Yaponların iş mədəniyyətini ifadə edən “karoşi” termini var. Bu söz yapon dilindən tərcümədə “çox işləməkdən ölmək” mənasını verir. 1987-ci ildə Yaponiyanın Səhiyyə Nazirliyi “karoşi”nin ciddi sosial problem kimi mövcudluğunu təsdiqlədi. Bu gün isə “karoşi” fenomeni qlobal xarakter almaqdadır.
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının 2021-ci ildə təqdim etdiyi məlumata əsasən, dünyanın 200-ə yaxın ölkəsində 2016-cı ildə həftə ərzində azı 55 saat işləməyin nəticəsi olaraq 745 000 insan ürəyin işemik xəstəliyi və insultdan vəfat etmişdir.
Müasir dövrdə, xüsusilə COVID-19 pandemiyası ilə əlaqədar texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz iş saatlarından sonra da elektron poçtumuzu yoxlayır, bəzi məktubları və işlə əlaqədar zəngləri cavablandırmalı oluruq. Fiziki cəhətdən çox işləməsək belə, zehni cəhətdən yoruluruq. İstirahət saatlarında beynimiz dincəlmədən səhər yenidən iş gününə başlayırıq. Bu isə iş həyatımızla şəxsi həyatımız arasındakı sərhədi getdikcə aradan qaldıraraq iş-həyat balansımıza mənfi təsir göstərir, məhsuldarlığımızı zəiflədir.
Bir sıra dövlətlər və şirkətlər bu cür problemlərin qarşısını almaq və işçilərin rifah halını yaxşılaşdırmaq məqsədilə gündəlik iş saatlarını və ya həftəlik iş günlərini qısaldaraq pilot layihələr tətbiq edirlər.
2019-cu ilin avqust ayında “Microsoft”un Yaponiya nümayəndəliyi tərəfindən işçilərə hər həftənin cümə günü “xüsusi ödənişli məzuniyyət” verilməsi nəticəsində məhsuldarlıq 40% artmışdı.
Almaniya Avropada ən qısa iş həftəsi olan ölkələrdən biridir. Dünya İqtisadi Forumunun məlumatına əsasən, orta iş həftəsinin müddəti 32,4 saatdır. Amma yenə də iş həftəsinin qısadılması üçün çağırışlar edilir.
Bir neçə gün əvvəl Portuqaliyada COVID-19 pandemiyası ilə əlaqədar evdən iş rejimini tənzimləyən yeni qaydalar qəbul edilib. Yeni qaydalara əsasən, iş saatları xaricində işçilərlə əlaqə saxlayan işəgötürənlər cərimə olunacaqlar. Evdən işləyən zaman işçilərə nəzarət etmək işəgötürənlərə qadağan edilir. İşin evdən icra olunması üçün işəgötürən işçiləri lazımi ləvazimatlarla təmin etməlidir. Eyni zamanda, evdən işləməklə əlaqədar artan elektrik enerjisi və internet xərclərini ödəməkdə şirkətlər işçilərə yardım etməlidirlər. Bundan əlavə, 8 yaşınadək uşağı olan işçilər işəgötürənlə əvvəlcədən razılaşdırmadan evdən işləmək hüququna malikdirlər. Lakin yeni qaydalar 10-dan artıq işçisi olan işəgötürənlərə şamil edilir.
Hazırladı: Madam Helpful