Cem Yılmaz boş yerə deməyib: “Stajor kölənin fransızcasıdır”.
– Çaliş, çalış, çalış
+ Pağa?
– Pağa yoğğk
Bir çox yerlərdə stajor kimi dəvət olunanları əmək müqaviləsi bağlamadan, heç bir ödəniş etmədən işlədirlər.
Əmək məcəlləsi əməyin istismarının qarşısını almaq üçün “sınaq müddəti” anlayışını nəzərdə tutub. Sınaq müddətində işəgötürən şəxslər işçinin hüququnu pozmadan onu əmək müqaviləsi ilə işə götürüb, fəaliyyətini yoxlayır və ona aylıq əməkhaqqı verir.
Sınaq müddəti maksimum 3 aydır. İşçi sınaq müddətində özünü doğrultmasa, işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər, yəni işəgötürən həmin əmrdə hansı əsaslara görə sizi işdən çıxardığını bildirməlidir.
Sınaq müddəti bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və işinə davam edir.
Bəzi hallar var ki, işçiyə bu hallarda sınaq müddəti tətbiq edilə bilməz:
1) 15-18 yaş arası şəxslər;
2) Müsabiqə yolu ilə vəzifəni tutanlar;
3) Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlar, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
4) Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər;
5) Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər;
6) 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər.
Əziz işəgötürənlər, işçiləriniz sizin “sərvətinizdir”. Onlara və hüquqlarına hörmətlə yanaşın ki, sərvətiniz sizdən qaçmasın.
Hazırladı: Aytən Cavadova