Əlaqəli yazılar

Orta səviyyəli işçiləri idarə etmək

Liderlər üçün əsas bacarıqlardan biri də orta səviyyəli işçiləri inkişaf etdirərək yüksək performansa nail olmaqdır. Amma bu elə də asan məsələ deyil.
 
Liderlik təlimləri təşkil edən və sorğular aparan “Leadership IQ” adlı şirkət 2021-ci ilin avqust ayında ABŞ-da 3018 lider arasında öz liderlik bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sorğu keçirmişdir. Sorğuda iştirak edənlər orta səviyyəli işçilərin performansını yüksəltmək sahəsində bacarıqlarını aşağıdakı kimi qiymətləndirmişlər:
• ekspert səviyyəsində (bu sahədə nüfuz qazananlar) – 5%;
• yüksək səviyyədə (daimi olaraq və müvəffəqiyyətlə tətbiq edənlər) -21%-i;
• orta səviyyədə (daimi olaraq tətbiq edərək bəzən uğurlu, bəzən uğursuz olanlar) – 39%;
• yeni başlayıb müvəffəqiyyətli olanlar – 17%;
• yeni başlayıb uğursuz olanlar – 11%;
• bu sahədə yalnız nəzəri bilikləri olanlar – 3%;
• bu sahədə heç bir bilik və təcrübəsi olmayanlar – 5%.
 
Sorğuda iştirak edənlərin 61%-i komandanı idarə etməyi ekspert səviyyəsində və ya yüksək səviyyədə bacardığını bildirmişdir. Deməli, orta səviyyəli işçilərin performansını artırmaq liderlər üçün komandanı idarə etməkdən daha çətindir.
 
İşçilərin orta səviyyəli olmasının səbəbləri fərqlənir. Bir çox liderlər düşünürlər ki, orta səviyyəli işçilərin kifayət qədər potensialları olmadığı üçün bu cür nəticə göstərirlər, onlar istedadlarından maksimum səviyyədə isifadə edirlər və bundan artığına nail olmaq mümkün deyil. Lakin bu cür işçilərlə bir neçə dəqiqə söhbət etdikdə məlum olur ki, səbəb bu deyil.
 
Bəzilərinin “ulduz işçilər” səviyyəsinə çatmaq üçün özlərinə inamı yoxdur. Onların “Mükəmməl olmaq üçün potensialın var. Mən sənə inanıram” – deyən müəllimi, rəhbəri, kouçu olmayıb.
 
Bəziləri “ulduz işçi” olmağa necə nail olacaqlarını bilmirlər. Bəlkə də, şirkətə nəzər salanda çalışqan işçilər əvəzinə, rəhbərlə eyni yerdə təhsil almış və ya əvvəllər eyni yerdə çalışmış, yaxud işdən sonra rəhbərliklə vaxt keçirən, ekstravert şəxsləri “ulduz işçi” kimi görürlər. “Ulduz işçi” olmaq bu amillərlə əlaqəli olmasa belə, işçilər hadisələri kənardan fərqli görə bilərlər.
 
Bəzən isə orta səviyyəli işçilər “ulduz işçi”lərə baxanda onları yorğun görür və eyni vəziyyətə düşmək istəmirlər. Əgər yüksək performans nümayiş etdirən işçilər davamlı olaraq iş vaxtından əlavə saatlarda işləyir, gecəyarısı elektron poçtunu yoxlamalı olur, hər kəsin səhvini düzəldirsə, orta səviyyəli işçilər “ulduz işçi” olmağı çox əziyyətli bir iş kimi qəbul edəcəklər. “Leadership IQ” şirkətinin 2021-ci ildə keçirdiyi başqa bir sorğuda iştirak edən liderlərin 71%-i düşünür ki, yüksək performanslı işçilərin “tükənmişlik sindromu” ilə əlaqədar şirkəti tərk edəcəkləri gözlənilir.
 
Əksər təşkilatlarda potensial “ulduz işçi”lərin sayı çoxdur. Onların “ulduz işçi” səviyyəsinə çatmamasının səbəbləri çox ola bilər və bu səbəbləri müəyyənləşdirmək üçün ətraflı söhbətlər aparılmalı, onların performasını yüksəltmək üçün isə liderlərə bu sahədə təlimlər keçilməlidir.
 
Hazırladı: Madam Helpful

Əlaqəli yazılar