Əlaqəli yazılar

Qudhart qanunu

İngilis iqtisadçısı Çarlz Qudhartın şərəfinə adlandırılan Qudhart qanununun mahiyyəti bir cümlədə ifadə olunur: “Ölçü hədəfə çevrildikdə o, yaxşı ölçü olmaqdan çıxır”. Başqa sözlə, bir spesifik məqsəd müəyyənləşdirildikdə, insanlar fəsadları nəzərə almadan həmin məqsədə çatmaq üçün çalışırlar. Nəticədə digər vacib amillərə laqeyd yanaşıldığı üçün problemlər meydana çıxır.

Nümunə 1️⃣. Gəliri artırmaq üçün rəhbərlik qərar qəbul edir ki, işçilər vaxtamuzd əməkhaqqı əvəzinə, gündəlik telefon zənglərinin sayına görə əməkhaqqı alacaqlar. Bir həftə sonra gün ərzindəki telefon zənglərinin sayı 2 dəfə artır. Lakin bir müddət sonra məlum olur ki, əməkdaşlar müştərilərə qısa cavablar verir və onların sağollaşmasını gözləmədən dəstəyi asırlar. Performansı yalnız zənglərin sayı ilə qiymətləndirən rəhbərlik istəmədən əməkdaşların müştəri məmnunluğundan daha çox sürətə əhəmiyyət verməsinə səbəb olmuşdur.

Nümunə 2️⃣. Mismar istehsal edən işçilərin performansı mismarların sayı ilə ölçüldükdə işçilər minlərlə xırda mismar istehsal edirlər. Performansın ölçülməsi çəkiyə əsaslandıqda isə işçilər yalnız bir neçə ədəd nəhəng mismar istehsal edirlər. Hər iki halda istehsal olunan mismarların ölçüsü istifadəyə yararsız olur.

Bu nümunələrdə müvəffəqiyyətin ölçülməsində yalnız bir meyardan istifadə olunduğu üçün işçilər digər heç bir meyarı nəzərə almadan yalnız qarşıya qoyulan hədəfə çatırlar, çünki onlar ölçüləcək standartı maksimallaşdırmağa çalışırlar.

Problemin həll yolu ölçü meyarlarını düzgün müəyyənləşdirməkdir. Fəaliyyəti qiymətləndirmək üçün bir yox, bir neçə meyardan birlikdə istifadə olunmalıdır.

Əlaqəli yazılar