Əlaqəli yazılar

Şüşə uçurum

Əvvəlki məqalələrin birində qadınların liderlik və idarəetmə vəzifələrini əldə etməsinin qarşısını alan görünməz baryeri ifadə edən “şüşə tavan”dan bəhs etmişdik. “Şüşə uçurum” isə uğursuzluğa uğramaq ehtimalının yüksək olduğu böhran vəziyyətlərində qadınların yüksək vəzifələrə təyin olunmasını ifadə edir. Bu termin 100 şirkətdə araşdırma aparan Exeter Universitetinin tədqiqatçıları tərəfindən elmə gətirilib. Onlar uğursuzluğun qaçılmaz olduğu vəziyyəti uçurumun kənarında dayanmaqla eyniləşdirərək “şüşə uçurum” anlayışından istifadə ediblər.

📌 Böhran vəziyyətində qadınları irəli çəkən şirkətlər uğursuzluqda günahlandırılacaq şəxsi müəyyənləşdirirlər.

📌 Qadınları irəli çəkməklə şirkətlər hətta böhran vəziyyətində də nüfuzlarının zəifləməsinin qarşısını alırlar.

📌 Qadınlar şirkəti böhran vəziyyətindən çıxarmağa müvəffəq olarlarsa, doğru zamanda doğru şəxs vəzifəyə təyin olunduğu üçün şirkətin nüfuzu daha da artır.

📌 Qadınlar uğursuz olduqda şirkətlər rahatlıqla yenidən kişiləri həmin vəzifələrə bərpa edə bilirlər.

“Şüşə uçurum”un qarşısını almaq üçün qadınların bu mövzuda maariflənməsi təmin edilməlidir. Rəhbər vəzifələrə irəli çəkilən qadınlar əvvəlcədən şirkətin maliyyə vəziyyətini öyrənməlidirlər. Həmin vəzifənin başqa şəxslərə təklif olunub-olunmadığı, başqalarının həmin vəzifəyə təyin olunmaq təklifini qəbul etməmək səbəbi də öyrənilməlidir.

Əslində, liderlik potensialı ilə gender arasında əlaqə yoxdur. Qadınları rəhbər vəzifələrdən kənarda saxlamaqla şirkətlər istedadlı liderləri itirirlər. Bundan əlavə, “şüşə uçurum”un hələ də mövcud olması nəticəsində qadınlar öz potensiallarından tam olaraq istifadə edə bilmirlər.

Qeyd. “Şüşə uçurum” ifadəsi əksər hallarda qadınlara aid edilsə də, eyni zamanda iş yerlərində azlıqların rəhbər vəzifələrə irəli çəkilərkən üzləşdikləri problemləri də ifadə edir.

Əlaqəli yazılar