Müsahibə işçi seçimi prosesinin ən əhəmiyyətli mərhələlərindən biridir. Müsahibənin məqsədi bilik və bacarıqları vəzifə tələblərinə, şəxsi keyfiyyət, maraq və dəyərləri isə təşkilati mədəniyyətə uyğun olan namizədi seçməkdir. Ən uyğun namizədi seçmək üçün insan resursları üzrə mütəxəssislər effektiv müsahibə aparmaq üsulları barədə məlumatlı olmalı və düzgün müsahibə metodlarını seçməyi bacarmalıdırlar.
Bu məqalədə davranış əsaslı müsahibələrdən bəhs edəcəyik.
Davranış əsaslı müsahibə namizədin keçmiş təcrübəsinə əsaslanır və ondan konkret davranış, bilik, bacarıq və qabiliyyətləri necə nümayiş etdirməsi ilə bağlı nümunələr gətirməsi xahiş edilir. Suallara verilən cavablar namizədin keçmişdə problemləri necə həll etməsi ilə bağlı konkret faktlara əsaslanmalıdır. Bu məlumatlar namizədin təcrübəsini və müraciət etdiyi təşkilatda oxşar vəziyyətləri idarə etmək potensialını ortaya çıxarır. Suallar aydın və dəqiq olmalı, namizədi sözügüdən bilik və bacarıqları nümayiş etdirən tipik davranışlar barədə açıq danışmağa sövq etməlidir.
STAR modeli davranış əsaslı müsahibə suallarının tərtibində istifadə olunan məşhur yanaşmadır. Modelin adı ingilis dilindəki 4 sözün baş hərflərinin birləşməsindən yaranıb:
• Situation (vəziyyət)
• Task (tapşırıq)
• Action (fəaliyyət)
• Results (nəticələr)
STAR modeli namizədə keçmiş təcrübələrini hekayə formasında danışmaqla müsahibə suallarını cavablandırmaq imkanı yaradır. Sual elə tərtib edilməlidir ki, namizəd cavabında qarşılaşdığı vəziyyət, qarşısında duran tapşırıq, həmin tapşırığı həll etmək istiqamətindəki fəaliyyəti və fəaliyyətinin nəticələri haqqında danışsın.
Nümunə olaraq aşağıdakı sulları göstərmək olar:
• Keçmiş təcrübənizdən başqa işçilərə yeni bacarıqlar öyrənməkdə kömək etməli olduğunuz zamanı təsvir edin. Nələr etmisiniz və nəticəsi nə olub?
• Bir neçə tapşırığı qısa müddət ərzində icra etməli olduğunuz zamanı təsvir edin. Bunu necə bacarmısınız?
• İşinizdə mühüm dəyişikliklər baş verdiyi zamanı təsvir edin. Dəyişikliklərə uyğunlaşmaq üçün hansı addımları atmısınız?
Müəllif: Madam Helpful