Müasir insan resurslarının atası hesab edilən, Miçiqan Universitetinin professoru, insan resursları üzrə bir sıra kitabların müəllifi olan Devid Ulrixin irəli sürdüyü insan resursları modelində insan resursları departamentinin əsas komponentləri kimi 4 rol müəyyən edilmişdir:
1. İnsan resursları üzrə biznes tərəfdaş
Bu rol insan resurslarının idarə edilməsi üzrə təşəbbüs və fəaliyyətlərin biznes strategiyasına uyğunlaşdırılmasını tələb edir. İnsan resursları üzrə biznes tərəfdaşın vəzifəsi təşkilatın “daxili müştəriləri” ilə ünsiyyət qurmaqdır. Onların İnsan resursları departamentində müraciət edəcəyi ilk şəxs insan resursları üzrə biznes tərəfdaşdır. Bununla yanaşı, insan resursları üzrə biznes tərəfdaş “daxili müştərilər”ə fəaliyyətlərinin keyfiyyəti barədə rəy bildirir, təşkilat daxilində istedadları müəyyənləşdirir, vakansiyaların doldurulması prosesində iştirak edir, insan resursları üzrə hədəflərin bütün təşkilatda uğurla yerinə yetirilməsi üçün bu hədəfləri işçilərlə bölüşür, ümumiyyətlə, təşkilatda məhsuldarlıq və harmoniyanı təşviq edir.
2. Dəyişiklik agenti
Təşkilatın genişlənməsi, hədəf və məqsədlərinin dəyişilməsi haqqında məlumatı təşkilat daxilində dəyişiklik agenti olaraq fəaliyyət göstərən insan resursları üzrə mütəxəssis və ya struktur bölmə çatdırır. Dəyişiklik agenti dəyişən biznes hədəflərin və vəzifələrin tələb etdiyi yeni bacarıqların əldə edilməsi məqsədilə işçilər üçün təlimlər təşkil edir, vəzifə təlimatlarını yeniləyir. Beləliklə, dəyişiklik agenti təşkilatın yeni inkişaf mərhələsinə uyğunlaşmasına yardımçı olur.
3. İnzibati ekspert
Bu rol kadr kargüzarlığını ehtiva edir. İnzibati ekspert qanunvericilikdəki dəyişiklikləri izləyir, təşkilatın fəaliyyətinin həmin tələblərə uyğunluğunun təmin edilməsinə yardım edir, işçilərin şəxsi işlərinin formalaşdırılmasına və yenilənməsinə görə məsuliyyət daşıyır.
4. İşçi vəkili
Bütün dövrlərdə işçilərin maraqlarından xəbərdar olmaq və onların müdafiəsini təmin etmək insan resursları departamentinin vəzifəsi olub. Bu rol işçi məmnuniyyətini ölçmək və bu məlumatlardan istifadə edərək insanların işləmək istədiyi bir şirkət formalaşdırmaq vəzifəsini daşıyır. Bu şəxs işçi məmnuniyyətini ölçmək üçün sorğulardan istifadə edir, korporativ mədəniyyətdəki çatışmazlıqları aşkarlayır, rəhbərlərin bütün işçilərə qarşı ədalətli davranışını təmin edir. İşçi vəkili işçi məmnuniyyətini artırmaq üçün təşəbbüslərlə çıxış edir, təlimlərin və peşəkar inkişaf imkanlarının təmin edilməsində dəyişiklik agentinə kömək edir, mövcud işçilərin vəzifə yüksəlişi imkanları əldə etməsini təmin edir. Beləliklə, işçi vəkili, demək olar ki, hər şeyin optimal səviyyədə olmasını təmin edən analitikdir.
İnsan resurslarının idarə edilməsi funksiyasının uğurlu olması üçün bu dörd rolun hər biri vacibdir və hər birinə eyni dərəcədə diqqət yönəldilməlidir.
Hazırladı: Madam Helpful