Harvard Biznes Məktəbinin professoru Maykl Porterin “5 qüvvə” modeli gəlirli sahələri müəyyənləşdirmək məqsədilə irəli sürülmüşdü. Bu modelin tətbiqi sənaye sahələrindəki dinamik qüvvələr haqqında incə məqamları üzə çıxarır. Bu analiz rəqabət mühitindəki fürsət və təhdidləri müəyyənləşdirməyə, mümkün dəyişiklikləri üzə çıxarmağa və strategiyanı planlaşdırmağa imkan verir.

Model hər bir sahədə fəaliyyət göstərən kommersiya və qeyri-kommersiya təşkilatlarının oxşar rəqabət çağırışları ilə qarşılaşması fikrinə əsaslanır. Bu çağırışlar aşağıdakılardır:

1)   Əvəz olunma təhlükəsi

Rəqiblər oxşar məhsul və ya müştərinin ehtiyacını ödəyən başqa bir məhsul təklif edə bilər. Əgər təhlükə böyükdürsə, müəssisə qiymətləri dəyişməklə rəqabət aparmalı olacaq. Bu halda insan resursları strategiyası xərclərin səmərəliliyini diqqətdə saxlamalıdır.

2)   Bazara yeni rəqiblərin daxil olma təhlükəsi

Bazara yeni rəqibin daxil olmasının asanlığı və ya çətinliyi bir neçə amildən asılıdır. Nə qədər investisiya tələb olunur? Yeni müəssisənin bazar payına təhlükə yaratması üçün nə qədər vaxt lazımdır? Əgər təhlükə böyükdürsə, rəhbərlik və işçi qüvvə cəld hərəkət etməlidir. Təşkilati struktur rəqabətə cavab vermək üçün tələb olunan sürətli dəyişikliyi ləngitməməlidir. İnsan resursları üzrə peşəkarlar sürətli qərar qəbulunu dəstəkləmək məqsədilə təşkilati strukturu təhlil etməlidirlər.

3)   Təczihatçıların bazar gücü

Bazarda təchizatçıların çox və ya az olması müəssisələrin onlarlardan asılılıq dərəcəsini müəyyənləşdirir. Əgər təchizatçıların bazar gücü yüksəkdirsə, onda müəssisədə danışıqların aparılması, risklərin idarə edilməsi bacarıqları tələb kimi vəzifə təlimatlarına daxil edilməlidir. Bu isə insan resursları baxımından təlim və inkişaf strategiyasına öz təsirini göstərir.

4)   Müştərilərin bazar gücü

Müştərinin bazar gücünü müəyyənləşdirən bir neçə amil var. Müştərilər məhsulu brend olaraq, yoxsa ucuz qiymətə alınan əmtəə olaraq qəbul edir? İri müştərilər təşkilati qərarlara nə dərəcədə təsir edə bilir? Müştərinin satıcı müəssisəni almaq ehtimalı varmı?

Müştərinin təsir gücü böyük olduqda marketinqə, müştəri ehtiyaclarının analizinə və qiymətlərə diqqət yönəltmək lazımdır.Bu zaman təşkilatın strateji hədəfləri ilə uzlaşan davranışı stimullaşdırmaq məqsədilə marketinq və satış komandasının motivasiyası üzərində işləmək məqsədə uyğundur.

5)   Mövcud rəqiblər arasında rəqabət

Yuxarıda qeyd olunan dörd amilin hər birinin rəqabətin artmasına təsiri var. Məsələn, təchizatçıların və müştərilərin az olması, bazara asanlıqla daxil olmaq və əvəz olunmaq təhlükəsi rəqiblər arasında qiymətlərin aşağı salınması və müştərilərin əldən verilməməsi uğrunda mübarizəyə gətirib çıxarır.

Genişlənən sənaye sahələrində kiçilən sahələrə nisbətən rəqabət zəif olur. Rəqabətin güclü olduğu sahələrdə təşkilatlar özlərini diqqətlə nəzərdən keçirməli və rəqabət vəziyyətlərini düzgün qiymətləndirməlidirlər. Rəqabət vəziyyətləri zəif, müdafiə qabiliyyətli, əlverişli, güclü və dominant olaraq təsnif edilir. Rəqabət vəziyyətindən və mövcud resurslardan asılı olaraq təşkilatlar mövcud vəziyyəti inkişaf etdirmək məqsədilə dəyişiklik təşəbbüsü ilə çıxış edirlər. Məsələn, onlar müştəri xidmətini inkişaf etdirə, keyfiyyətyönümlü, sürətli innovasiyanı dəstəkləyən və ya müştərilərlə sıx ünsiyyətə əsaslanan xidmət mədəniyyətini tətbiq edə bilərlər. İnsan resursları peşəkarları isə bu təşəbbüslərin tətbiqində mühüm rol oynayırlar.

Hazırladı: Madam Helpful

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir