Əlaqəli yazılar

Sağ qalma sindromu

COVID-19 pandemiyası bütün dünyada bir çox müəssisələrdə ixtisarlara yol açdı. Aydındır ki, ixtisarlar işini itirənlər üçün ciddi problemlər yaradır, lakin ümumi düşüncəyə görə, işdə qalanlar ixtisar onlardan yan keçdiyi üçün özlərini xoşbəxt hiss edirlər. Rəhbərlər düşünürlər ki, ixtisara düşməyən işçilər əvvəlkindən daha çox çalışaraq onların xeyrinə verilən qərarın düzgün olduğunu təsdiqləməlidirlər. Bu fikirlər məntiqli olsa da, tədqiqatların nəticələri tamamilə fərqlidir.

Kolumbiya Biznes Məktəbində Coel Brokner tərəfindən ixtisarların yan keçdiyi işçilərin reaksiyalarını öyrənmək məqsədilə başladılan tədqiqat təxminən 40 il davam etmişdir. Təəccüblü olsa da, işçilərin bir hissəsi ixtisara düşdükdə qalan işçilərdə mənfi reaksiyalar ortaya çıxır. “Sağ qalma sindromu” (“survivor syndrome”) adlandırılan bu anlayış ixtisardan sonra işdə qalan işçilərin hisslərini, düşüncələrini və yanaşmalarını ifadə edir. Sağ qalma sindromu ilə əlaqədar tipik reaksiyalar qəzəb, depressiya, qorxu, etibarsızlıq və günahkarlıq hissləridir. Dostları işlərini itirdiyi halda, işdə qalan işçilər özlərini günahkar hiss edirlər. Bundan əlavə, onlar artıq iş yerlərinin etibarlı olmaması ilə əlaqədar stress keçirirlər. Bu psixoloji təzyiqlər işçinin məhsuldarlıq və yaradıcılığını zəiflədir, işdən yayınma hallarını və işçinin işdən çıxma riskini artırır. Yeni iş imkanları mövcud olmadıqda isə işçilər işə maraqlarının azaldığını gizlətməyə çalışırlar. Digər tərəfdən, rəhbərlər ixtisara düşməyən işçilərin şanslı olduğunu düşündükləri üçün onların psixoloji vəziyyətini nəzərdən qaçırırlar.

Kanadada səhiyyə sektorunda ixtisara düşməyən işçilər ilə ixtisara düşdükdən sonra yeni iş tapanları müqayisə etdikdə aydın olmuşdur ki, birinci qrupa aid olanlar sonunculardan daha çox stress keçirmiş, iş məmnuniyyətləri, fiziki sağlamlıqları, həyat keyfiyyətləri daha zəif olmuş və işburaxma hallarına daha çox yol vermişlər. Bunun bir neçə səbəbi var:

  • İşdə qalanlar ixtisardan sonra da eyni qeyri-müəyyənlik və stressi yaşayırlar, çünki ixtisara düşənlərə mövcud vəziyyətləri ilə əlaqədar müəyyən dəstək göstərilsə də, işdə qalanlar unudulurlar.
  • İxtisardan sonra iş əvvəlki kimi olmur. Sosial münasibətlər zərər çəkir, işdə hər kəsin rolu və iş qaydaları dəyişir.
  • Rəhbərliyə etibar azalır. Qalan işçilərdə “ixtisardan başqa çıxış yolu yox idimi?” sualı yaranır.

Sağ qalma sindromunun qarşısını almaq və ondan əziyyət çəkən işçiləri normal vəziyyətə geri qaytarmaq üçün rəhbərlər və insan resursları üzrə mütəxəssislər 3 məsələyə diqqət yönəltməlidirlər:

  • Müəssisəyə və rəhbərliyə qarşı etibar hissi yaratmaq

Etibar hissi effektiv müəssisə və komandaların əsas səciyyəvi cəhətlərindəndir. O, işçiləri daha yaxşı və daha yaradıcı şəkildə işləməyə sövq edir. İxtisar prosesində isə etibar daha əhəmiyyətlidir. Bunun üçün ilk növbədə, müəssisədəki dəyişikliklər və onların səbəbləri işçilərə izah olunmalıdır. Digər tərəfdən, qarşıya çıxan problemin həlli prosesinə işçilər də cəlb olunmalıdır ki, onlar ixtisarın yeganə yol olduğunu anlasınlar.

  • İxtisar prosesini ədalətli şəkildə həyata keçirmək

Bu halda işdə qalan işçilər özlərini daha az günahkar hiss edirlər. Digər tərəfdən, gələcəkdə yenidən ixtisarlar olarsa, prosesin ədalətli olacağına inam yaranır.

  • İşdə qalan işçilərə dəstək göstərmək

İşdə qalan işçilərə dəstək məqsədilə ixtisar prosesindən sonra yaranmış yeni vəziyyəti işçilərlə müzakirə etmək imkanı yaratmaq və əmək funksiyaları genişlənmiş işçiləri təlimlərə cəlb etmək olar.

Müəllif: Madam Helpful

Əlaqəli yazılar