Əlaqəli yazılar

Maraqlı etimologiyası olan ingilis sözləri

1.    Hazard (təhlükə, risk)

Bu söz 13-cü əsr ərəb dilində nərd oyunundakı zəri ifadə edən “al-zahr” sözündən yaranıb. Bu oyun qumar hesab olunduğu və qarşı tərəfin zər tutmaq ehtimalı olduğu üçün çox riskli idi. Səlibçilər nərdi Müqəddəs torpağa Xaç yürüşləri zamanı öyrənmişdilər.

2.    Sandwich (sendviç)

Qəlyanaltının bu cür adlanması 4-cü Sendviç Qrafı Con Monteqyunun adı ilə bağlıdır. Sendviç İngiltərənin cənub-şərqində yerləşən şəhərdir. Rəvayətə əsasən, qraf qulluqçusuna tapşırır ki, dana ətini ona 2 dilim çörək arasında gətirsin. O, kart oynayarkən yemək yeməyi xoşlayırdı, buna görə də əlinin və kartların yağlanmaması üçün belə sifariş vermişdi. Onu müşahidə edən dostları “Sendviçdə olan”dan sifariş etməyə başladılar. İnsanlar əvvəllər də çörək arasında pendir və ət yesələr də, bu qidalar təxminən 250 il əvvəl sendviç adlanmağa başladı.

3.    Quarantine (karantin)

Bu söz 14-cü əsrdə Avropada tüğyan edərək əhalinin 30%-nin ölümü ilə nəticələnən, “qara ölüm” adlandırılan vəba ilə əlaqəlidir. O, italiyan dilinin Venesiya dialektindəki “quaranta giorni” (40 gün) ifadəsindən yaranıb. Vəbanın yayılmasının qarşısını almaq üçün gəmilər sahilə yan almazdan əvvəl adalar yaxınlığında 40 gün təcrid edilirdilər. 1377-ci ilə aid olan sənəd göstərir ki, bu müddət əslində 30 gün olmuş və “trentine” adlanmışdı, lakin simptomların üzə çıxması məqsədilə onu 40 günədək uzatmışlar. Bu praktika ilk dəfə o vaxtlar Venesiyanın hakimiyyəti altında olan, indi isə Xorvatiya ərazisində yerləşən Dubrovnik şəhərində gəmilərin hərəkətini idarə edən venesiyalılar tərəfindən tətbiq edilmişdi.

4.    Malaria (malyariya)

Bizim əsasən Afrika ilə əlaqələndirdiyimiz bu söz əslində italiyan mənşəlidir. Orta əsr italiyan dilindəki “mal” (pis) və “aria” (hava – ingilis dilindəki “air” də ondan yaranıb) sözlərinin birləşməsindən yaranan “malaria” əslində “pis hava” mənasını verir. Bu söz Roma ətrafındakı bataqlıqların pis havasını ifadə etmək üçün istifadə olunurdu. Bataqlıqların malyariya xəstəliyinin yayılmasına səbəb olduğu düşüncəsi ilə bu söz xəstəliyi ifadə etməyə başlayıb.

Müəllif: Madam Helpful