Əlaqəli yazılar

Sərt və yumşaq HR

İnsan resurslarının idarə edilməsinə sərt və yumşaq yanaşmalar mövcuddur.

İnsan resurslarının idarə edilməsinə sərt yanaşma idarəetmədə ənənəvi baxışa əsaslanır. Şirkətin işçi qüvvəsinə olan ehtiyacı müəyyənləşdirilir və idarəetmə şirkətin ehtiyacları üzərində qurulur. Sərt yanaşmanın əsas xüsusiyyətləri aşağıdakılardır:

İşçi sayında mütəmadi dəyişiklik;

• Şəffaflığın olmaması;

• Aşağı əməkhaqqı;

• İşçilərin səlahiyyətlərinin az olması və ya olmaması;

• Yaxşı və pis performansa əsaslanan qiymətləndirmə sistemi;

• Daha avtokratik liderlik tərzi.

İnsan resurslarının idarə edilməsinə yumşaq yanaşma idarəetmədə mütərəqqi baxışa əsaslanır. Bu yanaşmada işçilər şirkətin əsas resursu hesab olunur və onlara fərdi yanaşılır. Belə ki işçilərin ehtiyacları, onların motivasiyası diqqət mərkəzində olur. Yumşaq yanaşmanın əsas xüsusiyyətləri aşağıdakılardır:

• Şirkət və işçi qüvvəsi üçün uzunmüddətli planlaşdırma;

• Yüksək səviyyədə ünsiyyətə əsaslanan açıq və şəffaf idarəetmə;

• Rəqabətqabiliyyətli əməkhaqqı;

• İşçilərə səlahiyyət verilməsi;

• Təlim imkanları və peşəkar inkişafa əsaslanan qiymətləndirmə sistemi;

• Daha demokratik liderlik tərzi.

Müasir biznes mühitində, xüsusilə özlərinə dəyər verilməsini tələb edən işçilər arasında insan resurslarının idarə ediməsinə yumşaq yanaşma daha populyardır.

Reallıq ondan ibarətdir ki, hazırda iş imkanları daha çoxdur və işçilərin işləyəcəkləri yeri seçmək imkanları var. İstedadlı şəxsləri şirkətdə saxlamaq üçün onlara rəqabətqabiliyyətli təkliflər etmək lazımdır. İşçilər iş yerində özlərini nə qədər xoşbəxt hiss etsələr, o qədər uzun müddət şirkətə sadiq qalacaqlar.

Bəs sərt və yumşaq yanaşmaların üstünlükləri və çatışmazlıqları nələrdir?

Sərt yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, işəgötürən biznesə maksimum nəzarət edə bilir. İşəgötürən xərci daha az olan siyasət tətbiq edə, daha sürətli qərarlar verə bilir. Bu yanaşmanın çatışmazlığı isə işçilərin narazı olmasıdır. Bu isə öz növbəsində, kadr axınının yüksək olması və işə qəbul xərclərinin artması ilə nəticələnir.

Yumşaq yanaşmanın üstünlüyü isə işçilərin motivasiyasının yüksək olmasıdır. Bu da öz növbəsində məhsuldarlığa müsbət təsir edir. Digər tərəfdən, kadr axını səviyyəsi aşağı olduğu üçün işə qəbul xərcləri də az olur. İşəgötürən brendi formalaşır, bu isə korporativ mədəniyyətə uyğun şəxsləri şirkətə cəlb edir. Lakin bu yanaşmanın da çatışmazlığı var. İdarəetmədə demokratik yanaşma üstünlük təşkil etdiyi üçün qərarvermə prosesi ləngiyir.

Hansı yanaşmanın seçilməsi şirkətin məqsədlərindən asılıdır. Hər iki yanaşmanın müəyyən aspektlərini birləşdirərək tətbiq etmək də mümkündür.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar