Dünyanın ən böyük peşəkar xidmət şəbəkələrindən biri olan “PwC”nin (PricewaterhouseCoopers) liderlərindən biri Anne Donovanın şirkətin elastik iş rejimindən bəhs edən məqaləsi 2019-cu ildə “Harward Business Review”da yayımlanıb. Müəllif elastik iş rejiminə keçidin asan olmadığını, şirkətin hələ də bu sahədə öyrəndiyini qeyd etməklə yanaşı, öz təcrübələrinə əsasən, şirkətlərə 4 tövsiyə verir:
1. Qayda kitabını kənara qoyun. Davranışları dəyişdirmək üçün fərqliliklərə, yaradıcı yanaşmaya şərait yaratmaq lazımdır. Başqa sözlə, elastik təşkilati mədəniyyət yaratmaq üçün “elastik” olmaq lazımdır. Təlimat və ya formal proqram əleyhinizə işləyə bilər. Bu, bütün komandaların mütləq qəbul etməli olduğu bir şey deyil, hər kəs üçün individuallaşdırıla bilən həyat tərzidir. “PwC”də bunu “hər gün elastiklik” adlandırırlar. Yaşlı valideyni olan biri üçün “elastiklik” işdən tez çıxıb onu həkimə aparmaqdır. Valideyn isə axşamı uşaqları ilə keçirmək üçün qaçış saatını günortaya planlaşdırmaq istəyə bilər. Başqaları müxtəlif səbəblərlə 1 saat fasilə götürə bilərlər. Hamı üçün uyğun olan vahid yanaşma yoxdur. Buna görə də qaydalar elastiklik yanaşmasının qəbul edilməsini və inkişafını ləngidir. Beləliklə, əməkdaşlar işlərini vaxtında və mükəmməl şəkildə yerinə yetirmək şərtilə özlərinə uyğun seçim etməkdə sərbəstdirlər.
2. Hər kəs eyni dərəcədə elastikliyə layiqdir. Hər kəsin elastik iş rejiminə ehtiyacı var. Bu, yaşdan və ya övladının olub-olmamasından asılı deyil. Bir əməkdaşın elastik iş rejimi üçün gətirdiyi səbəb digər əməkdaşın səbəbi ilə eyni dərəcədə əhəmiyyətlidir. Əgər elastik iş rejiminə keçid edilirsə, bu bütün işçilərə şamil edilməlidir.
3. Elastiklik yanaşmasında etibar qazanılmır. Bir çox rəhbərlər düşünürlər ki, işçilər şirkətdə müəyyən müddət işləyib etibar qazandıqdan sonra elastik iş rejimi onlara şamil edilə bilər. Amma nəzərə almaq lazımdır ki, onlar işə qəbul edildiyi vaxtdan etibar qazanmış olurlar. Əgər onlara şirkətdə işləmək imkanı verəcək qədər etibar edilirsə, işlərini istənilən vaxtda və yerdə yerinə yetirmək üçün də etibar edilməlidir.
4. Elastiklik qarşılıqlıdır. Elastiklik az işləmək deyil, insanları fərqli şəkildə işləməyə təşviq etməkdir. Biz insanlara ehtiyacları olduqda elastik iş rejimindən yararlanmaq imkanı veririk, bəzən də biznes tələblərinə uyğun olaraq daha çox dəyər qatmalarını istəyirik. Düzgün tətbiq ediləcəyi halda, elastiklik yanaşması daha xoşbəxt, daha sağlam və daha məhsuldar işçi qüvvəsi deməkdir. Bu ən yaxşı işçiləri cəlb etməyə və təşkilatda qalmağa yardım edir.
Hazırladı: Madam Helpful