Bol məhsullu bağlar davamlı hazırlıq, diqqət və öyrənmənin məhsuludur. İş dünyasında da belədir. Odur ki, karyeranı və liderliyi inkişaf etdirmək üçün onlara bir bağ kimi yanaşmaq lazımdır.

“Peşəkar bağ”ın çiçəklənməsini təmin etmək üçün 5 addım aşağıdakılardır:

1️⃣ Torpağı hazırlamaq
Bağbanlar bitkiləri əlverişsiz yerdə deyil, münbit torpaqda yetişdirirlər. Eyni şəkildə, durğun iş mühitində öz karyeramızı və ya rəhbərlik etdiyimiz şəxslərin karyerasını inkişaf etdirmək mümkün deyil. Liderlər təhlükəsiz iş şəraiti və öyrənmə mühiti yaratmalıdırlar.

2️⃣ Toxumları məqsədli şəkildə səpmək
Bağbanlar yaxşı məhsul götürmək ümidi ilə toxumları təsadüfi şəkildə səpələmirlər.
Karyeranın inkişafında məqsədləri aydınlaşdırmaq onlara nail olmaq üçün açar rolunu oynayır. Məqsədləri ifadə etdikdə diqqəti onlara yönəltmək daha asan olur.
Eyni yanaşma komandanın böyüməsinə kömək etmək üçün də keçərlidir. Hər bir üzvdən nəyə nail olmaq istədiyini soruşduqda onların məqsədlərini daha yaxşı anlamaq və həmin məqsədlərə nail olmaq üçün  plan qurmaq mümkündür.

3️⃣ Toxumları əkdikdən sonra onların böyüməsinə şərait yaratmaq
Mikromenecment bitkilərdə işləmir. Onların başı üzərində fırlandıqda gün işığının qarşısı alınır, çox sulandıqda çürüyürlər.
İnsanlar da təxminən eyni şəkildə reaksiya verirlər. Liderlər hər bir işin xırdalıqlarına getməkdən çəkinməlidirlər. Liderin qəbul edəcəyi qərarlardan fərqli olsalar belə, əməkdaşlara öz qərarlarını vermək səlahiyyəti verilməlidir. Bir addım geri çəkilən, lakin dəstək və resursları əsirgəməyən liderlər etimad mesajı göndərir və başqalarının inkişaf etməsinə şərait yaradırlar.

4️⃣ Alaq otlarını təmizləmək
Komandanı idarə edərkən bir “toksik” işçi ən məhsuldar komandanın ruhunu tez bir zamanda məhv edə bilər. Bəzən isə qarşılaşdığımız “alaq otları” insanlar deyil, qiymətli resursları tükəndirən və diqqətimizi vacib şeylərə yönəltməyə mane olan köhnəlmiş proseslər, xidmətlər və ya fəaliyyətlərdir. Məqsədlərimizi dəstəkləməyənlərə “yox” dedikdə dəstəkləyənlərə yer açırıq. “Peşəkar bağ”ımızın vəziyyətini qiymətləndirmək və alaq otlarını vaxtında dartıb çıxarmaq lazımdır.

5️⃣ Əvvəlki məhsullardan öyrənmək
Planlar yaxşı qurulsa belə, bitkilər gözlənilməz təsirlərə məruz qala bilər. Bu baş verdikdə ən müdrik bağbanlar təslim olmurlar. Əksinə, onlar bu biliklərdən gələcəyə daha yaxşı hazırlaşmaq üçün istifadə edirlər.
Hər bir lider səhv edir, lakin uğursuzluqlarını öyrənmə imkanları kimi görənlər uğur qazanırlar. Beləliklə, növbəti dəfə bir şey planlaşdırıldığı kimi getmədikdə harada səhv etdiyinizi, nə öyrəndiyinizi və gələcəkdə nəyi fərqli edə biləcəyinizi nəzərdən keçirin.

Hazırladı: Madam Helpful

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir