Metriklər yalnız analitika məqsədilə istifadə olunduqda faydalıdır. Analitikanın əsas məqsədi isə qərar qəbulu prosesini dəstəkləmək və təkmilləşdirməkdir. Bu prosesə töhfə verməyən metriklərin hesablanmasına vaxt və əmək sərf etməyə dəyməz.
İnsan resurslarının idarə edilməsi ilə bağlı bir çox metriklər var. İnsan Resurslarını İdarəetmə Cəmiyyəti (SHRM) tərəfindən təqdim olunan təlimlə əlaqədar metriklər aşağıdakılardır:
- Təlimdə iştirak səviyyəsi – şirkət tərəfindən ödənilən təlimlərdə iştirak edən işçilərin faizini ifadə edir.
Təlimdə iştirak səviyyəsi = (ən azı 1 təlimdə iştirak etmiş işçilərin sayı/ təlimdə iştirak hüququ olan işçilərin sayı) x 100
- Təlim xərci səviyyəsi –əməliyyat və insan kapitalı xərclərinə nisbətdə təlim xərclərinin payını ifadə edir. İnsan kapitalı xərclərinə əmək haqqı, işçilərə təklif edilən imtiyazlar, ştatdankənar işçilərin xərcləri, outsorsinq xərcləri daxildir.
Təlim xərci səviyyəsi = (təlim xərcləri/ əməliyyat xərcləri) x 100
Təlim xərci səviyyəsi = (təlim xərcləri/ insan kapitalı xərcləri) x 100
- Orta təlim xərci – bir işçinin təliminə qoyulan maddi investisiyanı ifadə edir. Burada bütün təlim xərcləri (təlim materialları, təlimçi, təlimlə əlaqədar səyahət xərcləri və s.) nəzərə alınır.
Orta təlim xərci = təlim xərcləri/ təlimdə iştirak edən işçilərin sayı
- Orta təlim müddəti – bir işçinin təliminə qoyulan zaman investisiyasını ifadə edir.
Orta təlim müddəti = təlim saatlarının cəmi/ təlimdə iştirak edən işçilərin sayı
- Tələb olunan təlimi tamamlama səviyyəsi – təlim tələbləri ilə uyğunlaşma səviyyəsini göstərir.
Tələb olunan təlimi tamamlama səviyyəsi = (tələb olunan təlimi tamamlamış işçilərin sayı/ həmin təlimi tamamlamaq tələb olunan işçilərin sayı) x100
Müəllif: Madam Helpful