Əlaqəli yazılar

Şirkətinizin dilində danışın

Çalışdığınız şirkətə uyğunlaşmaq korporativ mədəniyyəti öyrənməyi və onun bir parçası olan korporativ dildə danışmağı tələb edir.

Korporativ dil nədir və onu müəyyənləşdirmək üçün hansı alətlər var? Şirkətinizin korporativ dilini özünəməxsus edən nədir?

Korporativ dil şirkətin kimliyinin formalaşmasında mühüm rol oynayır, şirkətin daxildə və xaricdə ünsiyyət qurmaq üçün istifadə etdiyi verbal və vizual alətlərdir. O, daxili yazışmalardan veb məzmuna, daxili hesabatlara, press-relizlərə, reklam şüarlarına qədər korporativ ünsiyyətə bütövlükdə təsir göstərir.

Bir neçə hədəf bazara malik olan beynəlxalq şirkətlərdə adətən ünsiyyət bir neçə dildə qurulur.

Korporativ dil şirkətin kimliyinin mühüm tərkib hissəsidir. O, müştərilərdə, biznes tərəfdaşlarında, səhmdarlarda, perspektiv əməkdaşlarda şirkət haqqında təəssürət formalaşdırır.

İnandırıcı və effektiv ünsiyyət korporativ dildən ardıcıllıq, aydınlıq və fərdilik tələb edir.

Eynilik. Əgər şirkətdə mühəndislər və texniki redaktorlar eyni anlayışları müxtəlif cür ifadə edirlərsə, çaşqınlıq qaçılmazdır. Əlavə aydınlaşdırma tələb olunduğu üçün bu hal qeyri-səmərəlilik və əlavə xərclərin meydana çıxması ilə nəticələnir.

Aydınlıq. Veb-saytın məzmununda texniki terminlərin çoxluq təşkil etməsi izləyicilərin veb-saytı qısa müddət ərzində tərk etməsinə səbəb olur. Oxucuları nəzərə alaraq sadə və aydın dildən istifadə isə maraq doğurur və brendə etimadı artırır.

Fərdilik. Müştərilər ilə şəxsən əlaqə qurulması üçün şirkət hədəf kütləni aydın müəyyənləşdirməli və ona doğru şəkildə müraciət etməlidir. Müştərilərin qayğısına qalmaq və rəqiblərdən fərqlənmək üçün özünəməxsus linqvistik tərz formalaşdırılmalıdır.

Korporativ dilin müəyyənləşdirilməsi və idarə edilməsi üçün aşağıdakı alətlərə ehtiyac var: dil tərzi təlimatları və korporativ lüğət.

Dil tərzi təlimatları bütün dillərdə eyni ton və tərzi təmin edir. Bu təlimatlar aşağıdakı tipli suallara cavab verməlidir:

  • Bizim istifadə etdiyimiz alman dili İsveçrə, yoxsa Almaniya üçün nəzərdə tutulub?
  • Şirkət və brend adlarını necə yazırıq?
  • Valyutaları bütöv şəkildə, yoxsa abreviaturalarla yazırıq? və s.

Dil tərzi təlimatları həm də şirkətin hədəf kütləsini nəzərə almalıdır. Məsələn, şirkətin tərzi gənc hədəf qrupa uyğundurmu, yoxsa peşəkar kütləni cəlb etmək üçün ənənəvi dildən istifadə edilir?

Korporativ lüğət  şirkətin fəaliyyət göstərdiyi bütün dillərdə şirkətə və onun fəaliyyət sahəsinə uyğun terminləri müəyyənləşdirir. Korporativ terminologiya lüğəti dil tərzi təlimatları ilə sıx əlaqəlidir. Böyük şirkətlər gündəlik ünsiyyətdə minlərlə texniki termindən istifadə edirlər. Korporativ dilin əhəmiyyətini anlayan şirkətlərdə bu terminologiya müəssisə üzrə bütün istifadəçilər üçün əlçatan olan müvafiq alətlərlə idarə olunur.

Qlobal şirkətlər ünsiyyətdə 10 və ya daha çox dildən istifadə edirlər. Çoxdilli onlayn lüğət yazıçı, redaktor və tərcüməçilərə imkan verir ki, doğru terminləri qısa zamanda müəyyənləşdirib bütün dillərdə olan sənəd və tərcümələrdə eyniliklə istifadə etsinlər. Terminlərin mənası və düzgün istifadəsinə dair əlavə məlumatlar bu cür lüğətləri daha faydalı edir.

Bəzən satış, əməliyyat və marketinq departamentləri eyni məhsul və ya proses üçün müxtəlif adlardan istifadə edirlər. Bu isə şirkət üçün baha başa gələn yanlış anlaşılmalara yol açır. Peşəkar şəkildə tərtib edilmiş lüğətlər isə həm müştərilər ilə ünsiyyəti, həm də şirkətdaxili ünsiyyəti dəstəkləyir.

 “The Rules of Work” (“İşin qaydaları”) adlı beynəlxalq bestseller olan kitabında Richard Tempların karyerada irəliləmək üçün müəyyənləşdirdiyi qaydalardan biri də şirkətə məxsus korporativ dildə danışmaqdır. Müəllif yazır ki, korporativ dil bəzən sizi qışqırmağa məcbur etsə də, bu dildə danışmaq məcburiyyətindəsiniz. O, öz təcrübəsindən maraqlı bir nümunə gətirir: əvvəllər italiyan bir rəhbərlə işləyirdim. İngilis dilini yaxşı bilmədiyi üçün “client” və “customer” sözlərinin birləşməsindən ibarət “clienter” sözündən istifadə edirdi. O, rəhbər olduğu üçün bu gülünc termin kollektivin arasında ümumişlək olmuşdu və hamı müştərilər haqqında danışanda “clienter” sözündən istifadə edirdi. Mən orada işlədiyim müddətdə bu söz istifadədən çıxmadı və hər dəfə eşitdikdə ona nifrət etsəm belə,  mən də müştəriləri “clienter” adlandırırdım.

Beləliklə, korporativ dilin düzgün idarə olunması şirkətin kimliyinin formalaşmasında mühüm addımlardan biridir və yalnız daxili ünsiyyəti deyil, xarici ünsiyyəti də əhatə edərək şirkətin səmərəli fəaliyyəti üçün əhəmiyyət kəsb edir.

Müəllif: Madam Helpful

Əlaqəli yazılar