvlərin sayı iki pizzanın hamıya kifayət edəcəyi qədər idi. Zaman keçdikcə komanda üzvlərinin sayı dəfələrlə artır və Julie Zhuo anlayır ki, əvvəlki qaydada işləmək artıq mümkün deyil. İdarəetmənin əsas prinsipləri eyni qalsa da, gündəlik fəaliyyət nəzərəçarpacaq dərəcədə dəyişir. O, 2019-cu ildə “Harward Business Review” üçün yazdığı məqalədə kiçik və böyük komandanı idarə etmək arasındakı 5 fərqi izah edir:

1. Birbaşa idarəetmədən dolayı idarəetməyə. Komanda 5 nəfərdən ibarətdirsə, hər biri ilə şəxsi münasibətlər quraraq işlərinin detallarını anlamaq, nəyi yaxşı bacardıqlarını, hətta hobbilərini də bilmək mümkündür. Əgər komandada 30 nəfər varsa, onların hamısını bibaşa (ən azından eyni dərəcədə) idarə etmək mümkün deyil. Təkcə onların hər biri ilə həftədə 30 dəqiqəlik görüş keçirmək 15 saat vaxt alır. Bu isə həftəlik iş saatının təxminən yarısına bərabərdir. Julie Zhuonun tabeliyindəki şəxslərin sayı 8-dən çox olduqda o anlayır ki, hər kəslə ayrı-ayrılıqda məşğul olmaqla yanaşı işə qəbul, yüksək keyfiyyətli dizayn və məhsul strategiyası haqqında düşünməyə kifayət qədər vaxt qalmır. Buna görə də böyüyən komandalarda rəhbərlər onlara tabe olan menecerlər işə qəbul edir və ya yetişdirirlər. Amma bu, komanda üzvlərindən və onların yerinə yetirdiyi işdən uzaqlaşmaqla nəticələnir. Rəhbər yenə də ümumi nəticəyə görə məsuliyyət daşıyır, lakin hər xırda detaldan məlumatı olmur. Bəzi qərarlar rəhbərin iştirakı olmadan verilir və işlər onun şəxsən icra edəcəyindən fərqli şəkildə yerinə yetirilir. İlk dövrlərdə nəzarətin itirildiyi düşüncəsi yaransa da, komanda üzvlərinə etibar etməyi öyrənmək, onlara səlahiyyət vermək vacibdir.

2. İnsanların münasibəti dəyişir. İnsanlar rəhbərlərini şəxsən tanımadıqları və onları vəzifədə gördükləri üçün onlara həqiqəti deməkdən, etirazlarını bildirməkdən çəkinirlər. Bu halın qarşısını almaq üçün fərqli fikirlərə hörmət bəslədiyinizi göstərin və onları mükafatlandırın. Səhvlərinizi qəbul edin və hər kəs kimi insan olduğunuzu xatırladın. İnsanlarla müzakirəyə dəvət edən tərzdə danışın: “Yanlış düşünə bilərəm. Etirazınız varsa, bildirin.” Komanda üzvlərindən məsləhət alın: “Mənim yerimdə olsaydınız, bu vəziyyətdə nə edərdiniz?”

3. Konteks daim dəyişir. Komanda böyüdükcə layihələrin sayı artır və rəhbər onların hər birinə vaxt ayırmalı olur. Hər gün müxtəlif mövzularda elektron məktublar gəlir. Ard-arda iclaslar birindən ayrılıb zehni cəhətdən digərinə hazırlaşmağı tələb edir. Beləliklə, günlər müxtəlif mövzularla zənginlik cəhətdən həftələri xatırladır və fikri cəmləmək çətinləşir. Bunun qarşısını almaq üçün müəllif bir neçə metod təklif edir: hər səhər gündəlik işləri nəzərdən keçirmək və hər bir görüşə hazırlaşmaq, qeydlər aparmaq və tapşırıqları idarə etmək sistemi formalaşdırmaq, hər həftə sonu fəaliyyəti nəzərdən keçirmək. Böyük komandanın rəhbəri olaraq bəzən böyük, bəzən kiçik, bəzən gözlənilməz işlərlə rastlaşmağı qəbul etmək lazımdır.

4. Seçim etmək. Kiçik komandanı idarə edərkən bütün işləri vaxtında yekunlaşdırmaq mümkündür, amma komanda böyüdükcə bu çətinləşir və qeyri-mümkün olur. Layihələr gecikir, kimlərsə ehtiyac duyduqlarını əldə edə bilmir və s. Hər şeyi eyni vaxda icra etmək mümkün deyil, buna görə də işləri prioritetləşdirmək, ən vacib məsələlərə diqqəti yönəltmək lazımdır.

5. İnsan-mərkəzli bacarıqlar vacibdir. Komandalar böyüdükcə rəhbərlər öz sahələri üzrə konkret bacarıqlara daha az vaxt ayırırlar, bir qrup insandan isə daha yaxşısını əldə edirlər. Məsələn, heç bir icraçı direktor satış, dizayn, mühəndislik, maliyyə, insan resursları sahələrinin hər birində ekspert deyil, amma onlar bütün bu işləri yerinə yetirən komanda qurmaq və idarə etmək məsuliyyətini daşıyırlar. İdarəetmənin yuxarı səviyyələrində bütün işlər bir nöqtədə cəmləşir. Uğur isə bir neçə bacarıqdan asılıdır: güclü liderləri işə cəlb etmək, özünə güvənən komanda qurmaq, aydın vizyon formalaşdırmaq və yaxşı ünsiyyət qurmaq.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar