Əlaqəli yazılar

Vestibül təlimi

Vestibül təlimi texniki heyətə, xüsusilə avadanlıq və dəzgahlarla işləyən əməkdaşlara keçirilən təlim metodlarından biridir. Bu təlim işüstü təlim növlərindən fərqli olaraq əsas iş yerində deyil, onun simulyasiya edilmiş modelində təşkil edilir. Bu zaman texniki heyət real iş mühitində istifadə edəcəyi avadanlıq və dəzgahlarla işləməyi öyrənir.

Vestibül təlimi əsasən yeni texnologiyaların tətbiqi zamanı istifadə olunur ki, işçilər real istehsal prosesinə zərər yetirmədən onlarla işləməyi öyrənsinlər.

Vestibül təliminin aşağıdakı üstünlükləri var:

• Eyni işi icra edən bir neçə əməkdaşa eyni vaxtda təlim keçmək mümkündür;

• İstehsal prosesinə heç bir təsir göstərmir;

• İstehsal prosesində səhv etmək qorxusu olmadığı üçün əməkdaşlar diqqətlərini yalnız təlimə yönəldirlər;

• Əməkdaşlar simulyasiya edilmiş iş mühitinə alışdıqları üçün real işə başlamazdan əvvəl həyəcan və narahatlıq kifayət qədər azalır;

• Bu təlim üçün xüsusi təlimçilər ayrılır. Beləliklə, ümumi istehsal prosesinə nəzarət etməli olan əməkdaşların iş yükü artmır.

• Təlim üçün xüsusi təlimçilər ayrıldığından hər bir təlim iştirakçısına kifayət qədər zaman ayırmaq olur.

Vestibül təliminin çatışmazlıqları daha çox maliyyə vəsaiti və zaman tələb etməsidir. Simulyasiya edilmiş iş mühiti tələb olunduğu üçün təlim xərci yüksək olur. Belə mühitin yaradılması həm də zaman tələb edir. Çünki təlim iştirakçılarının işləyəcəyi avadanlıq və dəzgahlar təlim keçirilən yerdə quraşdırılmalıdır. Bundan əlavə, təlimçi təcrübəli olmalıdır, daha təcrübəli təlimçi isə daha çox maliyyə vəsaiti tələb edir.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar