TOPSIS (Technique for Order of Preference by Similarity to Ideal Solution – ideal həllə oxşarlığa görə üstünlük sıralaması texnikası) çoxmeyarlı qərar qəbuletmə vasitəsidir. Bu metod ilk dəfə 1981-ci ildə Ching-Lai Hwang və Yoon tərəfindən irəli sürülmüşdür. TOPSIS metoduna əsasən, seçilmiş alternativ pozitiv ideal həllə ən yaxın məsafədə, neqativ ideal həllə isə ən uzaq məsafədə olmalıdır. Pozitiv ideal həll fayda meyarlarını maksimallaşdıran və xərc meyarlarını minimallaşdıran həll yoludur. Neqativ ideal həll isə xərc meyarlarını maksimallaşdırır və fayda meyarlarını minimallaşdırır.
Məsələn, ev almaqla bağlı qərar vermək lazımdır. Fərz edək ki, 2 ev alternativini qiymət və evin sahəsi olmaqla 2 meyar əsasında dəyərləndirib qərar verməliyik. Bu halda heç bir metoda müraciət etmədən sadə müqayisə yolu ilə ən uyğun (ən aşağı qiymətlə ən böyük sahə) alternativi seçmək mümkündür. Amma reallıqda alternativlərin və nəzərə alınmalı olan meyarların sayının 2-dən çox olduğu aydındır. Bu halda düzgün qərar vermək üçün sadə müqayisə üsulu faydalı olmur və elmi qərar vermə metodlarından istifadə etmək lazımdır. Qərar vermə prosesi müəssisələrdə daha mürəkkəb və maliyyə baxımından daha həyati əhəmiyyətli prosesdir. TOPSIS metodu mümkün alternativlərdən ən yaxşısını seçməyə imkan verir. TOPSIS metodu əsasında qərarvermə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
Məqsədlərin müəyyənləşdirilməsi. Haqqında qərar qəbul edilməli olan məsələ və qərarvermə prosesinin düzgün istiqamətləndirilməsi üçün məqsədlər düzgün müəyyənləşdirilməlidir. Məqsədlərin düzgün müəyənləşdirilməsi çox vacibdir, çünki sonrakı mərhələlərdə bu məqsədə xidmət edən alternativlər və meyarlar seçilir. Məqsədlər aydın, real, yerinə yetirilə və ölçülə bilən olmalıdır.
Meyarların müəyyənləşdirilməsi. Meyarlar məqsədlərə çatmaq üçün alternativlərin dəyərləndirilməsində istifadə olunan komponentlərdir. Meyarların bəzisi fayda, bəzisi isə xərc keyfiyyətində ola bilər. Yuxarıdakı nümunədə evin qiyməti xərc, sahəsi isə fayda meyarıdır. Ən aşağı qiymət və ən böyük sahə məqsədə çatmağa töhfə verir.
Meyarlar qərar vermə prosesində effektiv olması üçün aşağıdakı tələblərə cavab verməlidirlər:
Əhatəlilik. Meyar dəyərləndirilən hər bir alternativi təmsil edəcək səviyyədə əhatəli olmalıdır. Bizim nümunəmizdə qiymətin meyar olaraq qəbul edilməsi üçün bütün ev alternativlərinin qiyməti məlum olmalıdır. Əks halda, qiymət meyarı əhatəlilik tələbinə cavab verməyəcək.
Ölçüləbilənlik. Meyarların qərar qəbuluna təsirinin hesablanması üçün meyar ölçülə bilən olmalıdır. Meyarlar ədədi və qeyri-ədədi ola bilər. Ədədi meyarların ölçülməsi aydındır. Qeyri-ədədi meyarların ölçülməsi üçün isə müxtəlif ölçü vahidlərindən istifadə olunur. Məsələn, subyektiv dəyərləndirmələrə əsaslanan meyarların ölçülməsində verbal ölçü vahidlərindən istifadə olunur.
Yetərlilik. Alternativlərin düzgün dəyərləndirilməsi üçün meyarlar yetərli sayda olmalıdır. Haqqında qərar verilməli olan məsələlərdən asılı olaraq meyarların sayı dəyişə bilsə də, minimal və maksimal həddi aşmamalıdır.
Alternativlərin müəyyənləşdirilməsi. Bu mərhələdə qərar vermə prosesində dəyərləndiriləcək alternativlər müəyyənləşdirilir. Qərar vermə prosesinə daxil edilməyən bir alternativ prosesin sonunda qərar verən üçün xərclərə səbəb ola bilər. Məsələn, müəssisənin təchizatçı seçimində dəyərləndirmədiyi bir alternativ əslində meyarlar baxımından məqsədə ən uyğun alternativ ola bilər.
Alternativlərin meyarlara görə dəyərləndirilməsi. Bu mərhələ qərarvermə prosesinin analiz edildiyi mərhələdir. Meyarlara görə alternativlərin malik olduğu ballar əsasında riyazi hesablamalar aparılır.
Ümumi dəyərləndirmə və qərar vermə. Əldə edilən nəticələr əsasında ümumi dəyərləndirmə aparılır və yekun qərar verilir, yəni ən uyğun alternativ seçilir.
Qərarın yoxlanılması. Bu mərhələdə qərarvermə prosesinin düzgün aparılıb aparılmaması, qərarın effektivliyi yoxlanılır