Əlaqəli yazılar

Prezenteizm

Prezenteizm işdə olan işçinin məhsuldarlığının xəstəlik, zehni və ya emosional vəziyyətindəki problem səbəbindən zəifləməsi halıdır. İşçi fiziki olaraq işdə olsa da, vəzifələrini tam olaraq icra etmir və səhvlərə yol verir. Problem yaşayan işçi əlindən gələnin ən yaxşısını etməyə çalışsa da, fiziki və ya zehni cəhətdən bu nail ola bilmir. Absenteizm (işdən yayınma) də məhsuldarlığı aşağı salır. Lakin absenteizmdən fərqli olaraq prezenteizmi müşahidə etmək və onun məhsuldarlığa nə qədər zərər vurduğunu müəyyənləşdirmək daha çətindir. Çünki absenteizm zamanı işçi işdə olmur və buraxılan iş günlərinə əsasən absenteizm əmsalı hesablanır, prezenteizm üçün isə bu, keçərli deyil.

Prezenteizm absenteizmdən daha ciddi problemdir. Belə ki problemləri olmasına baxmayaraq işə gələn işçilərin sayı işdən qalan işçilərin sayından daha çoxdur.

Prezenteizm işəgötürənə bir neçə cəhətdən zərər vurur:

1) İşçinin məhsuldarlığı zəifləyir.

2) İşçi ciddi səhvlər edərək böyük zərərə yol açır.

3) İşçi istirahət etmədiyi və ya problemini həll etmədiyi üçün xəstəliyi/ problemi daha çox uzanır. Bu da daha uzun müddət məhsuldarlığa mənfi təsir göstərir.

4) Xəstəlik keçicidirsə, işçi digər işçiləri də yoluxdura bilər. Bu isə iş yerində prezenteizm və absenteizmi artırır.

Prezenteizmin müxtəlif səbəbləri olsa da, əsas səbəblərdən biri təşkilati mədəniyyətdir. Bir çox işçilər işini və ya karyera yüksəlişi imkanını itirməkdənsə bütün hallarda işləməyə üstünlük verir. Xüsusilə valideynlər özləri xəstə olduqda belə işə gəlirlər ki, əvəzinə, övladları xəstələnəndə işdən qala bilsinlər. Bəzi işçilər isə başqa işçinin onu əvəz edəcəyi təqdirdə işin keyfiyyətsiz və gec icra ediləcəyindən, həmkarları ilə münasibətlərinin korlanacağından ehtiyat edirlər.

Təşkilatın inkişafı işçilərin məhsuldarlığından asılı olduğu üçün işəgötürənlər prezenteizmlə mübarizə aparmağa çalışırlar. Yenə də təşkilati mədəniyyət önə çıxır. İşçilərin üzürlü səbəbdən işdən qalması normal qarşılanmalıdır. Bundan əlavə, işçilər maarifləndirilməli, onların fiziki və zehni sağlamlığını təmin etmək üçün proqramlar irəli sürülməli, idmanla məşğul olmaq, sağlam həyat tərzi təşviq edilməlidir. Məsələn, müştəri xidmətlərində çalışanların əksəriyyəti qadındırsa, işəgötürən daha diqqətli olmalıdır. Çünki qadınlar depressiyadan daha çox əziyyət çəkirlər. Bu isə müştərilərlə münasibətlərə mənfi təsir göstərir. İşçilərə örnək olmaq üçün rəhbərlər özləri də prezenteizmdən çəkinməlidirlər. Doğrudur, bu halda işdən qalma halları artır. Lakin həll yolları düzgün tətbiq olunarsa, prezenteizmin səbəb ola biləcəyi daha böyük həcmli itkilərin qarşısını almaq mümkündür.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar