Əlaqəli yazılar

Nümunəvi liderlik

Rəhbərliyin əsas vəzifələrindən biri nümunəvi liderlik nümayiş etdirmək, yəni komanda üzvləri üçün nümunə olmaqdır. İşçilərin xarakteri və performansı rəhbərliyin davranış və standartlarından daha yaxşı və yüksək olmur. Yüksək mənəviyyat yuxarıdan aşağıya doğru süzülür və liderin xarakterinə əsaslanır. Müsbət və ya mənfi, məhsuldar və ya qeyri-məhsuldar olmasından asılı olaraq rəhbərin söz və hərəkətləri struktur bölmənin mühitini formalaşdırır.

Liderin özünə verməli olduğu əsas suallardan biri budur: “Şirkətdə hamı mənim kimi olsaydı, şirkət necə bir yer olardı?”

Biznes mühitində ümumi qəbul olunmuş fikrə görə, rəhbərlər işçilərə necə davranırlarsa, işçilər də müştərilərə o cür davranırlar. Müştəri xidmətləri mükəmməl olan şirkətlərdə səhnə arxasında işçilərinə qayğı ilə yanaşan rəhbər var. Müştəri xidmətləri zəif olan şirkətlərdə isə işçilər özlərinə qarşı olan mənfi münasibəti rəhbərlərinə qarşı nümayiş etdirə bilmədikləri üçün müştərilərə bu cür davranırlar.

Rəhbərin və onun hərəkətlərinin işçilərin düşüncələrinə, hislərinə, yanaşmalarına və davranışlarına həddən artıq böyük təsiri var. Rəhbərin həvəsləndirici bir sözü işçinin bütün gün boyu xoşbəxt olmasına və məhsuldar işləməsinə, əksinə mənfi rəyi və ya qaşqabaqlı olması isə işçinin narahatlığına, özünə inamının azalmasına və qeyri-məhsuldarlığına səbəb ola bilər.

Gözlər həmişə rəhbərin üzərindədir. Onun dedikləri tezliklə başqalarına da çatdırılır və hamı hər şeyi bilir. O, kiminsə haqqında müsbət və ya mənfi rəy bildirirsə, bu onun düşündüyündən də tez həmin şəxsə gedib çatır – əksər hallarda təhrif olunmuş formada.

Nümunəvi liderliyin əsas qaydalarından biri həmişə pozitiv olmaqdır. Rəhbər əməkdaşlarla başqa bir əməkdaş haqqında danışanda müsbət fikirlər bildirməlidir. İşçi olmadığı halda onun haqqında xoş sözlər deyilirsə, bu ona çatdırılacaq və onun özünə inamını artıracaq.
Nümunəvi davranış üçün ən vacib zaman işlərin qaydasında olmadığı – təşkilatda problemlərin yarandığı, rəhbərin təzyiq altında olduğu zamandır. Bu, “sınaq dövrü”dür və rəhbər bu zaman əsas liderlik keyfiyyətlərini, həqiqətdə kim olduğunu nümayiş etdirir.
Belə vəziyyətlərdə rəhbər təlaşlanmaq əvəzinə təmkinlə davranmalı, hər kəsi diqqətini həll yollarına cəmləyərək yaxşı işləməyə təşviq etməlidir.

Lider başqalarının səmərəli fəaliyyət göstərməsini və dəqiq olmasını istəyirsə, özü də bu cür davranmalıdır: hamının görməsi üçün zamanı düzgün idarə etməli, aydın prioritetlər müəyyənləşdirməli, öncə ən vacib məsələləri həll etməli, çalışqanlıq nümayiş etdirməlidir. Rəhbər digərlərinin özündən daha yaxşı fəaliyyət göstərməsini gözləyə bilməz.

Rəhbər həm də cəsarətli və qətiyyətli olmalıdır. O, prinsipial mövqe nümayiş etdirməli, komanda üzvlərini dəstəkləməli, qəti qərarlar qəbul etməli və atdığı addımların səbəblərini izah edə bilməlidir. Çünki işçilər hər gün rəhbəri müşahidə edərək öz davranışlarını onun davranışlarına uyğunlaşdırırlar. Rəhbər elə nümunə göstərməlidir ki, bütün işçilər onun kimi davransalar, şirkət işləmək üçün mükəmməl bir yer olsun.

Müəllif: Madam Helpful

Əlaqəli yazılar